Mais Səfərli: “Müxalifət partiya sədrləri demokratiyadan danışsalar da, demokratiyadan uzaqdırlar” AÇIQLAMA

"Dağıdıcı müxalifət partiyalarında yeniliklərin olmaması həmin partiyalara rəhbərlik edən liderlərin şəxsi ambisiyaları və onların bağlı olduqları bu və ya digər qütblərlə əlaqəlidir. Bəzi hallarda olur ki, sözügedən liderlər belə bir fikirə gəlirlər ki, müxalifətdə olan məsələləri həll etmək üçün bir araya gəlsinlər. Amma burada onları idarə edən qüvvələr var". Bu fikirləri SİA-ya açıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli müxalifət partiya liderlərinin bir araya gələ bilməməklərinə, eləcə də digər çatışmayan cəhətlərinə münasibət bildirərkən deyib.

"Ona görə də, onlar birləşə bilmirlər"-deyə, qeyd edən partiya sədri onu da bildirib ki, müxalifət düşərgəsində olan liderlərin bir çoxu özbaşına qərar qəbul etmirlər: "Müxalifət partiya sədrlərinin bağlı olduqları bir çox qaranlıq qüvvələr var ki, həmin qüvvələr də onları yönləndirir. Ona görə də dağıdıcı müxalifət partiyalarında təmsil olunan liderlərin həm şəxsi ambissiyaları, həm də bağlı olduqları qütblərin maraqları sözügedən partiya liderlərinin bir araya gəlməsinə imkan vermir".

Mais Səfərlinin fikrincə, Azərbaycan qanunlarına görə, siyasi təşkilatların xarici ölkələr tərəfindən maliyyələşdirilməsi qəti qadağandır: "Bu cür qanun yalnız bizim ölkəmizdə deyil, o cümlədən bütün dünya ölkələrində mövcuddur. Burada "Siyasi Partiyalar Haqqında" Qanunun mövcud olmasının əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə fəaliyyət göstərən siyasi təşkilatlar xarici qüvvələrin təsiri altına düşməsinlər. Dağıdıcı müxalifət düşərgəsində partiya sədrləri xarici təşkilatlar tərəfindən maliyyə yardımları alsa belə, bu açıq şəkildə baş vermir. Yəni, sözügedən partiya rəhbərləri özlərinə yaxın olan QHT-lərin vasitəsi ilə xaricdən maliyyə yardımları alır. Təbii ki, həmin partiyalara yaxın olan QHT-lər də, xaricidən aldığı maliyyə yardımlarını bu partiyaların fəaliyyətinin maliyyələşməsinə yönəldir".

Partiya sədri onu da bildirdi ki, dağıdıcı müxalifət liderlərinin öz yerlərini tərk etməməsinin səbəbi sözügedən partiyalarda demokratizmin olmamasıdır: "Müxalifət düşərgəsində partiya sədrləri demokratiyadan danışsalar da, özləri demokratiyadan uzaqdırlar. Yəni, bu liderlər öz partiyalarına nəzər yetirmirlər ki, axı burada demokratizmi təmin etmək lazımdır. Çünki sözügedən partiyada hər bir partiya üzvünün səsi eşidilməlidir. Əgər müxalifət partiyalarında demokratiya olsaydı, bu partiyalar çoxdan həmin liderləri istefaya göndərərdilər. Ölkədə fəaliyyət göstərən partiyalar ayrı-ayrı şəxslərin ətrafında yaranan partiyalardır. 1993-ci ildən bu yana dağıdıcı müxalifət partiya sədrləri ölkədə keçirilən bütün seçkiləri uduzub. Təbii ki, bu halda bu liderlər rəhbərlik etdiyi partiyanı tərk edərək siyasi arenadan çıxıb getməlidir".

Mais Səfərli onu da bildirib ki, müxalifət partiyalarına yeni ideyalara malik olan yeni liderlər gəlsə, təbii ki, sözügedən partiyalar inkişaf edərək bir çox dəyişikliklər əldə edə bilər: "Yəni müxalifət düşərgəsində olan partiyaların yeni nəfəsli liderlərə ehtiyacı var. Əgər bu baş verməsə, müxalifət partiyalarının dağılması qaçılmazdır".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə