Media nümayəndələri Qubanın dini irsini ziyarət ediblər - FOTOLAR

Media nümayəndələri Qubanın dini irsini ziyarət ediblər - FOTOLAR

Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" adlı konfransın iştirakçıları tədbirdən sonra Quba və Qusar rayonlarında yerləşən dini ibadət məkanları və tarixi abidələrlə tanış olublar.

SİA xəbər verir ki, media nümayəndələri Quba şəhərində yerləşən Cümə və Səkinəxanım məscidlərini, Qırmızı Qəsəbədəki Altı Gümbəz sinaqoqunu, həmçinin Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər.

Quba Cümə məscidində qonaqları qarşılayan imam Seyran Fərəczadə və icma sədri İlqar Bayramov məscidin tarixi barədə məlumat veriblər. Bildirilib ki, ibadət ocağı 1802-ci ildə Qazi Nəsrulla əfəndi və oğlu Hacı İsmayılın təşəbbüsü və maddi dəstəyi ilə inşa olunub.

Seyran Fərəczadənin sözlərinə görə, məscidin layihə müəllifi tanınmış memar Ömər Əbu Bəkr oğlu Naxçıvani olub. O qeyd edib ki, 1933-cü ildə sovet dövründə məscidin minarəsi, mədrəsələri və digər tikililəri dağıdılıb. Müstəqillik illərində isə ərazi abadlaşdırılıb, kommunikasiya xətləri yenilənib, dəstəmazxana və yardımçı binalar tikilib, 41 metr hündürlüyündə yeni minarə ucaldılıb.

İlqar Bayramov əlavə edib ki, 2022–2023-cü illərdə məsciddə əsaslı təmir işləri aparılıb və dam örtüyü tamamilə yenilənib.

Daha sonra nümayəndələr Səkinəxanım məscidində olublar. Məscidin imamı Həmdulla Dəniyarlı bildirib ki, bu dini abidə 1854-cü ildə Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə onun həyat yoldaşı Səkinə xanımın təşəbbüsü və maliyyə dəstəyi ilə tikdirilib.

Onun sözlərinə görə, sovet hakimiyyəti dövründə məscid fəaliyyətini dayandırıb, ətrafındakı mədrəsə və yardımçı tikililər sökülüb. Müxtəlif illərdə bina anbar və tikiş sexi kimi istifadə olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə məscid yenidən dindarların istifadəsinə verilib, burada geniş bərpa və abadlıq işləri həyata keçirilib.

Səfər çərçivəsində Qırmızı Qəsəbədə yerləşən Altı Gümbəz sinaqoqu da ziyarət olunub. Dağ yəhudiləri dini icmasının sədri Pisax İsakov bildirib ki, sinaqoq 1888-ci ildə memar Gilel ben Xaim tərəfindən inşa edilib. O qeyd edib ki, tikilinin altı günbəzi Qələduz kəndi ətrafından Quba xanı Hüseynəli xanın icazəsi ilə altı gün ərzində bu əraziyə köçən sakinlərin xatirəsini simvolizə edir.

Pisax İsakovun sözlərinə görə, sinaqoqun bərpasına 1995-ci ildə başlanılıb və işlər 2000-ci ilin oktyabrında başa çatdırılıb. Hazırda ibadət məkanı dini icmanın istifadəsindədir və zirzəmisində dini mərasimlər üçün nəzərdə tutulmuş 60 nəfərlik zal və mətbəx fəaliyyət göstərir.

Media nümayəndələri Dağ Yəhudiləri Muzeyi ilə də tanış olublar. Muzeyin direktoru İqor Şaulov bildirib ki, ekspozisiyanın formalaşdırılması 11 il davam edib. Onun sözlərinə görə, sovet dövründə ölkədən aparılmış bir sıra qiymətli eksponatlar sonradan geri qaytarılıb. O, 1920-ci ildə toxunmuş xalçanın Münhendən tapılaraq muzeyə gətirilməsini buna nümunə göstərib.

Direktor qeyd edib ki, muzeydə Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini əks etdirən sənədlər, müxtəlif tədbirlərə dair materiallar, eləcə də dağ yəhudilərinin qədim dövrlərdən başlayaraq bu torpaqlara köç yolunu əks etdirən eksponatlar nümayiş olunur. Onun sözlərinə görə, dağ yəhudiləri Azərbaycanda təxminən II əsrdən etibarən yaşayırlar.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə