"Azərbaycan enerji infrastrukturunu ardıcıl şəkildə gücləndirir" - ŞƏRH EDİLDİ

"Azərbaycan enerji infrastrukturunu ardıcıl şəkildə gücləndirir" - ŞƏRH EDİLDİ

"Ölkəmizdə elektrik enerjisi istehsalı üzrə generasiya güclərinin artırılması daim prioritet istiqamətlərdən biri olub. Yeni Səngəçal yarımstansiyasının istifadəyə verilməsi də bu siyasətin davamı və enerji sektorunun inkişafı istiqamətində atılan mühüm addım kimi qiymətləndirilməlidir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, uzun illərdir ki, Azərbaycan həm yaşıl enerji, həm də elektrik enerjisi istehsalı sahəsində ciddi və ardıcıl addımlar atır:

"Bu siyasət ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji təminatının daha da yaxşılaşdırılmasına və elektrik enerjisi sisteminin dayanıqlılığının artırılmasına xidmət edir.

Eyni zamanda, generasiya güclərinin artırılması və elektrik enerjisi istehsalının yüksəldilməsi Azərbaycanın enerji ixracı imkanlarının genişlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Ölkəmiz daxili tələbatı yüksək səviyyədə təmin etməklə yanaşı, elektrik enerjisini xarici ölkələrə, xüsusilə qonşu dövlətlərə və Avropa ölkələrinə ixrac etməklə enerji və iqtisadi potensialını daha da gücləndirir.

Elektrik enerjisinin ixracı Azərbaycanın iqtisadi imkanlarının genişlənməsinə, əlavə gəlirlərin əldə olunmasına və ölkə iqtisadiyyatının inkişafına mühüm töhfə verir. Bu baxımdan enerji istehsalının artırılması və ixrac imkanlarının genişləndirilməsi dövlətimizin əsas iqtisadi və strateji prioritetlərindən biri hesab olunur.

Bununla yanaşı, keyfiyyətli enerji təminatının yaradılması, ölkə vətəndaşlarının fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi də həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Yeni Səngəçal yarımstansiyasının istifadəyə verilməsi də məhz bu baxımdan Azərbaycanın energetika sahəsinə mühüm töhfədir. Bu yarımstansiyanın açılışı ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsi, elektrik enerjisi sisteminin modernləşdirilməsi, enerji təminatının keyfiyyətinin yüksəldilməsi və bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasətinin növbəti mühüm göstəricisidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə