“Ucuz forma uşaqlar üçün ciddi sağlamlıq riskləri yaradır“ - HƏKİM DANIŞDI

“Yeni tədris ili yaxınlaşdıqca valideynlərin ən böyük qayğısı məktəbli formalarının qiymətidir. Sosial şəbəkələrdə 2-3 manata satılan geyimlərin reklamı isə geniş yayılıb. Ancaq biz həkimlər valideynlərə bildirmək istəyirik ki, ucuz forma uşaqlar üçün ciddi sağlamlıq riskləri yaradır, buna görə də ucuz formalara qaçmasınlar”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist, ailə həkimi Fidan Həsənli deyib.

O bildirib ki, ucuz qiymətə satılan geyimlərin əksəriyyəti sintetik materiallardan hazırlanır: “Bu parçalar bədəni nəfəs almağa qoymur, təri saxlayır və dəridə qıcıqlanma yaradır. Uşaqlar günün böyük hissəsini məktəbdə keçirdiyinə görə, belə geyimlər dəri səpgiləri, göbələk infeksiyaları, qaşınma və allergik reaksiyalar üçün şərait yaradır. Xüsusilə də allergiyaya meyilli uşaqlarda bu risk daha yüksəkdir. Hər hansısa dəri xəstəliklərinə, allergik reaksiyalara səbəb ola bilər. Eyni zamanda keyfiyyətsiz, ucuz parçaların rənglənməsində tez-tez standartlara uyğun olmayan kimyəvi boyalardan istifadə olunur. İsti havada və ya uşaq tərləyəndə həmin kimyəvi maddələr dəriyə hopur. Bu isə sadəcə səthi dəri qıcıqlanması ilə bitmir, uzun müddətdə immun sisteminə də zərər göstərə bilər.
Bəs valideynlər nəyə diqqət etməlidir soruşsanız, ilk növbədə parçanın tərkibinə baxmaq lazımdır. Ən təhlükəsiz seçim pambıq əsaslı, təkibində çox az miqdarda elastan olan geyimlərdir. Etiketsiz, mənşəyi bilinməyən və həddən artıq ucuz geyimlərdən uzaq durmaq lazımdır. Həmçinin, formaları ilk geyinmədən əvvəl yumaq vacibdir – bu, həm tozların, həm də istehsaldan qalan kimyəvi maddələrin azalmasına kömək edir.
Hər ailə üçün büdcə məsələsi önəmlidir. Amma unutmamalıyıq ki, forma uşağın gündəlik 6-7 saat geyindiyi paltardır. Yəni bu, sadəcə geyim deyil, birbaşa sağlamlıq məsələsidir. Ucuz geyim aldıqda valideynlər sonradan dəri xəstəliklərinə, allergiyalara, həkim xərclərinə daha çox pul sərf etməli ola bilərlər. Ona görə də forma seçərkən keyfiyyəti birinci yerə qoymaq vacibdir.
Nəticə olaraq, valideynlərin həssas yanaşmalı olduğu əsas məqam – keyfiyyətsiz geyimlərdən uzaq durmaqdır. Məktəbli forması pambıq əsaslı, hava keçirən, dəriyə dost materialdan olmalıdır. Uşağın rahatlığı və sağlamlığı qiymətdən daha önəmlidir. Valideynlər seçim edərkən bunu unutmamalıdırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə