Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə “Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu” mövzusunda müzakirə, “Vətəni tanı!”, “Nə? Harada? Nə zaman?” intellektual oyunları, ekoloji təmizlik aksiyası, stolüstü tennis və badminton birincilikləri təşkil olunub.
SİA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, noyabrın 16-sı Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı yekun tədbir keçirilib, yarışmalarda yer tutan gənclər mükafatlandırılıblar.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov qeyd edib ki, gənclərin şəxsi inkişafı, əqli və fiziki sağlamlıqlarının gücləndirilməsi, vətənpərvər ruhda formalaşması, bir sözlə, hərtərəfli inkişafına nail olmaq üçün davamlı olaraq müxtəlif konseptdə layihələr, tədbirlər keçirilir. Kursantların, əcnəbi tələbələrin bu tədbirlərdə fəallıq göstərməsi, fərqlənməsi Naxçıvanın müasir gənclik mühitinə əlavə dəyər qatır, canlanmaya səbəb olur.
Nazir müavini gələcək planlardan söz açıb, müxtəlif sahələrdə aktiv fəaliyyəti və uğurları ilə seçilən gənclərin il sonu mükafatlandırılacağını diqqətə çatdırıb.
Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov isə çıxışında qəhrəman Vətən övladlarının gənc nəslə miras buraxdığı vətənpərvərlik dəyərlərinin daim qorunacağına, qalib Azərbaycan gəncinin ölkəmizin bu günü və sabahı üçün daim irəlidə, maksimum səy və iradə ilə çalışacağına inamını ifadə edib.
Çıxışların ardınca Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə əlaqədar keçirilən yarışlarda yer tutan komandalar və iştirakçılar diplom, fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar. Mükafatları nazir müavini Məcid Seyidov və polkovnik-leytenant Yaşar Hüseynov təqdim ediblər.
Tədbir “Alabanda” qrupunun təqdimatında konsert proqramı ilə yekunlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə