Yeni hədəflərin reallaşdırılması növbəti uğurlara yol açacaq

Yeni hədəflərin reallaşdırılması növbəti uğurlara yol açacaq

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının XII konfransı keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə partiyamız hər zaman milli maraqların qorunmasında prinsipial mövqe nümayiş etdirir. Onun sözlərinə görə, YAP Oğuz rayon təşkilatı ölkədə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin təbliği, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunun artırılması və digər istiqamətlərdə öz fəaliyyətini davam etdirib.

Çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov bildirib ki, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün dünyanın nüfuzlu və qüdrətli dövlətləri sırasındadır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz davamlı nailiyyətlər qazanmaqdadır. C.Əbdul-Qədirov çıxışında Oğuz rayonunun inkişafı ilə bağlı görülən işlər və bu prosesdə YAP üzvlərinin iştirakı barədə də fikirlərini ifadə edib.

Milli Məclisin deputatı Eyvaz Qurbanov çıxışında Yeni Azərbaycan Partiyasının cəmiyyətin aparıcı siyasi qüvvəsi olduğunu bildirib. O qeyd edib ki, ötən dövr ərzində partiya mühüm uğurlara imza atıb. E.Qurbanovun fikrincə, qazanılan uğurlarla yanaşı, qarşıda dayanan mühüm vəzifələr də vardır və yeni hədəflərin reallaşdırılması növbəti uğurlara yol açacaqdır.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Xəqani Tağıyev isə qeyd edib ki, YAP avanqard siyasi qüvvə kimi böyük nüfuza sahibdir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin Azərbaycanın uğurlu inkişafının və gələcək perspektivlərinin təmin olunmasında böyük rolu var.

Konfransda, həmçinin YAP Oğuz rayon təşkilatının Qumlaq ƏPT-nın sədri Qamət Nəbiyev, Xalxal ƏPT-nın sədri Ramin Dadaşov, Oğuz şəhər 4 nömrəli ƏPT sədri Günel Abdullayeva, YAP Oğuz rayon təşkilatı Bayan-2 ƏPT sədri Ceyhun Kərimov və təşkilatın veteran üzvü Azad Əliyev çıxış ediblər.

Konfransda YAP Oğuz rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə