"Bu, regional əməkdaşlıq kontekstində formalaşmış qarşılıqlı etimada da ciddi zərbə vura bilər" - ŞƏRH EDİLDİ

"Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində keçirilən görüş zamanı Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli mövzuların gündəmə gətirilməsi heç bir halda qəbul edilən deyil".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və ümumiyyətlə, heç bir güc tərəfindən siyasi manipulyasiya vasitəsi kimi istifadə oluna bilməz:

"Rusiya Federasiyası da daxil olmaqla qlobal sistemin bütün aktorları Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu tanıyır və belə müzakirələr zamanı bu mövzu ətrafında hər hansı formada müzakirələrin aparılması, yaxud zamanında Qarabağın kim tərəfindən “verilməsi” kimi absurd və əsassız fikirlərin səsləndirilməsi heç bir halda qəbul edilə bilməz.

Diplomatik kanallar vasitəsilə Azərbaycanın rəsmi mövqeyinin bildirilməsi də açıq şəkildə göstərir ki, suverenliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüzlə bağlı məsələlərdə hər bir dövlət həssas yanaşma sərgiləməyə məcburdur. Bu istiqamətdə hər hansı hörmətsizlik Azərbaycan tərəfindən qəbul edilə bilməz.

Azərbaycanın əsas prioriteti hazırda regional sabitliyin təmin olunması, Ermənistanla danışıqların davam etdirilməsi və kommunikasiya xətlərinin açılması istiqamətindədir. Yaranmış yeni reallıqlar fonunda Rusiya da daxil olmaqla bütün dövlətlər bu istiqamətdə atılan addımları birmənalı şəkildə qəbul etməli və Azərbaycanın suverenlik hüquqlarına hörmət prinsipini ikitərəfli və çoxtərəfli münasibətlərdə əsas prioritet kimi qəbul etməlidirlər.

Əks halda, belə spekulyativ addımların atılması və siyasi təzyiq vasitəsi kimi istifadə olunması cəhdləri ikitərəfli münasibətlərə mənfi təsir göstərməklə yanaşı, regional əməkdaşlıq kontekstində formalaşmış qarşılıqlı etimada da ciddi zərbə vura bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə