Leysan xarakterli yağışlardan sonra hansı ərazilərdə evlər ucuzlaşacaq? - EKSPERT AÇIQLADI

Paytaxtda son günlər baş verən su basmaları əmlak bazarı ilə bağlı yeni narahatlıqlar yaradıb. Onsuz da son dövrlər kəskin şəkildə artan və əlçatmaz həddə çatan mənzil qiymətləri indi başqa bir sual doğurur: bu hadisələr qiymətləri aşağı salacaqmı? Xüsusilə, tez-tez su altında qalan ərazilərdə insanlar artıq daha ehtiyatlı davranmağa başlayıb. Su basmaları qiymətlərə necə təsir edə bilər? Hansı ərazilərdə evlərin ucuzlaşacağını gözləməliyik?

Məsələ ilə bağlı əmlak eksperti Anar Nəsirov SİA-ya açıqlamasında bildirib ki, 2025-ci ilin dekabrından başlayan mənzil bazarındakı durğunluq yenə də hökm sürür:

"Deməli, bazarda hazırda alıcı qıtlığı yaşanır. Bu da öz növbəsində satıcılar arasında rəqabəti artırır və əsasən də həyət evlərinin qiymətlərində enmə müşahidə olunur. Digər tərəfdən köhnə binaların, yəni 5 mərtəbəli və 3 mərtəbəli binaların da qiymətlərində enmə müşahidə edilir. Subasma məsələsinə gəldikdə isə onsuz da az olan maraq bu hadisələrdən sonra həyət evlərinə qarşı daha da azaldı. Düşünürəm ki, bu yeni baş vermiş hadisə olsa da, qarşıdakı günlərdə və aylarda daha geniş miqyas ala bilər və insanların həyət evlərinə marağı daha da azalacaq. Çünki bildiyiniz kimi, Xırdalan və digər istiqamətlərdə çoxlu su basmaları oldu, evlərə su doldu.

Bu baxımdan hesab edirəm ki, onsuz da marağı az olan alıcıların həyət evlərinə marağı daha da azalacaq. Hazırda bazarda yenə də nisbi sakitlik hökm sürür. Biz düşünürdük ki, ipoteka təsdiq ediləndən sonra bazarda müəyyən canlanma olacaq, amma gözlənilən nəticə əldə edilmədi. Yəni ipotekanın təsdiqi bazara ciddi canlanma gətirmədi.

Hazırda bazarda sakitlik davam edir və qeyd etdiyim kimi, yeni binalar istisna olmaqla digər kateqoriyalı mənzillərə alıcı marağının daha da azaldığını müşahidə edirik. Qiymət artımı isə yalnız çıxarışı olan və ipotekaya yararlı mənzillərdə cüzi miqdarda müşahidə olunur. Bu da ipotekaya yararlı mənzillərin az olması və həmin kateqoriyada alıcı sayının nisbətən çox olması ilə bağlıdır. İndi isə sual yaranır: almaq, yoxsa gözləmək daha məqsədəuyğundur? Hazırda insanların əksəriyyəti gözləmə mövqeyindədir. Bir tərəfdən İran–Amerika–İsrail gərginliyi, digər tərəfdən Rusiya–Ukrayna müharibəsi alıcıları ehtiyatlı davranmağa vadar edir.

Bu şəraitdə alıcılar daha çox gözləmə mövqeyindədir. Düzdür, kiminsə pula ehtiyacı olur və əmlakını təcili satmaq istəyir. Belə hallarda satıcılar arasında rəqabət yaranır. Digər tərəfdən, əlində vəsaiti olan alıcılar bu vəziyyətdən istifadə edərək əmlakı bazar qiymətindən aşağı almağa çalışırlar. Bu da müəyyən mənada fürsət yaradır.

Ümumilikdə isə alıcılar hələlik gözləmə mövqeyindədir. Qısa və konkret desək, 2025-ci ilin dekabrından başlayan durğunluq əmlak bazarında davam edir və bunun nə vaxta qədər davam edəcəyini dəqiq demək çətindir.

Bir məqamı da vurğulamaq istəyirəm ki, İsrail–İran gərginliyindən sonra İsrail vətəndaşlarının Azərbaycanda az da olsa əmlak almağa maraq göstərdiyini müşahidə edirik. Əgər bu gərginlik davam edərsə, İsraildə yaşayan azərbaycanlıların və ya İsrail vətəndaşlarının Azərbaycanda əmlak alma marağı arta bilər. Qiymətlərin gələcəkdə necə dəyişəcəyinə gəldikdə isə, hələ ki ciddi artımdan söhbət getmir. Əksinə, satıcılar arasında yaranan rəqabət səbəbindən, xüsusilə köhnə binalar, ipotekaya yararsız mənzillər və həyət evlərində qiymət enməsi müşahidə olunur. Bu da əsasən alıcı qıtlığı və satıcıların rəqabəti ilə bağlıdır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə