"Xəyanətkar siyasət heç bir dövlətə və millətə uğur gətirməyəcək" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Bugünkü Ermənistan dövlətinin yaranmasında, formalaşmasında Rusiyanın müstəsna xidmətləri var". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, Ermənistanın həm siyasi, həm iqtisadi cəhətdən formalaşmasında, dövlət halına gəlməsində Rusiyanın müstəsna rolu var: "Bütün bu proseslər Rusiyanın himayəsi altında baş verib. Ermənistan böyük dövlətlərin əlində alətə çevrilərək öz məqsədlərinə çatmaq istəyib. Xatırladaq ki, Osmanlı dövründə ingilislərlə əməkdaşlıq edib Osmanlı dövlətinə xəyanət ediblər. İndi isə Birləşmiş Ştatların əlində alətə çevrilərək ruslara xəyanət etməkdədirlər. Unudurlar ki, Ermənistan dövlətini yaradan Rusiya olub. Bu gün Ermənistan həm iqtisadi, həm də siyasi baxımdan Rusiyadan asılıdır. Bu yaxınlarda Rusiya Prezidenti ilə Ermənistan baş nazirinin görüşü olmuşdur. Bu görüşdə Rusiya Prezidenti xüsusilə vurğuladı, Rusiyanın Ermənistanla ticarət əlaqələrinin genişlənməsini xatırlatdı. Bu o deməkdir ki, Ermənistan birbaşa iqtisadi baxımdan Rusiyadan asılıdır. Qərblə əməkdaşlıq eləməsi birbaşa Rusiyaya xəyanətdir. Bunu Rusiya Prezidenti Ermənistan baş nazirinə sətiraltı ifadələrlə çatdırdı. Buna baxmayaraq ermənilər erməni xislətindən əl çəkmirlər".

Onun sözlərinə görə, ümumilikdə ermənilərin ipinin üstünə odun yığılası deyil: "Bu gün düşünürlər ki, Birləşmiş Ştatlar dünyada güc mərkəzidir. Onların Birləşmiş Ştatların əlində alətə çevrilərək böyük Ermənistan yaratmaq arzuları var. Bu baxımdan Birləşmiş Ştatların əlində alətə çevrilərək Rusiyaya qarşı xəyanət etmələri bununla bağlıdır. Bu, böyük Ermənistan yaratmaq arzularından qaynaqlanır. Amma 44 günlük Vətən müharibəsi bu böyük layihəni darmadağın etdi. Böyük Ermənistan xülyasını ideoloji baxımdan fiyaskoya uğratdı. Ermənilərin apardığı bu cür ikili siyasət nəticə etibarilə uğursuzluğa düçar olacaq. Çünki belə xəyanətkar siyasət heç bir dövlətə, millətə uğur gətirməyəcək.

Bəzi hallarda da Qərbin özünə xəyanət edirlər. Rusiyanı Ukrayna münaqişəsi ilə əlaqədar sanksiyaya məruz qoyublar. Rusiyada iqtisadi cəhətdən əlaqələrini bəzi şirkətlər Ermənistan üzərindən həyata keçirir. Yəni Ermənistan bu iqtisadi məsələlərdə də Qərbin bəyan etdiyi siyasi kursa xəyanət edir. Ermənilərin fəaliyyətində heç bir prinsip qorunmur. Onlar ancaq öz məqsədlərini hər şeydən üstün tutur və onlar üçün heç bir müqəddəs prinsip yoxdur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə