“Kərə yağı alarkən ilk növbədə etiketinə diqqət yetirmək vacibdir. Bəzən istehsalçılar alıcıları aldatmaq üçün qablaşdırmanın üzərinə inək şəkli çəkir, “naturalnaya maslo” və digər cəlbedici ifadələr yazırlar. Bəzi hallarda məhsul əslində kərə yağı ilə bitki yağlarının qarışığı-spred yağı olur. Buna görə də etiketi diqqətlə oxuyub belə yağlardan uzaq durmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, həmçinin, kərə yağının keyfiyyətini yoxlamağın bəzi yolları var: “Məsələn, kərə yağı dondurulduqda daha bərk olur və kəsilərkən qırılıb tökülür. Mağazada yağı sıxdıqda daha sərt hiss olunursa, kərə yağı olma ehtimalı yüksəkdir.
Bununla yanaşı, etiketi diqqətlə oxumaqla yanaşı, qiymətə də fikir vermək lazımdır. Çox ucuz yağların tərkibində adətən bitki yağları və digər qarışıqlar olur. Bazarlarda və kiçik dükanlarda satılan “nənənin nehrə yağı”, “nənənin yağı” kimi təqdim edilən yumru, ağ yağlara da ehtiyatla yanaşmaq lazımdır”.
Eyyub Hüseynov sözlərinə belə davam edib: “Çünki onların təxminən 90 faizi bitki yağları və müxtəlif turşuların qarışığından ibarətdir. Bu cür ucuz yağların kərə yağı ilə heç bir əlaqəsi yoxdur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə