"Bu gün Qarabağda qurulan hər yeni şəhər, quraşdırılan hər günəş paneli, təmizlənən hər hektar torpaq — gələcək nəsillər üçün daha təmiz, təhlükəsiz və davamlı bir həyatın təməlini qoyur. Qarabağ və Şərqi Zəngəzur artıq yaşıl dirçəlişin, innovasiyanın və sülhün rəmzinə çevrilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.
.jpg)
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr nəticəsində işğaldan azad edilmiş ərazilərdə 1500-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 5 MVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdirilir. Bu ərazilərdə 307 MVt gücündə 38 su elektrik stansiyası istismar olunur. “Şəfəq” GES, “Üfüq” GES və “Şəms” GES layihələri Cəbrayıl rayonunda həyata keçirilir: "Azərbaycanın Zəngilan rayonunda yerləşən Ağalı kəndi, işğaldan sonra həyata keçirilən bərpa və innovasiya siyasətinin ən parlaq nümunəsidir. Uzun illər viran qalmış kənd indi tamamilə yeni konsepsiya ilə – “ağıllı kənd” modeli əsasında yenidən qurulub.
Kənddə müasir yaşayış binaları, məktəb, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, tikiş fabriki, kənd təsərrüfatı ofisləri və ictimai xidmət mərkəzləri inşa olunub. Hər bina enerjiyə qənaət edən texnologiyalar, günəş batareyaları, izolyasiya sistemləri və rəqəmsal idarəetmə avadanlıqları ilə təchiz edilib.
Ağalı kəndində tətbiq olunan “ağıllı idarəetmə sistemi” su, enerji və yol infrastrukturlarının “ağıllı bulud platforması”na inteqrasiyasına imkan verir. Sakinlər fiber-optik internet, onlayn tibbi məsləhət xidmətləri və elektron idarəetmə sistemləri vasitəsilə daha səmərəli və rahat həyat tərzi sürürlər. Bu layihə həm kənd həyatının müasir standartlara uyğunlaşdırılması, həm də ekoloji dayanıqlı yaşayış modelinin təbliği baxımından strateji əhəmiyyət daşıyır.
Bu konsepsiya ən yaxşı nümunədir. Ölkəmiz növbəti il Ümumdünya Şəhərsalma Forumuna evsahibliyi edəcək. Burada “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələr, yerli təcrübə və innovativ yanaşmalar təqdim olunacaq.
İşğaldan azad edilmiş ərazilərdə 9 su anbarı və 14 əsas çay mövcuddur. Hazırda bu çay hövzələrində avtomatik suölçmə cihazları quraşdırılır. Eyni zamanda, Həkəri və Bərgüşad çayları üzərində iki yeni su anbarının tikintisi planlaşdırılır. Bu layihələr həm yeni salınacaq şəhərlərin – Ağdam, Füzuli, Cəbrayıl – əhalisinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının suvarma sistemlərinin bərpasında mühüm rol oynayacaq. Su resurslarının səmərəli idarə edilməsi bölgədə ekoloji tarazlığın bərpası üçün vacib amildir.
“Böyük Qayıdış”ın inteqrasiyalı yanaşma əsasında həyata keçirilməsi artıq real nəticələr verməkdədir. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı və 3 şəhərin Müfəssəl planı təsdiqlənib. Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları isə hazırda işlənmə mərhələsindədir.
Bölgədə üç beynəlxalq hava limanı istifadəyə verilib. Ümumi uzunluğu 3501,6 kilometr nəzərdə tutulan avtomobil yolları üzrə planlaşdırılan 60 layihədən 16-sı tam, 1-i isə qismən icra olunub.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verilib. Avtomobil yolları üzərində nəzərdə tutulmuş 28 tuneldə qazma işləri tamamlanıb, 392 körpü və 9 viadukun tikintisi başa çatdırılıb. Dəmir yolu infrastrukturuna daxil olan 49 körpüdən 42-nin inşası yekunlaşıb, onların 3-ü istismara verilib. Qarabağ və Şərqi Zəngəzurda 38 su elektrik stansiyası, 4 su anbarı və 14 elektrik yarımstansiyası fəaliyyətə başlayıb.
Ərazidə sosial infrastrukturun bərpası çərçivəsində 1 xəstəxana, 19 ümumi təhsil müəssisəsi və 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bundan başqa, Xankəndi şəhərində Qarabağ Universiteti fəaliyyətə başlayıb.
İqtisadi canlanmanın əsas dayaqlarından biri olan Ağdam və Cəbrayıl rayonlarında “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələr üzrə 185 milyon manat investisiya qoyulub və 1057 yeni iş yeri yaradılıb.
Cənab Prezident 12 yanvar tarixində keçirilən müşavirədə Qarabağ və Şərqi Zəngəzurun su tminatı barədə də məlumat verib. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir.
Görülən genişmiqyaslı işlərin nəticəsi olaraq, bu gün işğaldan azad edilmiş ərazilərdə dövlət və özəl sektorda çalışanlar, eləcə də təhsil alanlar da daxil olmaqla, 70 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Proqramın sonunadək 140-150 min əhalinin köçürülməsi nəzərdə tutulur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB