Bakıda İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi Azərbaycan Pencak Silat İcmasının (APSİ) fəaliyyətini rəsmən təsdiqləyib.
SİA xəbər verir ki, İndoneziyanın milli döyüş sənəti olan və UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən Pencak Silat İndoneziya ilə Azərbaycan arasında dostluq münasibətlərinin və mədəni əlaqələrin inkişafına töhfə verir.
İndoneziyanın Bakıdakı səfirliyi Azərbaycan Pencak Silat İcmasını ölkə ərazisində bu idman növü üzrə fəaliyyətlərin təşkili və inkişafının əlaqələndirilməsində əsas qurum kimi tanıyıb və dəstəkləyib. Bu addımın aidiyyəti dövlət qurumlarının və nazirliklərin diqqətini Pencak Silata yönəldəcəyi, idman növünün hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə, eləcə də Azərbaycanda daha geniş inkişafına şərait yaradacağı gözlənilir.
Tədbirdə İndoneziya səfirliyinin diplomatik heyətinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri və yerli media təmsilçiləri iştirak ediblər. Mərasim hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Pencak Silat İcmasının prezidenti Məqami Bayramov və səfir Berlian Helmi çıxış ediblər.
Çıxışında səfir Berlian Helmi Pencak Silatın uzun illərdir beynəlxalq səviyyədə tətbiq olunan döyüş sənəti olduğunu, bir çox ölkənin idmançılarının bu növ üzrə beynəlxalq yarışlarda mübarizə apardığını vurğulayıb.
Səfir Azərbaycan Pencak Silat İcmasının qısa müddətdə güclü idmançılar hazırlayaraq dekabrın 5–12-də Özbəkistanın Daşkənd şəhərində keçirilməsi nəzərdə tutulan 21-ci Dünya Pencak Silat Çempionatında iştirak edəcəyinə və uğur qazanacağına ümidvar olduğunu bildirib.
APSİ-nin prezidenti Məqami Bayramov İndoneziya səfirliyinin göstərdiyi dəstəyə və İcmanın fəaliyyətinin rəsmən tanınmasına görə təşəkkürünü ifadə edib. O, bu addımın Azərbaycanda Pencak Silatın tanıdılması və inkişafı istiqamətində görülən işlərə əlavə stimul verəcəyini, həmçinin idmançıların dünya çempionatında iştirak üçün hazırlıqlarını gücləndirməsinə töhfə verəcəyini qeyd edib.
Rəsmi mərasim təşkilat komitəsi tərəfindən təsis sənədinin oxunması ilə davam edib. Daha sonra sənəd İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi tərəfindən imzalanıb və İcmanın idarə heyətinin üzvləri ilə xatirə fotosu çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB