Konstitusiya Məhkəməsinin Plenumu Prezidentin sorğusuna baxır - YENİLƏNİB

İyunun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası işə başlayıb. SİA xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib.

İclasda sorğuverən tərəfin nümayəndələri qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov, cavabverən tərəfin nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri Fərid Hacıyev və ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov çıxış ediblər.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə