"Tərbiyə həm sevgi, həm məsuliyyət tələb edir" - SOSİOLOQ DANIŞDI

"Cəmiyyətimizdə bu gün tez-tez səslənən bir fikir var: “Müasir valideynlər övladlarına qarşı çox sərbəst davranır.” Bəziləri bunu zamanın tələbi, bəziləri isə tərbiyə metodunun zəifləməsi kimi qiymətləndirir. Əslində isə tərbiyə metodu milli və dini dəyərlərimizə söykənməlidir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, tərbiyədə aşırı sərtlik necə zərərlidirsə, həddindən artıq sərbəstlik də eyni dərəcədə təhlükəlidir: "Uşağa sərt yanaşan valideyn onun psixologiyasında travma yaradır. Bu travma özünü yetkinlik dövründə göstərir: gənc sərhədləri pozmaq, qadağan olunmuş sahələrə meyil göstərmək istəyir. Beləliklə, uşaq azadlıqla məsuliyyət arasında tarazlığı hiss etmir.

Amma uşağı tam sərbəst buraxmaq da düzgün deyil. Valideynin rolu həm də nəzarətçi və istiqamətverici olmaqdır. Tərbiyənin mahiyyəti ondadır ki, uşaq azad olsun, amma bu azadlığın məsuliyyətini də dərk etsin.

Unutmaq olmaz ki, tərbiyə təkcə ailədə verilmir. Onun bir hissəsi bağçada, bir hissəsi məktəbdə formalaşır. Uşaq şəxsiyyət kimi inkişaf etdikcə, ali məktəb illərində artıq dünyagörüşünü tamamlayır. Lakin bütün bu mərhələlərin təməli məhz ailədə qoyulur. Buna görə də ilkin mərhələdə düzgün metod seçilməlidir ki, sonrakı dövrlərdə mənəvi boşluqlar yaranmasın.

Valideynlər övladlarının maraqlarına nəzarət etməlidirlər. Məsələn, kompüter oyunlarını tam qadağan etmək də səhvdir. Uşağa müəyyən vaxt çərçivəsində – gündə 30–40 dəqiqə – bu imkanı vermək olar. Əks halda uşaq gizli şəkildə həmin oyunlara meyil göstərəcək və bu, asılılığa çevrilə bilər. Həmçinin uşaqlar sosial həyata qarışmalı, digər uşaqlarla ünsiyyət qurmalıdırlar. Bu, gələcəkdə onların kommunikasiya bacarıqlarının formalaşmasında mühüm rol oynayır.

Ailədaxili ünsiyyətin açıq və səmimi olması vacibdir. Ana ilə qız, ata ilə oğul arasında möhkəm, amma ölçülü bir yaxınlıq olmalıdır. Qız övlad anaları ilə bioloji və mənəvi mövzularda rahat danışa bilməli, oğlan övlad isə atasına etibar etməyi öyrənməlidir. Amma bu yaxınlıq sərhədlərin itməsinə gətirib çıxarmamalıdır. Valideynlər açıq münasibət qurmalı, amma ailə dəyərlərinin “pərdəsini” tam qaldırmamalıdırlar. Tərbiyə həm sevgi, həm hörmət, həm də məsafə tələb edir.

Bu gün gənc ailələrin çoxu 30–35 yaş aralığındadır. Onlar gənclik dövrlərində Avropa dəyərlərinin təsiri altında formalaşıblar. Sosial media, internet və qlobal mədəniyyət onların dünyagörüşünə təsir edib. Bu da təbii olaraq övlad tərbiyəsində özünü göstərir – bəzən dəyərlərdən uzaq, “aşırı müasir” yanaşmalar yaranır.

Digər bir problem valideynlərin öz boş vaxtlarını internetdə keçirmələri və sosial şəbəkələrə aludə olmalarıdır. Nəticədə övlad diqqətdən kənarda qalır. Bu, uşaqlarda mənəvi boşluq yaradır və onları yad təsirlərin təsiri altına sala bilir.

Sonda demək olar ki, nə sərtlik, nə də hədsiz azadlıq düzgün tərbiyə yolu deyil. Sağlam tərbiyə modeli milli, mənəvi və dini dəyərlərə əsaslanmalı, eyni zamanda müasir dövrün reallıqlarını da nəzərə almalıdır. Valideyn övladına həm sevgi, həm məsuliyyət, həm də nəzarət verməlidir. Tərbiyə bir sənətdir – onu ifrata varmadan, səbir və hikmətlə həyata keçirmək lazımdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə