Biznes forumu işgüzar əlaqələr qurmaq üçün ən yaxşı fürsətdir

Mayın 18-də Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıdakı Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumu keçirildi və bu, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini bir daha göstərdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda həmin gün mətbuata bəyanatlarla çıxış ediblər. Ölkəmizin başçısı öz bəyanatında bir sira mühüm və vacib məsələlərə toxunub. İlk növbədə qeyd edilib ki, Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə razılıq əməkdaşlığın mahiyyətini əks etdirir və ölkələr arasındakı güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür.

Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxış edərkən bu iki dost ölkə mövcud olan güclü siyasi münasibətləri qeyd edib və bildirib ki, Litva Prezidentinin səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Hazırda iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayələrinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idisə, hal-hazırda investisiya bərpaolunan enerji sahəsini də əhatə edir.

Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təminatında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqı ölkələrinə neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Hazırda Avropada Azərbaycanın enerji resurslarına ehtiyac heç vaxt olmadığı qədər böyükdür. Bu gün dünyada yaranmış vəziyyət göstərir ki, Avropa istehlakçılarına əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.

Ölkə başçımız qeyd edib ki, “Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir”.

Hər iki dövlət birgə səyləri, layihələri, daha çox məlumatlandırmalarla möhkəm iş birliyi qura bilərlər. Ona görə də Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Əminik ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu forumdan və keçirdikləri görüşlərdən faydalanacaq, iqtisadi əlaqələrimiz daha da möhkəmlənəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında bildirib. Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var.

“Biz, həmçinin Gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Postmünaqişə vəziyyətinə gəldikdə, bizdə müəyyən nikbinlik var. O fakta əsaslanaraq ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycanın açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev ümid etdiyini bildirib ki, Ermənistan həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh sazişi üçün əsas olacaq.

Dövlətimizin başçısı həm Ermənistana, həm də dünya erməniliyinə bir daha önəmli mesajlar verdi. Artıq dünya birliyi də Ermənistan üzərində tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıları qəbul edir. Bu reallıqlardan biri də ölkəmizin Cənubi Qafqazda sülh və əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasıdır. Artıq ölkəmiz tərəfindən bu istiqamətdə təsirli addımlar atılmaqdadır. Ümumiyyətlə, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Bunu Ermənistan rəhbərliyi də düşünməlidir. Çünki bu ölkənin başqa çıxış yolu qalmayıb. Azərbaycanın qarşıya qoyduğu prioritet vəzifələrdən biri Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyidir. Vətən müharibəsindən sonra bu istiqamətdə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün imkan yaranıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir.

S.İsmayılova vurğulayıb ki, Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul edib. Ölkəmizin təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüququn normalarına uyğundur. Ermənistan bu prinsiplərə sadiqliyini ehtiva edən mövqe nümayiş etdirərsə, o zaman sülh sazişinin imzalanması üçün əsas yaratmış olar. İkinci Qarabağ müharibəsi qurtarandan dərhal sonra Azərbaycan sülh müqaviləsinin bağlanılmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını açıq şəkildə dəstəkləməyə başlayıb. Artıq Ermənistan rəhbərliyi də dərk etməlidir ki, Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Dövlətimizin başçısı, həmçinin deyib ki, biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı da razılaşdırılıb ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar.

Ermənistanın bu zəruri məsələyə məsuliyyətsiz mövqeyindən söhbət açan S.İsmayılova deyib: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi. Lakin aprelin 29-da Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Ermənistan mayın 7-11-də sərhəddə yeni görüşün keçirilməsindən də imtina etdi. Bu, qonşu dövlətlərin torpaqlarını işğal etməyə vərdiş etmiş bir dövlətin sülh müqaviləsindən yayınmasını təsdiqləyən faktlardır”.

Azərbaycan BMT Nizamnaməsinin bizə verdiyi hüquqdan, özünü müdafiə hüququndan tam yararlandı. Biz təxminən 30 il danışıqlara sadiq qaldıq, lakin onlar sıfır nəticə verdi.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında İkinci Qarabağ müharibəsi barədə danışarkən səsləndirib.

“Uzun müddət ərzində mən şəxsən hər zaman Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdım. Əgər sanksiyalar, özü də, ciddi sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistan çox xüsusi münasibətdən yararlandı və beynəlxalq hüququ kobud şəkildə pozduğuna, digər ölkənin ərazisini işğal etdiyinə baxmayaraq, Ermənistana heç bir sanksiya tətbiq edilmədi”, - deyə dövlətimizin başçısı vurğulayıb

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etməli oldu, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini özü icra etməli oldu. Nəhayət, döyüş meydanında və danışıqlar masasında Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur.

Rəhimə Əşrəfova

Xəzər rayonu, 121 saylı tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə