Dünyaya səs salmış çağırış

Elnur Fərzəliyev: “Azərbaycan dünyada koronavirusla mübarizədə effektiv yollarını axtaran uğurlu modeldir”

Bu gün planetimiz və onun bir parçası olan Azərbaycan COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Hətta dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qalıb. Baş verən hadisələr bunu deməyə əsas verir. Lakin Azərbaycan Prezidenti ən çətin məqamda bütün sahələrdə olduğu kimi, ən qlobal problem olan COVID-19-la mübarizədə də nəinki milli səviyyədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib. Və bunun davamı olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının üzvləri bir araya gələrək mayın 4-də videokonfrans vasitəsilə ilk dəfə koronavirusla mübarizəyə həsr olunan “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Sirr deyil ki, COVİD-19 pandemiyasının yayılmağa başladığı vaxtdan bu günə kimi beynəlxalq müstəvidə bu formatda və miqyasda konfranslar, birgə müzakirələr keçirilməyib. Bu da əlbəttə ki, Azərbaycan Prezidentinin təşəbbüsünə verilən növbəti qlobal dəstək deməkdir. Çünki Prezident İlham Əliyevin kritik məqamlarda verdiyi çevik və qətiyyətli qərarlar Azərbaycanı dünyada fərqləndirir.

Dövlət başçımızın təşəbbüslərinin dəstəklənməsi dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir

Dövlət başçısının qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxışı da bundan xəbər verir. Qürurverici haldır ki, dövlətimizin başçısının bu təklifi yekdilliklə qəbul edilməsi və BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi bir daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam və etimadı artmaqdadır.

Ermənistan bir daha dünya dövlətləri arasında özünü rüsvay etdi

Bu gözlənilən idi. Çünki Azərbaycanın artan nüfuzu, sözünün eşidilməsi işğalçı ölkə olan Ermənistanı həmişə rahatsız edib, bu gün də edir. Çünki bütün dünya COVID-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi.

Eyni zamanda, onu da xatırlatmaq istərdim ki, iyunun 18-də Prezident İlham Əliyevin iştirak etdiyi Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində bir daha Ermənistan dövlətinin işğalçılıq siyasətini qlobal müstəvidə ifşa etmişdi. Dövlət başçısı Sammitdə danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır" deməklə Paşinyana növbəti dəfə tarix dərsi keçdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərdiyini və bu işin davam etdirildiyini bildirib.

Göründüyü kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənir. Zirvə görüşündə Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə görüşündə Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. Ancaq 130 ölkələr Azərbaycan dövlətinin qlobal həmrəyliyini dəstəklədi, çünki belə bir zamanda həmyərlik çağırışlarına böyük ehtiyac duyulur və Prezident İlham Əliyev məhz belə liderlərdəndir ki, çətin məqamlarda onun söylədiyi hər söz, hər kəlmə, irəli sürdüyü hər ideya bəşəriyyət tərəfindən qəbul olunur, sayğı ilə qarşılanır, dəstək qazanır. Bax, budur LİDERLİK, budur çətin anların Prezidenti olmaq, budur xalqın, bütünlüklə dünya dövlətlərin belə bir zamanda etimadını, inamını qazanmaq. Artıq BMT Baş Assambleyasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılmış 31-ci xüsusi sessiyası iyulun 10-da işə başlayıb.

İnanırıq ki, Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq. İnanırıq ki, sessiyanın pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcək.

ELNUR FƏRZƏLİYEV,

YAP Ağsu rayon təşkilatının Gənclər Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə