"Azərbaycan xalqı öz Liderinin ətrafında ətdən sipər hörüb" - MÜNASİBƏT BİLDİRİLDİ
"Cənab Prezident İlham Əliyev xalq qarşısında söz vermişdi ki, siyasətinin əsas istiqaməti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması olacaq. Ötən dövr ərzində Azərbaycanın xarici və daxili siyasətinə nəzər yetirdikdə görürük ki, dövlət başçımızın atdığı hər bir addım məhz bu məqsədə xidmət edib". Bu sözləri SİA-ya açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın beynəlxalq təşkilatlarla və ayrı-ayrılıqda dövlətlərlə münasibətləri dərinləşdirilib: "Yüksək diplomatik məharət nümayiş etdirən dövlət başçımız bütün bağlı düyünləri açmağı bacardı, Azərbaycan həqiqətlərini müxtəlif beynəlxalq platformalarda dünyaya çatdırdı.
Prezident İlham Əliyevin bir məqsədi var idi – Azərbaycan həm siyasi, həm iqtisadi, həm də ideoloji cəhətdən güclü dövlətə çevrilməli idi. Cəmiyyətin ideoloji baxımdan səfərbər olunması, milli həmrəyliyin möhkəmləndirilməsi bu siyasətin əsas tərkib hissələrindən biri idi. Bu istiqamətdə xüsusilə gənc nəslin yetişdirilməsinə böyük önəm verildi. Məhz bu siyasətin nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri, qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızın azadlığı uğrunda sinələrini güllə önünə verdilər, canlarından və qanlarından keçdilər.
Şübhəsiz ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Zəfər cənab İlham Əliyevin uzaqgörən xarici və daxili siyasətinin təntənəsidir. Bu zəfərə illərlə bütün resurslarımız yönəldilmişdi. Lakin zəfəri qorumaq onu qazanmaqdan da çətin idi. Buna baxmayaraq, dövlət başçımız zəfərin legitimləşdirilməsi istiqamətində böyük və məqsədyönlü işlər gördü. Mənfur qüvvələr Azərbaycanın bu qələbəsinə kölgə salmağa çalışsalar da, Prezident İlham Əliyev bütün təxribatların qarşısını aldı və ölkəmizin maraqlarını qətiyyətlə qorudu.
Azərbaycan cəmiyyətinin birliyinin qorunması və möhkəmləndirilməsi dövlət başçısının daim diqqət mərkəzində olub. Çünki birliyimizi pozmaq istəyən qüvvələr hər zaman mövcud olub. Qürurverici haldır ki, Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşməyi bacardı, ona sarsılmaz dəstəyini nümayiş etdirdi. Məhz bu birliyin nəticəsində biz Böyük Zəfəri qazandıq və bu gün öz əzəli torpaqlarımızda qürurla, başıuca şəkildə yaşayırıq.
Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin davamıdır. Bu siyasəti Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Qarabağın azad olunması Azərbaycan tarixinin ən böyük nailiyyətlərindən biri idisə, bu gün həmin torpaqların dirçəldilməsi əsas prioritet istiqamətə çevrilib. Dövlət və xalq bu məqsəd uğrunda bir amal, bir hədəf ətrafında birləşib. Əminik ki, bundan sonrakı mərhələdə də Cənab Prezident İlham Əliyev eyni qətiyyət və uzaqgörənliklə ölkəmizi irəli aparacaq. Azərbaycan xalqı isə həmişə olduğu kimi, öz Liderinin yanında olacaq. Dövlət başçımıza can sağlığı və növbəti böyük uğurlar arzu edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə