"Müharibənin nəticəsini güclü mövqe müəyyən edə bilər" - ŞƏRH EDİLDİ

"Müharibənin nəticəsini güclü mövqe müəyyən edə bilər" - ŞƏRH EDİLDİ

"Rusiya-Ukrayna müharibəsi hazırda özünün ən mürəkkəb mərhələlərindən birini yaşayır. Çünki qarşı duran hər iki tərəf - həm Ukrayna, həm də Rusiya müəyyən fasiləyə və atəşkəsə ehtiyac duyur. Lakin tərəflər hələlik sülh masası arxasına əyləşmək üçün əlverişli şəraitin formalaşmasına imkan vermirlər".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, bunun əsas səbəbi ondan ibarətdir ki, həm Rusiya, həm də Ukrayna mümkün danışıqlardan əvvəl öz mövqelərini möhkəmləndirməyə və üstünlüklərini artırmağa çalışır. Məhz buna görə də hərbi əməliyyatlar və qarşılıqlı zərbələr daha intensiv xarakter alıb:

"Müharibənin ilk mərhələlərində döyüşlər əsasən Ukrayna ərazisində gedirdi. Rusiya Ukraynanın müxtəlif bölgələrinə zərbələr endirir, Ukrayna isə daha çox müdafiə mövqeyində çıxış edirdi. Hazırkı mərhələdə isə vəziyyət ciddi şəkildə dəyişib. Ukrayna artıq hərbi əməliyyatların təsirlərini birbaşa Rusiya ərazisinə daşımağa nail olur.

Rusiyanın enerji və logistika infrastrukturuna, eləcə də iqtisadi əhəmiyyət daşıyan müəssisələrinə zərbələr endirilir. Bu hücumların nəticəsində Rusiyada daxili enerji problemlərinin yarandığı müşahidə olunur. Enerji sahəsində yaşanan çətinliklər öz növbəsində sosial-iqtisadi problemlərin dərinləşməsinə səbəb ola bilər.

Əgər yaxın aylarda enerji və sosial-iqtisadi problemlər daha da ağırlaşarsa, Rusiyada hakimiyyətə qarşı ictimai narazılıqların və etirazların artması ehtimalı yüksələ bilər. Bu isə Rusiyanın daxili siyasi və iqtisadi baxımdan daha mürəkkəb mərhələyə daxil ola biləcəyini göstərir.

Mövcud vəziyyət o qədər mürəkkəbdir ki, qarşı duran tərəflərdən hansının qələbə qazanacağını dəqiq proqnozlaşdırmaq çətindir. Lakin son proseslər Rusiyanın bu müharibədə həlledici hərbi qələbə əldə etmək imkanlarının zəiflədiyini göstərir.

Xüsusilə Ukraynanın öz hərbi-sənaye kompleksini inkişaf etdirməsi, zərbə dronları, raketlər və digər hərbi sistemlər istehsal etməyə başlaması onun imkanlarını genişləndirib. Ukrayna artıq müəyyən silah növlərini özü istehsal edir və onları döyüş meydanında tətbiq edir.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Ukrayna müharibəsinin növbəti mərhələsi yalnız cəbhədə deyil, həm də sülh danışıqları masasında tərəflərdən hansının daha güclü mövqeyə malik olacağını müəyyənləşdirə bilər. Gələcək sülh şərtlərinin hansı tərəfin üstün mövqeyi əsasında formalaşacağı isə müharibənin əsas məsələlərindən birinə çevriləcək".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə