“Azərbaycan qlobal dialoq və əməkdaşlıq üçün etimad məkanına çevrilir” - Rizvan Nəbiyev
Azərbaycanın milli maraqlara əsaslanan müstəqil və çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirir, strateji imkanlarını genişləndirir. Müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq quran Azərbaycan regional və qlobal gündəliyin formalaşmasına töhfə verir.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev bugünkü plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini və prioritetlərini bir daha ortaya qoyub. Onun sözlərinə görə, ölkəmiz hər hansı geosiyasi blokun təsir dairəsinə daxil olmadan strateji prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir və həyata keçirir.
Rizvan Nəbiyev qeyd edib ki, müstəqil xarici siyasətin mühüm nəticələrindən biri Azərbaycanın beynəlxalq proseslərdə mövqeyi nəzərə alınan, təşəbbüsləri və təsir imkanları qəbul edilən etibarlı tərəfdaş kimi tanınmasıdır. Çinlə hərtərəfli strateji tərəfdaşlığın qurulması, ABŞ-la strateji tərəfdaşlıq xartiyasının imzalanması, eləcə də Avropa İttifaqının üzv dövlətləri ilə əlaqələrin inkişafı Azərbaycanın diplomatik imkanlarının genişliyini göstərir.
Deputat vurğulayıb ki, Azərbaycanın xarici siyasətində əsas məqamlardan biri müxtəlif tərəfdaşlıqların bir-birinə alternativ kimi təqdim edilməməsidir. Ölkəmiz müxtəlif istiqamətlərdə əlaqələrini inkişaf etdirərək beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bu siyasət Azərbaycanın qarşıdurma içində olan tərəflər arasında təmasların qurulduğu platformaya çevrilməsinə də şərait yaradır.
O bildirib ki, belə bir mövqeyə sahib olmaq üçün yalnız əlverişli coğrafi mövqe kifayət etmir. Dövlətin və onun liderinin beynəlxalq tərəfdaşlar arasında etimada və etibara malik olması da mühüm əhəmiyyət daşıyır.
Rizvan Nəbiyev Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəallığının artmasına da diqqət çəkib. O qeyd edib ki, ölkəmizin 2024-cü ildə D-8 təşkilatına üzv qəbul edilməsi, 2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması və Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etməsi xarici siyasət coğrafiyasının genişlənməsinin mühüm göstəriciləridir.
Deputatın sözlərinə görə, Azərbaycanın Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində sədrliyi, eləcə də qarşıdakı illərdə nəzərdə tutulan beynəlxalq tədbirlər ölkəmizin çoxtərəfli diplomatiyada rolunu daha da artırır. 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə və İslam Əməkdaşlıq Təşkilatına sədrlik, İƏT-in XVI Zirvə görüşünə ev sahibliyi, 2028-ci ildə isə MDB-yə sədrlik və Avropa Siyasi Birliyinin Zirvə görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq dialoq məkanı kimi əhəmiyyətini gücləndirəcək.
Rizvan Nəbiyev əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda əməkdaşlıq üçün yeni siyasi reallıqlar yaradıb. Prezident İlham Əliyevin sülh və əməkdaşlıq strategiyası əldə edilmiş nəticələrin dayanıqlı sabitliyə, iqtisadi inteqrasiyaya və qarşılıqlı etimada çevrilməsini hədəfləyir.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın xarici siyasətdə artan fəallığı ölkənin iqtisadi, siyasi və hərbi imkanları ilə uzlaşır. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda və YAP-ın VIII Qurultayında Azərbaycanın orta güc kimi mövqeyinə dair səsləndirdiyi fikirlər də bu strateji baxışı əks etdirir.
Onun sözlərinə görə, orta güc statusunun əsas meyarları iqtisadi müstəqillik, suveren qərarvermə qabiliyyəti, milli maraqların müdafiəsi və beynəlxalq proseslərə təsir imkanlarıdır. Azərbaycanın müstəqil xarici siyasəti, regional sülh təşəbbüsləri və genişlənən strateji tərəfdaşlıqları ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirən başlıca amillərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB