"106 yaşlı Azərbaycan ordusu tarix yazır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan ordusu ilə bağlı ölkə başçısının imzaladığı sərəncam, əlbəttə ki, bir Ali Baş Komandanın öz ordusuna verdiyi dəyərin göstəricisidir. Bunu elə qəbul etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, bu o Silahlı Qüvvələr, o ordudur ki, Azərbaycan xalqının başını uca edib, Azərbaycan xalqını bütün dünyaya tanıdıb, onun şəxsi heyətinin şücaəti son illərdə ayrı-ayrı dövlətlər tərəfindən həm müzakirə olunur, həm də öyrənilir: "Təsadüfi deyil ki, Azərbaycan Müdafiə naziri də sonuncu müsahibəsində qeyd edib ki, Azərbaycan ordusunun keçirdiyi 44 günlük Vətən savaşındakı bilik və bacarıq bir sıra dövlətlər tərəfindən öyrənilir. Dəqiqliklə bilirəm ki, bu gün Rusiyaya qarşı müharibə aparan Ukrayna Müdafiə nazirinin rəsmiləri bir müddət bundan əvvəl Azərbaycanda olanda onlar burada 44 günlük savaşla bağlı komandanlığın tətbiq etdiyi taktikanı həm öyrəniblər, həm döyüşlər gedən ərazilərdə olublar, baxış keçiriblər. Ona görə də Prezident həm ölkə başçısı kimi, həm də Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi bu diqqət və qayğını göstərməlidir və göstərir.

Bu, təkcə Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində bir rəhbər, sərkərdə, onun komandası uğur qazanırsa, əlbəttə ki, təşəkkürü olmalıdır. Necə ki, 44 günlük savaşdan sonra ordu ilə bağlı müəyyən təltifetmələr, müəyyən qərarlar qəbul olunub. Hələ xeyli işlər görülməlidir, çünki biz müharibəni yenicə bitirmişik, torpaqlarımızı yenicə işğaldan azad etmişik. Ona görə xeyli görüləsi işlər var".

"Bizim qəhrəmanların adının əbədiləşdirilməsi, o cümlədən müharibədə itkin düşən insanların sonrakı taleyi, müharibə iştirakçılarının maddi rifahının yüksəldilməsi ilə bağlı lazım olan işlərin görülməsi, xeyli işlər var. Ona görə də inanıram ki, hələ bundan sonra da biz Silahlı Qüvvələrin şəxsi heyəti ilə bağlı ölkə başçısının qəbul edəcəyi qərarların şahidi olacağıq. Bu, təkcə dövlət səviyyəsində deyil, yəqin ki, hökumət də bu istiqamətdə müəyyən addımlar atacaq. O cümlədən yeni formalaşacaq Parlamentdə çox istərdim ki, vaxt ikən müharibədə iştirak etmiş, ordu sıralarında olmuş keçmiş əsgər, zabit, yaxud da generallardan da nümayəndələr olsun ki, onlar ordu quruculuğu ilə bağlı məsələlər müzakirə ediləndə bir peşəkar kimi öz fikirlərini söyləsinlər. Bir sözlə, 106 yaşlı Azərbaycan ordusu şərəfli bir tarix yazır və bundan sonra da o tarixin yazılması davam edəcək. Allah ordumuzu qorusun, əsgər, zabit, komandirlərimizi qorusun. Çünki ordu nə qədər güclü olarsa, bir o qədər regionda özümüz rahat və güvənli hiss edə bilərik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə