“Rusiyanın nəzarətindən çıxa bilən təkcə Dağıstan deyil..?”

...insanlar Rusiya təhlükəsizlik qüvvələrinin ölkə daxilində zəifliyini hiss ediblər?

...Deməli, Putin Dağıstanda silahlıların hücumu nəticəsində 15 rus təhlükəsizlik məmurunun öldürüldüyü hadisələri şərh etməkdən imtina edib. Maraqlıdır, görən, niyə Kremlin sahibi susmağa qərar verib?

Təbii ki, bununla bağlı yozumlar müxtəlifdir.

Məsələn, Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini, ehtiyatda olan general-mayor Viktor Yaquna görə, guya Rusiya Federasiyası vətəndaşlarının daxili təhlükəsizlik sistemi tamamilə məhv edilib.

Yenə də guya bunu etməli olan strukturlar son on ildə rusların təhlükəsizliyini təmin etməkdən başqa hər şeyi edir.

Rusiya xüsusi xidmət orqanları Rusiya ərazisində bu və ya digər terror aktını Ukrayna ilə əlaqələndirmək üçün hər hansı səbəb axtarır. Düşünürəm ki, belə halların sayı dalğa-dalğa artacaq, çünki terrorla məşğul olan və bundan pul, imic və ya digər dividentlər qazanan insanlar Rusiya təhlükəsizlik qüvvələrinin ölkə daxilində zəifliyini hiss ediblər.

Funksional olaraq hüquq-mühafizə orqanları öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Amma Rusiyada xarici əks-kəşfiyyatla məşğul olur, başqa ölkələrdə dövlətçiliyin əsaslarını sarsıtmağa çalışır, korrupsiya sxemlərindən pul qazanır, başqa strukturların biznesini əlindən alırlar. Bu, onların ən böyük problemidir.

Buna görə də, Putin indi sadəcə olaraq vacib bir şey deyə bilməz.

Təbii ki, bunu ukraynalı sabiq hərbçi deyir.

Amma, qeyd edilməlidir ki, Dağıstanda baş verən hadisələr zamanı yaraqlılar arasında yerli elitanın uşaqları da var idi. Əlbəttə ki, bu təəccüb doğurmaya bilməz.

Viktor Yaquna görə, bu, Dağıstanın özünü ifrat vəziyyətə salıb, ilk növbədə, orada rəhbər vəzifələrə yerli olmayanların təyin olunması faktı var. Xüsusən də başqa rayonlardan bəzi adamlar əsas vəzifələrə yerləşdirilir.

...Yeri gəlmişkən, mən hələ Dağıstanda baş verənləri hansısa İslam qruplaşmasının törətdiyi terror aktı ilə eyniləşdirməzdim. Birincisi, hazırda heç kim məsuliyyəti öz üzərinə götürməyib, ikincisi, siyasi və ya başqa xarakterli heç bir tələb irəli sürülməyib. İstisna etmirəm ki, bu, yerli əhali arasında bir növ daxili çəkişmə olub, çox yaxşı ola bilərdi ki, kimsə kimisə incidib, nə isə deyib və onlar silaha sarılaraq araşdırma aparıblar..?

Qeyd edək ki, bu da sabiq ukraynalı səlahiyyətlinin gəldiyi qənaətdir.

...Maraqlıdır, görən, Dağıstanın nə vaxtsa Rusiya Federasiyasının nəzarətindən çıxması təhlükəsi varmı? Axı, ruslar arasında keçirilən son sorğunun nəticələrinə görə, onların əksəriyyəti Dağıstanı (görən, təkcə Dağıstnımı?-A.B.) Rusiya ərazisi kimi qəbul etmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə