"Rusiya bölgələrində təqiblər davam edir" - ŞƏRH EDİLDİ

"Rusiyanın mövcud siyasi xarakteri Azərbaycana qarşı düşməncəsinədir. Düşünmürəm ki, bu vəziyyət yalnız miqrantlara təsir edir. Əslində bu, Rusiyanın öz ərazisində, öz vətənində yaşayan qeyri-rus xalqların vəziyyətini də son dərəcə ağırlaşdırıb". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu gün faktiki olaraq Rusiyanın bütün bölgələrində rus millətindən olmayan, slavyan tipli görünüşə malik olmayan insanlara qarşı kütləvi təqiblər başlanıb.

Üz cizgiləri bir qədər fərqli olan şəxslərə rus icmasının nümayəndələri tərəfindən hücumlar edilir. Bununla yanaşı, rus polisi də bu insanlara qarşı zorakılıq tətbiq edir, onları təhqir edir, döyür və zorla müqavilələr imzaladaraq Ukraynaya qarşı müharibəyə göndərir. Hazırda Rusiyanın hər yerində qeyri-rus xalqlara qarşı açıq şəkildə bir “ov” kampaniyası aparılır.

Bu təqiblər yalnız azərbaycanlılara qarşı deyil. Azərbaycanlılarla yanaşı özbəklər, türklər, digər respublikalardan olan insanlar da hədəfə alınır. Eyni zamanda tatarlar, başqırdlar, yakutlar, saxalar, altaylılar, xakaslar, çuvaşlar, buryatlar, dağıstanlılar, çeçenlər, inquşlar və digər xalqlar da bu təzyiqlərə məruz qalır. Yəni slavyan olmayan bütün xalqlara qarşı faktiki olaraq bir şovinist yürüş başlamışdır.

Bu gün Rusiyanın daxilində insanların təhlükəsizliyi ciddi problemə çevrilib. Ona görə də bir daha qeyd edirəm ki, bu vəziyyətdən çıxışın yeganə yolu Rusiya Federasiyası adlı işğalçı imperiyanın dağılmasıdır. Rusiya bölünməli, xalqlar azad olmalı və yeni müstəqil dövlətlər yaradılmalıdır. Bu dövlətlərin idarəçiliyində isə həmin xalqların özləri dayanmalıdır.
Tatarların, başqırdların, çuvaşların, yakutların, xakasların, altayların, Dağıstanda yaşayan xalqların, çeçenlərin tarixi və milli dövlətçilik hüquqları mövcuddur. Bəs niyə bu xalqlar Rusiyanın işğalı altında qalmalıdır? Yeganə çıxış yolu budur: hər bir xalq müstəqillik uğrunda mübarizə aparmalıdır ki, problem kökündən həll olunsun.

Necə ki, Azərbaycan Respublikası və bizimlə bərabər digər respublikalar rus imperiyasının əsarətindən xilas olaraq müstəqillik qazandılar, eləcə də Rusiyanın işğalı altında olan digər xalqlar da azad olmalıdırlar ki, onların da bu problemləri birdəfəlik aradan qalxsın".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə