"Bizim müəllimləri şokoladla qane etmək olmur" - AKTRİSA VƏ EKSPERT FİKRİ

Son günlər bütün ölkələrdə trendə çevrilən müəllimlərlə bağlı şokolad videosuna Azərbaycanda da tələbələr və şagirdlər qoşulub. Trend videonun məğzi müəllimlərə sürpriz edərək şokolad paylamaqdır. Lakin gündəm olan bu vidolara reaksiyalar da müxtəlif olur. Kimisi videonu sadəcə əyləncə kimi qəbul edir, kimisi isə əlini açıb şagird və tələbələrdən "şirinlik" alan müəllim peşəsinə yaraşmadığını qeyd edir.

Məsələyə münasibət bildirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram teatrı və kino aktyoru" kafedrasının müdiri Gülşad Baxşıyeva SİA-ya açıqlamasında bunları deyib: Burada qorxulu heç bir şey yoxdur. Müəllim müəllimdirsə ona nə verilirsə verilsin müəllim-tələbə münasibətini poza bilməz. Bir şeyi müəllim məcbur etmir və elə şərait yaratmır ki şagird və yaxud tələbə ona nəsə gətirsin, orada qorxulu bir şey yoxdur. Amma etiraf edək ki, bir çox məktəblərdə müəllimlər elə şərait qururlar ki şagirdlər nəsə gətirsin. Bax o artıq gələcək nəslin rüşvət fundamentini qoyur. Bu trendən ziyan gəlməz, əsas ziyan rüşvət almaqdan gələr. Bu trendi şagirdlər, tələbələr özləri edir. Bir də var ki onu məcbur edəsən. Ola bilsin ki xarici müəllimlər bir balaca şokoladla təmin olunurlar amma bizim müəllimləri bir balaca şokoladla qane etmək olmur. İndi gənclər sosial mediada görüblər, xoşlarına gəlib və tətbiq etmək istəyiblər. Düşünüblər ki, sevgilərini bu vasitə ilə göstərsinlər. Məncə burada səmimiyyətdən başqa heç nə yoxdur”.

Təhsil eksperti Kamram Əsədov isə bu mövzuya belə aydınlıq gətirib: “Son dövrlərdə "TikTok"da şagirdlər arasında “şokolad trendi” kimi adlandırılan və şagirdlərin müəllimlərinə şokolad və şirniyyat təqdim etməsi ilə bağlı trendlərin yaranması, bir tərəfdən, müəllim-şagird münasibətlərindəki emosional bağın göstəricisi kimi görünə bilər. Şagirdlər bu yolla öz sevgilərini, minnətdarlıqlarını ifadə edirlər. Digər tərəfdən, bu trendin sosial mediada geniş yayılması təhsil sistemimizdə akademik dəyərlərin yerinə daha yüngül və əyləncəli mövzuların ön plana çıxdığını göstərir.

Müəllim-şagird münasibətlərində bu cür jestlər zaman-zaman baş verir və normal qəbul edilə bilər. Lakin bu hadisələrin trend halına gəlməsi və əsas mövzuya çevrilməsi, təhsilin əsas məqsəd və mahiyyətindən yayınma riskini artırır. Şagirdlərin müəllimlərinə hörmət göstərməsi, onları sevməsi çox təqdirəlayiqdir. Amma bu hörmət və sevgi yalnız jestlərlə ifadə olunmamalı, əksinə, akademik nailiyyətlər və şagirdin öz inkişafı ilə daha mənalı hala gətirilməlidir.

Müəllimlər və valideynlər şagirdlərə təhsilin mahiyyətini izah etməkdə daha çox aktiv rol oynamalıdırlar. Uşaqlara göstərilməlidir ki, müəllimə hörmət yalnız bir jestdən ibarət deyil, eyni zamanda dərsə ciddi yanaşma, təhsil prosesinə sadiqlik və nailiyyətlərlə ifadə olunmalıdır. Akademik dəyərlərin şagirdlər arasında populyarlaşması üçün yeni metodikalar tətbiq olunmalı, texnologiya və sosial media vasitəsilə təhsil sahəsində yeniliklər təşviq edilməlidir. Məsələn, məktəblər və təhsil qurumları "TikTok" kimi platformalarda akademik uğurların, innovativ layihələrin və şagirdlərin fərdi nailiyyətlərinin işıqlandırılmasını təşviq edə bilər. Nəticədə, “şokolad trendi” kimi məsələlər yalnız bir simptomdur. Bu simptom cəmiyyətdə və təhsil sistemində təhsilin dəyər və prioritetlərini yenidən nəzərdən keçirməyin vacibliyini göstərir. Akademik uğurlar, elmi nailiyyətlər və yaradıcı təşəbbüslər sosial mediada daha çox yer almalıdır ki, şagirdlər əsl dəyərləri tanısın və onlara istiqamətlənə bilsinlər. Təhsil yalnız sinif otaqları ilə məhdudlaşmır, o, cəmiyyətin və sosial medianın bütün qatlarında öz yerini tapmalıdır”.

Ülkər Rəhmanqızı

Bütün xəbərlər Facebook səhifəmizdə