Çatışmazlıq hissinin öhdəsindən necə gəlmək olar? - MÜNASİBƏT BİLDİRİLDİ

"Çatışmazlıq hissi və yaxud qeyri-adekvatlıq çox sıx-sıx rast gəlinən problemlərdəndir". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist və yaşam koçu Xanlar Sətullayev deyib.

O bildirib ki, bunun da əsas səbəblərindən biri uşaqlıq çağlarına gedib çıxır: "Uşaqların daim azarlanması, tənqid olunması, müqayisə olunması, uşağın fikrinin nəzərə alınmaması, ailədə avtoritar idarəçilik, ailədəki uşaqlar arasında ayrı-seçkilik edilməsi, uşaqlara sevginin bərabər şəkildə verilməməsi, uşaq və ya yeniyetmə yaşlarında təcavüzə məruz qalma və s. Gələcəkdə bu qeyri-adekvatlıq hissinin yaranmasına kimi gətirib çıxarır. Bəs qeyri-adekvatlıq nədir?

Qeyri-adekvatlıq hissinin əlamətləri əsasən bunlardır: Cəsarətsizlik, utancaqlıq, toplum qarşısında özünü itirmək, həddindən artıq həssaslıq və özünütənqid, özünə dəyərin aşağı olması, rədd edilmə və itirmə qorxusu, həddən artıq təvazökarlıq və tərif qəbul edə bilməmək, gücsüzlük və zəiflik hissi, yaşıdları tərəfindən sıxışdırılma və buna məğlub olma əsas əlamətlərdir.

Qeyri-adekvatlıq hissini yaşayanlar uğur qazana biləcəyinə inanmır, qazandıqda belə bunu şansa, təsadüfə yozur, özünə dəyər vermir, hamını özündən üstün hesab edir, özünü o qədər dəyərsiz hiss edir ki, hətta sevilə biləcəyinə inanmır və sevgi etirafı eşidərkən də buna şübhə ilə yanaşır və özünə dəhşətli dərəcədə tənqidi yanaşır. Bu hissdən əziyyət çəkən insanlar cəmiyyətdə çoxdur, amma bu hissin aradan qaldırılması mümkündür. Bunun üçün insan ilk növbədə özünü, öz bədənini sevməli, hər bir insan kimi özünün də individual olduğunu, həm gözəllik, həm xarakter baxımından müsbət cəhətlərinin olduğunu qəbullanmalı və özünü buna inandırmalı, özünü başqaları ilə müqayisə etməkdən qaçmalı, sevdiyi işlərlə məşğul olmalı, nədən həzz alırsa o işi görməli, məsələn yemək bişirməli, yaxud idman etməli, kitab oxumalı, qorxuları ilə üzləşməyi bacarmalı, heç kimi itirməkdən qorxmamağı özünə təlqin etməyi bacarmalıdır. Bununla yanaşı təbii ki, mütləq psixoloq və psixoterapevt dəstəyi də almaq vacibdir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə