Koronavirusa qarşı hansı önləyici tədbirlər görmək olar? ARAŞDIRMA

Qonşu ölkələrdə koronavirusa yoluxma halı Azərbaycanda da bu istiqamətdə həyata keçirilən tədbirlərin gücləndirilməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin tapşırığına əsasən xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq əqsədilə həyata keçirilən tədbirlər diqqətdə saxlanılır, əhali görülən işlər haqqında məlumatlandırılır. Virusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib. Bəs görəsən gün ərzində insanların ən çox istifadə etdiyi nəqliyyat vasitələrində, məktəblərdə, bağçalarda və digərlərində virusu yarada biləcək hallara qarşı hansı işlər görülür?

Bakı şəhər İcra Hakimiyyəti hansı addımları atır?

Məsələ ilə bağlı ilk sualımızı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladıq. İcra hakimiyyətindən verilən məlumata görə, qurum tərəfindən insanların ən çox sıx toplaşdığı ərazilərdə müvafiq dezinfeksiya işləri həyata keçirilir: “Hər həftə məscidlərdə dezinfeksiya işləri həyata keçirilir. Səhiyyə Nazirliyinin xətti ilə parklarda da bu işlərin həyata keçirilməsi gözlənilir. Bununla yanaşı Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən tabelikdə olan bağçalara virus təhlükəsinin qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilib. Həmin müəssisələrdə güclü yoxlama işləri həyata keçirilir. Hər gün baxçaya gələn körpələr tibb işçiləri tərəfindən müayinə olunaraq müəssisəyə qəbul olunur. Bağçalarda, dezinfeksiya işləri, qida məsələləri, eləcə də balacaların açıq havada gəzintisi xüsusi nəzarətə götürülüb. Məktəbəqədər müəssisələrinin tibb heyətinə lazımi avadanlıqların əldə edilməsi tapşırılıb”.

Məktəblərdə görülən işlər

Azərbaycan Respublikasının Təhsil Nazirliyindən verilən məlumatda qeyd olunur ki, nazirlik tərəfindən respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqlar verilib: “Son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumi təhsil müəssisələrin sanitar epidemioloji vəziyyətə həssas yanaşma tələb edir. Bu baxımdan tabeliyinizdəki ümumi təhsil müəssisələrində tibbi-profilaktik şəraitə dair qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb. Qeyd olunan vəziyyət nəzərə alınaraq ümumi təhsil müəssisələrində tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsi, şagirdlər arasında respirator xəstəliklərin əlamətlərinin olub-olmamasına dair baxışın keçirilməsi, belə əlamətlər müşahidə olunduqda, bu şagirdlərin ambulator müalicəyə yönləndirilməsi, müəssisələrdə tibb otaqlarının (olduğu təqdirdə) zəruri tibbi ləvazimatlarla təchiz olunmasına nəzarətin artırılması, dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmasına nəzarətin artırılması, aidiyyəti qurumlar tərəfindən sanitar-epidemioloji işlərin aparılmasına şəraitin yaradılması, məktəblərdə təşkil olunan kütləvi tədbirlərin məhdudlaşdırılması ilə bağlı tapşırıqlar verilib. Artıq bu istiqamətdə işlərə başlanılıb”.

Metroda koronavirusa qarşı mübarizə

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov söyləyib ki, Çində törəyərək sürətlə yayılmaqda olan koronavirus ("2019-nCoV") infeksiyasına qarşı əks-epidemik tədbirlərə Bakının əsas ictimai sərnişindaşıma nəqliyyatı vasitələrindən olan metropolitendə də başlanılıb: “Bu məqsədlə, "Bakı Metropoliteni" QSC xüsusi lisenziya ilə fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış xidmətlə birlikdə sanitar-gigiyenik tədbirlərin keçirilmə qaydasını, istiqamətlərini, profilaktik vasitələrin təhlükəsiz tətbiqi imkanlarını araşdıraraq, dezinfeksiya tədbirlərinə başlayıb. Qatarlar, stansiyalar məhz koronavirusa qarşı hansı maddələrdən istifadə olunmalıdırsa, həmin qaydalara uyğun olaraq dezinfeksiya olunur. Bununla yanaşı stansiyalar gün ərzində bir neçə dəfə dezinfeksantlarla təmizlənir. Xüsusilə də sərnişinlərin daha çox təmasda olduğu eskalator sürahisi, giriş-çıxış qapıları və əllə toxunula biləcək digər səthlər hər gün bir neçə dəfə dezinfektantlarla təmizlənir. Qeyd edim ki, dezinfeksiya zamanı "ProGreen ProFix" dərman vasitəsindən istifadə olunur. Dərman maddəsi geniş spektrlidir, bütün növ mikroblar - bakteriyalar, viruslar, göbələklər, vərəm çöpləri, habelə qan, bəlğəm, nəcis üçün də təyinatlıdır. Həm işçilərimiz, həm də sərnişinlərimiz arasında bu istiqamətdə təbliğatımız davam edir, bu işlər bundan sonra da adavmlı şəkildə aparılacaq.

Koronavirusa qarşı gücləndirilmiş ehtiyat tədbirləri səlahiyyətli qurumların müvafiq göstəriş və təlimatlarına müvafiq olaraq davam etdiriləcək. O da xüsusi vurğulanmalıdır ki, yeraltı nəqliyyat vasitəsi olan Bakı metropolitenində sanitar-gigiyenik norma və qaydaların tələblərinin yerinə yetirilməsinə xüsusi diqqət yetirilir. Qatar, stansiya, şaxta və tunellərdə, eləcə də digər istismar və tikinti obyektlərində sanitar-gigiyenik normaların tələblərinə uyğun olaraq, planlı şəkildə dezinseksiya (həşəratlarla mübarizə), deratizasiya (gəmiricilərlə mübarizə) və profilaktik məqsədlə dezinfeksiya (mikroblarla mübarizə) tədbirləri müntəzəm surətdə həyata keçirilir. Görülən işlərə daim nəzarət olunur, qurğuların müntəzəm monitorinqi aparılır. Ehtiyac olarsa, epidemik vəziyyətin tələbinə uyğun sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır. Sərnişinlərdən əsas xahişimiz stansiya və qatarların zibillənməməsi, təmizliyə riayət olunması, qida, yeyinti və kulinariya məhsullarının, ən əsası, saqqız və digər bu kimi fəal və dayanıqlı mikrob daşıyıcılarının təmas olunan yerlərə atılmaması, yapışdırılmamasıdır. Çünki, onların hər biri fəal virus daşıyıcılarıdır. Əgər bunlara riayət olunsa, o zaman sərnişinlərimiz təhlükədən uzaq olarlar”.

Qatarlarda maarifləndirmə tablolarının asılmasına gəlincə, qurum sözçüsü bildirib ki, metropoliten tərəfindən sözügedən məsələ ilə bağlı müəyyən addımlar atılacaq: “Hər kəsə məlumdur ki, metroda sosial məsləhətlər, elanlar, məlumatlar müntəzəm olaraq yerləşdirilir. Lakin bizim quruma məhz koronavirusla bağlı hər hansı marrifləndirici məlumatların yerləşdirilməsi ilə bağlı əməkdaşlıq formasında müraciət olunarsa, bu məsələyə də baxıla bilər. Metorpoliten öz tərəfindən istər Ümumdünya Səhiyyə Təşkilatı, istərsə də digər məlumatlar əsasında öz təbliğatını aparır və bundan sonra da aparacaq”.

Avtobuslarda qabaqlayıcı tədbirlər

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib ki, BNA tərəfindən təkcə koronavirus deyil, ümumilikdə bütün kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə hələ havalar soyumağa başlayandan start verilib: “Noyabr oktyabr aylarından Bakı Nəqliyyat Agentliyi Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparır. İşlər hər həftənin şənbə günü gecə saatlarına olur. Burda da əsasə məqsəd sərnişinləri narahat etməməkdir. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilir. Avtobuslara gəlincə bildirim ki, Nazirlər Kabinetinin koronavirusla bağlı müvafiq qərarına əsasən gündəlik olaraq avtobuslar xətdən qayıtdıqdan sonra istehsalat bazasında təmizlənməlidir. Həmçinin, hər bir daşıyıcı mütləq şəkildə iki aydan bir avtobusların ümumi dezinfeksiyasını təşkil etməlidir. Əgər müvafiq səhiyyə qurumunun tövsiyəsi olarsa bu halda həm avtobuslarda həm də Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əlavə dezinfeksiya işləri görülə bilər”.

Unutmayaq ki, xəstəliklərin yayılmasının qarşısını almaq üçün ilk növbədə özümüzdən başlamalıyıq. Ətraf mühiti mühafizə etmək, təmizliyə, müvafiq tövsiyələrə riayət etməklə həm özümüzü, həm də ətrafdakıların sağlamlığını qorumuş olarıq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə