“Sosial ədalət və bərabərlik milli birliyin möhkəmlənməsinə xidmət edir” -ŞEYX ƏBDÜL MAHMUDOV
“Məktəblərdə vahid geyim qaydalarının tətbiqi, ilk növbədə, sosial ədalətin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri SİA-ya açıqlamasında Xalq artisti, kinorejissor və ssenarist Şeyx Əbdül Mahmudov deyib.
Onun sözlərinə görə, Azərbaycanda müxtəlif sosial təbəqələrə mənsub ailələr var:
”İmkanlı və aztəminatlı ailələrin övladları eyni məktəbdə təhsil alırlar. Buna görə də məktəblərdə elə bir mühit formalaşdırılmalıdır ki, uşaqlar arasında maddi vəziyyətə görə fərqlər və ayrı-seçkilik yaranmasın.
Bu məsələdə ilk növbədə müəllimlər nümunə göstərməlidirlər. Müəllim yalnız bilik verən deyil, həm də gələcək nəslin tərbiyəsində mühüm rol oynayan şəxsdir. Buna görə də müəllimlər geyimlərinə və xarici görünüşlərinə xüsusi diqqət yetirməli, şagirdlər üçün nümunə olmalıdırlar. Müəllimin cəmiyyətdəki mövqeyi və məsuliyyəti onun davranışında, geyimində və peşəsinə münasibətində də özünü göstərməlidir.
Vahid məktəbli formasının digər mühüm tərəfi sosial bərabərliyin qorunmasıdır. İmkanlı ailələrin uşaqları bahalı geyimlərlə məktəbə gəldikdə, maddi imkanı zəif olan ailələrin övladları özlərini fərqli hiss edə bilərlər. Bu isə uşaqlar arasında istər-istəməz müqayisələrə, fərqlilik hissinə və ayrı-seçkiliyə yol aça bilər. Vahid forma bu cür halların qarşısını almağa və bütün şagirdlərin bərabərliyini təmin etməyə kömək edir.
Məktəb özünü nümayiş etdirmək üçün deyil, təhsil almaq, bilik qazanmaq və inkişaf etmək üçün nəzərdə tutulmuş məkandır. Burada əsas diqqət geyimə və maddi imkanlara deyil, elmə, biliyə, intizama və tərbiyəyə yönəlməlidir. Məktəbin ab-havası da məhz bu dəyərlər üzərində qurulmalıdır.
Sosial ədalətin təmin olunması milli birliyin möhkəmlənməsinə də xidmət edir. Vətən, xalq və dövlət kimi ali dəyərlərə bağlılıq ailədən başlayır, məktəbdə inkişaf edir və sonradan cəmiyyətdə özünü göstərir. Buna görə də uşaqların təməl tərbiyəsi elə qurulmalıdır ki, onlar məktəbdə ayrı-seçkiliklə deyil, bərabərlik, elm və sağlam dəyərlərlə qarşılaşsınlar.
Hesab edirəm ki, vahid məktəbli geyimi bu baxımdan mühüm sosial ədalət vasitəsidir və məktəblərdə bərabər, sağlam təhsil mühitinin formalaşmasına töhfə verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB