"Ermənistan təzyiq edilən tərəf olacaq" POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Fransanın dövlət başçısı Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olacaq. Xatırlamaq lazımdır ki, bu formatda liderlər artıq bir dəfə onlayn olaraq görüşüblər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, Praqa sammiti çərçivəsində liderlərin yenidən görüşü olduqca vacibdir: "Nəzərə alsaq ki, görüş öncəsi Ermənistanın baş naziri Qarabağı Azərbaycandan ayırmağın mümkün olmayacağını deməsi və eləcə də erməni XİN Mirzoyanın da Azərbaycan tərəfindən təklif edilən sülh tələblərinin Ermənistan tərəfindən qəbul edilməməsi üçün heç bir ciddi əsasın olmamasını bildirməsi ümid verir ki, görüş zamanı əsas mövzu sülh sazişi ilə bağlı olacaqdır. Ötən gün ölkə başçısı cənab İlham Əliyev də Ağdamdakı çıxışı zamanı Ermənistan tərəfindən bu məsələ ilə bağlı pozitiv yanaşmanın olması ilə bağlı mesaj verildi. Bununla yanaşı, ABŞ da rəsmi olaraq iki ölkə arasında sülh sazişinin imzalanmasının tərəfdar olduğunu bildirmiş və hətta Ermənistana limitli vaxt da təyin edilmişdir. Rəsmi Moskva da Avroməkanda bu növ danışıqların aparılmasını dəstəkləyir. Əgər danışıqlarda ABŞ tərəf kimi çıxış etsəydi, onda müəyyən qısqanclıq və narazılıq kimi məqamları qeyd etmək olardı. Nəzərə almaq lazımdır ki, Paşinyan Praqadan sonra Moskvaya səfər edəcək. Bu da öz növbəsində hələ də Rusiyanın proseslərə müəyyən mənada təsiretmə imkanın olmasını deməyə imkan verir.
Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, erməni KİV-nin tirajladığı məlumata əsasən, Paşinyan Qərb və Rusiya tərəfindən hazırlanmış iki sülh sazişi paketi arasında seçim etməlidir: "Son zamanlar ABŞ və Qərbin Ermənistana göstərdiyi dəstək fonunda Paşinyanın məhz Qərb variantını seçəcəyini demək olar. Dördtərəfli görüşün əsas məqsədi sülh sazişinin mətninin dəqiqləşdirilməsi, sərhəd, anklav, itkin düşmüş şəxslər haqqında məlumatların təqdim edilməsi, qanunsuz silahlı erməni birliklərinin ərazidən çıxarılması və Zəngəzur dəhlizinin açılması kimi prioritet məqamları müzakirə etməkdir. Zatən Cenevrə görüşü zamanı bu bəndlər rəsmən Ermənistan tərəfində bir daha təqdim edilmişdir. Eyni zamanda, görüşdə Ermənistana görüşdən sonra Ermənistanın mövqeyində hansısa, radikal dəyişikliklər fonunda Azərbaycana qarşı edilə biləcək hansısa təxribat zamanı Azərbaycan tərəfindən transsərhəd əməliyyatının keçirilməsi və təhlükəsizlik bufer zonanın yaradılması da yüksək notlarla çatdırılacaq. Sammit çərçivəsində, eyni zamanda, Türkiyə prezidenti ilə Ermənistan baş nazirinin də görüşü baş tutacaq. Burada da əsas mövzulardan biri sülh sazişi olacaqdır. Bunu artıq Türkiyə tərəfi təsdiq edib. Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Azərbaycanın maraq və təhlükəsiliyinə uyğun addımlar atacağını dəfələrlə bəyan edib. Budəfəki görüş zamanı da məhz bu məqamlar bir daha təkrar olunacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə və Ermənistan rəhbərləri birinci dəfədir ki, görüşürlər. Görünən odur ki, Praqa görüşündə təzyiq edilən tərəf Ermənistan olacaq. Aİ və Qərb bu məslədə Azərbaycana qarşı ziddi heç bir akta getməyəcək. Keçən gün Ermənistanın ciddi cəhdlərinə baxmayaraq Aİ rəsmisi Josef Borrel bir daha Azərbaycana qarşı hansısa sanksiyanın tətbiq edilməyəcəyini və enerji müqavilələrinə sadiq qalacaqlarını bəyan edib. Bu bir daha son dövlər Azərbaycanın həyata keçirdiyi enerji diplomatiyasının məhz siyasi dividentlərə də hesablandığını deməyə imkan verir. Ermənistan çətin şərtlər daxilində Azərbaycanla sülh müqaviləsini imzalamalı olacaq. Bu, ən çox Ermənistanın bir dövlət kimi mövcudluğuna bağlı olan məsələdir. Bunu erməni dövləti, cəmiyyəti və müxalifəti çox gözəl anlayıb".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə