"Ev heyvanları ilə ünsiyyət empatiyanı gücləndirir" - RƏY BİLDİRİLDİ

"Əslində, ev heyvanları ilə kontaktda olmaq insanda empatiya hissini gücləndirir. Kiçik yaşlı uşaqlar ev heyvanı saxlayarkən, onların yuvasını təmizləyərkən məsuliyyət hissi formalaşdırırlar. Heyvanlar danışa bilmədiyi üçün onların ehtiyaclarını başa düşmək uşaqlarda empatiyanı artırır və bu, onların insanlarla münasibətinə də müsbət təsir edir", – bu fikirləri ailə və uşaq psixoloqu Aynur İsmayılova SİA-ya açıqlamasında bildirib.

İnsanların yetkin yaşda ev heyvanı saxlaması da bəzən daxili ehtiyacla bağlıdır. Yalnız olan biri üçün heyvanla ünsiyyət səssiz dostluq formasıdır. Hətta elə insanlar var ki, deyir “insanla dostluq etsəm, məsuliyyətini daşıya bilmərəm”, amma heyvan saxlayır. Bu da bir növ sosiyallıqdır, sadəcə səssiz və məsuliyyətli şəkildə.

Ekspert vurğulayıb ki, hər bir halda ev heyvanına qayğı göstərmək, onu bəsləmək və ümumiyyətlə heyvanlara qarşı mərhəmətli olmaq insanın empatiya qabiliyyətinin yüksək olmasından xəbər verir. Uşaqlarda bu hissin erkən yaşda formalaşması onların gələcəkdə daha sağlam şəxsiyyət kimi yetişməsinə, cəmiyyət içində davranışlarına və daxili dünyalarının zənginləşməsinə böyük təsir göstərir.

Eyni zamanda, ev heyvanları ilə əlaqə həm uşaqlar, həm də yetkinlər üçün stresin azalmasına, emosional sabitliyin qorunmasına kömək edir. Bu, onların sosial bacarıqlarını inkişaf etdirir və insanın gündəlik həyatında pozitiv təsir yaradır.

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə