"Hədəfim Azərbaycanın kosmos strategiyasında rol oynamaqdır"

Türkiyədə keçirilən tələbə təcrübə mübadiləsində iştirakımın mənə verdiyi ən böyük dəstək oxuduğum dilplomatiya sahəsini kosmik diplomatiyaya inteqrasiya edə bilməyimə təkan verməsi olub.

Fikrimcə, günümüzdə kosmik diplomatiya olduqca mühüm sahələrdən biridir. Gələcəklə bağlı planlarım da bu sahə üzrə özümü daha çox inkişaf etdirərək ölkəmizə kosmik diplomatiya sahəsində mühüm töhfələr verməkdir. Hədəfim Azərbaycanı sahə üzrə dünyada təmsil etmək, ölkəmizin 2030-cu ilədək kosmos strategiyası çərçivəsində güclənməsində rol oynamaqdır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Xəzər Universitetində politologiya ixtisası üzrə tələbəsi, Vətən müharibəsi şəhidi, polkovnik Babək Səmidlinin oğlu Mətləb Səmidli ifadə edib.

Tələbələrimizin iştirakı ilə Türkiyədə kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsində iştirak edən Mətləb layihənin ona verdiyi ən böyük üstünlüklərdən birinin də sosiallaşmaq olduğunu deyib: “Bu gün Türkiyənin texnologiya sahəsi üzrə tələbələri ilə tanışlığımız gələcəkdə ortaq fəaliyyətimizin təməlləri ola bilər. Burada kosmos, texnologiya fənləri, süni intellekt kimi gələcəkdə bizə dəstək olacaq sahələr üzrə məhsuldar təcrübələrə cəlb edilirik. Bu imkanları qazandığım üçün çox xoşbəxtəm. Çünki biz burada təcrübə qazanmaqla yanaşı, həm də çox gözəl münasibətlər qururuq. Təşkilatçılara təşəkkürümü bildirmək istəyirəm”.

Xatırladaq ki, Azərbaycan universitetlərinin tələbələri kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində Türkiyədə təcrübə mübadiləsi keçirlər.

“Azərkosmos”un KOSMİK Akademiyasının təşkilatçılığı və Türkiyənin Gökmen Aerokosmik və Aviasiya Mərkəzinin (GUHEM-Gökmen Uzay ve Havacılık Merkezi) dəstəyi, eləcə də Azərbaycan Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və SABAH qruplarının əməkdaşlığı ilə həyata keçirilən layihəyə “Zəfər” təşkilatının əməkdaşlığı ilə üç şəhid və qazi övladı cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə