Qax rayon rəhbəri yerli yazarlarla görüşüb - FOTOLAR

“Azərbaycan Yazıçılar Birliyi Şimal-qərb Regional Bölməsi” və Qax rayon mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə Qax rayonundan olan şair və yazıçılarla görüş keçirilib.

SİA xəbər verir ki, Qax RİH başçısı Elvin Paşayevin də qatıldığı tədbirdə şəhid ailələri, rayon ziyalıları və ictimaiyyəti, xüsusilə mədəniyyət, təhsil və səhiyyə sahəsində çalışan ziyalılar iştirak ediblər. Tədbir bir neçə şairin yubiley ərəfəsinə düşdüyü üçün, həm də iki müəllifin ilk kitabı işıq üzü gördüyünə görə onların da təqdimatı olub. Tədbirin aparıcıları Qax rayon MKS-nin işçiləri Sevinc Abakarova və Aytən Ziyadova Dövlət himninin səsləndirdikdən sonra Şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdilər. Daha sonra söz Azərbaycan Yazıçılar Birliyi Şimal-qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərliyə verildi. Əlmaniz müəllim tədbir iştirakçılarını salamlayaraq Qax rayonunda ilk dəfə belə geniş tərkibdə görüşün keçirildiyini və Qax RİH başçısının iştirakını xüsusi qeyd edib:Azərbaycanda həmişə saza, sözə, şair və yazıçılara Dövlət qayğısı olub. Dövlətçilik ənənələrinin kökü şahlıq, xanlıqlar dövründə belə şairlərə, söz adamlarına böyük önəm verilmişdir. Bu gün isə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət uğurla davam etdirilir. Hələ sovetlər birliyi dövründə Ulu öndər repressiya qurbanı olmuş Hüseyn Cavidin (Cavid əfəndinin) nəşinin Azərbaycana gətirilərək doğulduğu torpaqda dəfn olunmasına nail olub. Bundan əlavə ədiblərimizin Nəsimi, Füzuli, Nizami vəs. yubileylərinin Dövlət səviyyəsində qeyd edilməsi, dahi yazarlarımıza abidələrin qoyulmasının təməlini də məhz Heydər Əliyev qoymuşdur. Bu gün bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən daha müasir formada davam etdirilir. Cənab Prezidentin sərəncamı ilə şair və yazıçılarımıza “Prezident Təqüdünün” və mükafatının verilməsi onları bəzi sosial qayğılardan azad edir və bununla yanaşı onların yubileylərinin də təntənəli şəkildə keçirilməsi ziyalılar tərəfindən rəğbətlə qarşılanır. Birinci Vitse-prezident Mehriban xanım Əliyeva da mədəniyyət sahəsinə çox diqqət yetirir, təkcə muğamımızı dünyada tanıtması buna əyani sübutdur. Bu tendensiyanı davam etdirənlər arasında Dövlət və dövlətçiliyə sədaqətlə xidmət edən Qax RİH başçısı Elvin Paşayevin də olması onun bugünkü tədbirə qatılması ilə öz təsdiqini tapır. Yaxın tarixdən Qax rayonuna rəhbərlik etməyə başlayan Elvin müəllim digər vətəndaşlar kimi yerli yazarları da dəfələrlə qəbul edib dinləyərək onların təkliflərinə müsbət reaksiya verib.

Bizim bugünkü yubileyi qeyd olunanlar arasında 65 yaşını tamamlayan Azərbaycan, Gürcüstan və Rusiya yazıçılar birliyinin üzvü, tərcüməçi-jurnalist Giya Paçxataşvili də var. Giya Gürcü millətinin nümayəndəsi olmasına baxmayaraq Azərbaycan dilini daha yaxşı bildiyinə görə ana dilimizdən digər dillərə şeirlər tərcümə edir. Mən onun vətənpərvərliyinə heyran olduğuma görə onu həmişə böyük Azərbaycanlı adlandırıram. İkinci yubilyarımız 70 yaşlı Osman Ümman yazıçı-dramaturq, rejissor, şair, titullarını saymaqla bitməyən bölgə yazarlarındandır. Bu tədbirdə onun yenicə işıq üzü görmüş “Sev Qadını” adlı şeirlər kitabını da oxuculara təqdim edirik. Üçüncü yubilyarımız 60 yaşlı Pərvanə Həşimova isə Tasmalı kənd tam orta məktəbində dərs hissə müdiri, tanınan ədəbiyyatçıdır. Dördüncü yubilyarımız isə 60 yaşlı Sevinc Sabirqızıdır, BDU-nun biologiya fakültəsini bitirməsinə və bu sahədə işləməsinə baxmayaraq, şeir yazmaq həvəsi onda uşaqlıqdan olub. “Bir kəndim vardı mənim” adlı ilk şeirlər kitabını bu gün oxucularımıza təqdim edirik.
Daha sonra tədbirdə hər bir yubilyar haqqında, onların həyat və yaradıcılığını özündə əks etdirən videoçarx təqdim edildi. Yubilyarların şeirlərinə bəstələnmiş mahnıların, qiraətçilər Sevinc Abakarova və Aytən Ziyadovanın ifasında şeirlərin səsləndirilməsi tədbirə xüsusi rəng qatdı. Sonra hər bir yubilyar səhnəyə çıxaraq onların haqqında deyilən xoş sözlərə, onlar üçün yaradılan bu şəraitə görə başda rayon rəhbərliyinə və tədbirin təşkilində əməyi keçən hər bir kəsə minnətdarlıqlarını bildirdilər.
Sonra söz Qax RİH Başçısı Elvin Paşayevə verildi. Elvin müəllim yubilyarların hər birini ayrı-ayrılıqda təbrik edərək onların haqqında xoş sözlər dedi. Və Azərbaycanda həmişə söz adamlarına, şair və yazıçılara xüsusi diqqət və qayğının olduğunu vurğulayıb. Elvin müəllim Ümummilli Lider Heydər Əliyevin şair və yazıçılara, ümumiyyətlə mədəniyyət adamlarına xüsusi diqqət yetirdiyini bildirib:-Bilirsiniz ki, sovetlər birliyi dövründə çəkilən filmlər mütləq senzuradan keçirdi. Həmin dövrdə Ulu öndər bir çox filmlərdə, məsələn “Babək” filmində azadlıqla bağlı səslənən fikirləri, xalqın gələcəkdə oyanışına xidmət edəcəyini bildiyi üçün bu filmlərin senzuradan keçməsinə dəstək olub. Heydər Əliyev bütün sahələri yaxşı bildiyi üçün mədəniyyət sahəsinin insanlarına ayrıca diqqət edirdi. Hələ sovetlər birliyi dövründə məhz onun rəhbərliyi dövründə bir neçə ədibimizin yubileylərinin təşkil olunması, onların heykəllərinin paytaxt və digər şəhərlərdə ucaldılması faktı onun bu sahənin adamlarına necə hörmətlə yanaşmasının bariz nümunəsidir. Bilirsiniz ki, sovetlər birliyi dövründə Şuşa şəhərində ucaldılan Vaqif məqbərəsi də məhz onun vaxtında inşa edilmişdir. Bu gün həmin siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şəhidlərimizin qanıyla işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa işləri arasında “Vaqif” məqbərəsi də vardır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir çox Beynəlxalq təşkilatlarda, o cümlədən Yunesko və İsesko təşkilatlarında Azərbaycan mədəniyyətini, Muğamımızı, Azərbaycan xalçalarını vəs. Azərbaycan adıyla tanıtması böyük nailiyyətdir və təqdirəlayiqdir.
Daha sonra Qax RİH başçısı hər bir yubilyarı “Fəxri Fərmanla” təltif edib, gül buketləri təqdim olunaraq onlarla yanaşı bütün yazarlarla xatirə şəkili çəkdirərək çay süfrəsi arxasında yazarlarla səmimi söhbət edib.
Tədbirdə AYB Şimal-qərb regional bölməsinin sədri və Qax Dövlət Kukla teatrının rəhbərliyi də yubilyarları təltif edərək onlara hədiyyələr veriblər.
Sonda Əlmaniz Ələkbərli Başda Qax RİH başçısı Elvin Paşayev olmaqla, Qax rayon Mədəniyyət Mərkəzinə, Qax MKS və tədbirdə iştirak edən Qax ziyalılarına təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə