Gənclik, sən nə qədər gözəlsən…

Gənclik… İnsan ömrünün ən gözəl, əvəzolunmaz çağı. Əgər bilsək ki, gənclik əldən gedəndən sonra arxasınca düşüb axtaracaq, arayacaq, yenidən həyatımıza qaytarmağa çalışacağıq, lap əvvəldən onun qədir-qiymətini bilərik. Çünki gəncliyin nə qədər gözəl olduğunu onu yaşayarkən deyil, itirəndən sonra tam mənası ilə dərk edirik.

O vaxt dərk edirik ki, saçlarımız yavaş-yavaş ağarmağa başlayır. O ağlar bizi gənclikdən çox uzaqlara aparır. Nə qədər gözəl, təravətli görünməyə çalışsaq da, saçların arasından boylanan ağlar artıq başqa bir yolçuluğa çıxdığından xəbər verir.

Gəncliyin gözəlliyini, əvəzolunmazlığını o zaman dərk edirik ki, güzgü qarşısında gözlərimizin ətrafında kiçik qırışları görürük. O şüşə kimi dümdüz, hətta gülümsəyəndə belə heç bir qırış yaranmayan üzümüzdəki cizgilər bizə yeni bir yolun başlanğıcında oldumuzu söyləyir.

Gəncliyin əlimizdən uçmaqda olduğunu o zaman anlayırıq ki, ümumilikdə əvvəlki görkəmimizdən əsər-əlamət qalmır. Bu zaman nə etsək də gənclik dövrümüzün bir anını belə geri gətirə bilmirik. Üzümüzdəki qırışlar get-gedə daha da dərinləşir. Saçlarımız gündən-günə daha çox ağarmağa başlayır. Bəzənib-düzənəndə, geyinib-kecinəndə atrıq gənclikdə göründüyümüz qədər şux və gözəl görünmürük.

İllər gəncliyimizdən ötür… İllər gəncliyimizi bizdən qoparır. İllər həm də gözəlliyimizi və yaraşığımızı bizdən alır. Lakin fərqində olmuruq, düşünürük ki, elə həmişə belə görünəcəyik. Bu gözəlliyi, yaraşığı kim əlimizdən ala bilər ki? Bu, bizə məxsusdur. Bunu Yaradan verib bizə, bizim də olacaqdır. Lakin illər axı bunu demir, illər başqa sözlər söyləyir və söylədiklərinin hər birini həyat bizə yaşadır.

Elə ki, gəncliyin son akkordlarını dinləyirik, bundan sonra başlayırıq yavaş-yavaş yaşlanmağa. Hələ də gənclikdən əlimizi üzmürük. Düşünürük ki, yox, o, əlimizdən hara gedə bilər ki?.. Lakin gedir, həm də sürətlə gedir. Getdikcə də zərbələrini vurur. Biz anlayanda ki, yox, ta o gənclikdən heç nə qalmayıb, başlayırıq onu yenidən axtarmağa. Bunun üçün axtarışlar edirik, nələrə əl atırıq, nə əziyyətlər çəkirik, zəhmət sərf edirik, lakin gəncliyi daha heç yerdə tapa bilmirik.

Yaşlanırıq… Gəncliyin son nişanələrini itiririk. İtirdikcə də ən dəyərli nəyisə ititrdiyimizi hiss edirik. Deyirlər, adam nəyisə itirəndə, ölənədək gözü onu axtarır. Bax, bir də gənclik belədir. Baxırsan ki, yaş ötüb, olub 50-60, sən hələ də onu-gəncliyi axtarırsan. Gözlərin hər yerdə onu gəzir. Fotoları tökürsən qarşına, başlayırsan onlarla danışmağa. Kimlərəsə o şəkilləri göstərməklə gəncliyini göstərmək istəyirsən. Sənin də gənclikdə gözəl və yaraşıqlı olduğunu sübut etmək, hamının bilməsini istəyirsən.

Lakin bunlar da keçicidir. Andır, anlar isə keçir, gedir. Sənsə olduğun yerdəsən. Daha gənc deyilsən, yaşlanmaqdasan. Bax bu an ürəklər sızlayır. Düşünürsən ki, ah, nə tez ötüb getdi gəncliyim. Kaşki bir daha dönərdim o çağlara. Kaşki yenidən gənc olardım. Kaşki o illərin bircə anını geri qaytara bilərdim. Təəssüf ki, mümkün deyil. Gənclik getmişdir, yerinə yaşlılıq gəlmişdir. Ta sənin yol yoldaşın təravət deyil, soluxmuş üz, qırışlı əllərdir. Nə qədər çalşsan da, şux qamət deyil, o sürətli addımlar deyil, əyilmiş qamətinlə yavaşıyan addımlardır. Sənin yolyoldaşın günəşin zərrin şəfəqlərində parıldayan saçlar deyil, yıpranmış, ağarmış, daha parlamayan saçlardır.

Bəs ürəklər… Bəli, tək ürəyin gəncliyini bizdən qoparmağa heç bir qüvvənin gücü çatmır. İçimizdə, köksümüzdə bəlkə də o da qocalır, bilmirəm kiçilirmi deyim, yaşlanma səbəbindən formasını itirirmi deyim, lakin istəkləri, həyata baxışı, dəyişmir. O, gənclik duyğuları ilə yaşayan və bu duyğuları hər an insana anladan tək olanımızdır. Bəlkə elə buna görə deyirlər ki, ürək qocalmır. Qocalmır, bəli. Gənclikdən bizə qalan tək ürəklərimizdir. Bəlkə də tək ürək qocalmır ki, gəncliyi hər an insana anlada. Nə qədər gözəl bir dövrün əldən getdiyini hər an xatırlada və deyə ki, insan övladı, nə üçün qədrini bilmədin gəncliyin. Bəli, elə bu səbəbdən ürəyin qocalmamasına hökm verilib, inanın…

Beləcə, həyatda qiymətini biləcəyimiz, borclu olacağımız çox şeylər var. Gənclik də onlardan biridir. Gözəlliyimiz,yaraşığımız ilə birlikdə fəal, aktiv iş həyatımız da gəncliklə bağlıdır. Dünyaya övlad bəxş etməyimiz, onu böyük səbrlə böyütməyimiz də gəncliyin bəxşişidir. Ev qurmaq, ev sahibi olmaq da gəncliyin ərməğanıdır. Sözün həqiqi mənasında, bütün gözəl görünən hər şey gənclikdədir. Yaşayarkən qədrini bilmədiyimiz, sonra çıraq işığında axtardığımız gənclik…

Qədrini bilin gəncliyinizin, əziz gənclər. Həqiqətən də gəncliyi bayram etmək, onu xüsusi gün kimi qeyd etmək ən gözəl ənənələrdən biridir. Onu ildə bir gün deyil, hər gün bayram kimi xüsusi təntənə ilə anmaq lazımdır. Çünki insan övladına verilən ömrün dörd fəslinin ən gözəli gənclikdir. Gənclik bahardır, yazdır. Çiçəkləri, rayihəsi ilə gözəldir. Rəngləri, rəngarəngliyi ilə gözəldir.

Demirik ki, uşaqlıq, qocalıq çağları yaxşı deyil. Onların da özünəməxsusluqları var. Biz uşaq olmasaq, gəncləşə bilərikmi? Gənc olmasaq, yaşlaşa, nənə-baba ola bilərikmi? Nəvə sevgisini, şirinliyini yaşaya bilərikmi? Ağ saçlar, ağ saçlar deyirik, yaşlanmasaq o müdrikliyi yaşaya bilərikmi? Bütün fəsillər kimi, insan ömrünün də bütün çağları gözəldir. Lakin gəlin etiraf edək ki, gənclik onların ən gözəli və əvəzolumazıdır. Sən nə qədər gözəlsən, gənclik!

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə