Azərbaycan qlobal iqtisadi əməkdaşlığın mühüm iştirakçısına çevrilib

ŞƏRH
Azərbaycan qlobal iqtisadi əməkdaşlığın mühüm iştirakçısına çevrilib

Azərbaycan ilə Almaniya arasında yüksəksəviyyəli siyasi dialoqdan sonra Berlində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu sənəd əməkdaşlığın mövcud səviyyəsini əks etdirməklə yanaşı, həm də mühüm siyasi istiqamət olaraq, gələcək üçün strateji tərəfdaşlığın əsas istiqamətlərini müəyyən edir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikri Milli Məclisin üzvü Anatoli Rafailov bölüşüb.

“Bu gün Avropanın enerji təhlükəsizliyindən danışarkən Azərbaycanın xüsusi rolunu qeyd etməmək mümkün deyil. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmiz Avropanın etibarlı və məsuliyyətli enerji tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi artıq sadəcə iqtisadi layihə deyil, həm də Avropa qitəsinin enerji təhlükəsizliyinin əsas təminatlardan biridir. Alman şirkətləri ilə imzalanan on illik saziş çərçivəsində birinci mərhələdə Almaniyaya hər il 1,5 milyard kubmetr, növbəti mərhələdə isə 2 milyard kubmetrə qədər Azərbaycan qazının çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunun daha bir sübutudur”, - deyə o bildirib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən səsləndirilən prinsipial mövqe xüsusi diqqətə layiqdir: “Əgər Avropa Azərbaycan qazının tədarükünün artırılmasında maraqlıdırsa, istehsalın genişləndirilməsi və yeni ixrac marşrutlarının inkişaf etdirilməsi üçün lazım olan investisiyaların cəlb edilməsinə müvafiq dəstək verməlidir. Bu, qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlıq üçün məntiqi tələbdir”.

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının yeni mərhələyə keçməsinin Azərbaycanın uğurlu xarici iqtisadi siyasətinin və ölkəmizin investisiya mühitinə artan beynəlxalq etimadın əyani sübutu olduğunu deyən A.Rafailov rəsmi səfər çərçivəsində Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının iki dövlətin biznes dairələri arasında əlaqələrin daha sistemli və institusional inkişafı üçün mühüm platformaya çevriləcəyini sözlərinə əlavə edib.

“Bu mexanizm qarşılıqlı investisiyaların cəlb edilməsinə, yeni birgə layihələrin həyata keçirilməsinə və iqtisadi tərəfdaşlığın uzunmüddətli inkişafına kömək edəcək. Bu gün Azərbaycanın əsas prioritetlərindən biri Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinin ən müasir standartlara uyğun bərpasıdır. Almaniyanın sənaye, mühəndislik və yüksək texnologiyalar sahəsində geniş təcrübəsi bu prosesdə əhəmiyyətli rol oynaya bilər. Xüsusilə, yaşıl enerji, “ağıllı şəhər”lər, rəqəmsal iqtisadiyyat, innovasiyalar və sənaye istehsalının inkişafına dair layihələrə alman şirkətlərindən investisiyaların cəlb edilməsi həm regionun sürətlənmiş inkişafına, həm də Azərbaycan iqtisadiyyatının şaxələndirmə strategiyasının həyata keçirilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək”, - deyə deputat əlavə edib.

A.Rafailov vurğulayıb ki, müasir Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən, Avrasiyanın nəqliyyat marşrutlarını birləşdirən, regional sülh təşəbbüsləri irəli sürən və qlobal iqtisadi əməkdaşlığın mühüm iştirakçısı olan dövlətə çevrilib. Almaniya ilə münasibətlərdə yeni mərhələ bu reallığın beynəlxalq səviyyədə tanınmasının növbəti təsdiqidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə