“Böyük Qayıdış yeni hədəflərlə zənginləşdirilir” - FİKİR BİLDİRİLDİ

“Böyük Qayıdış anlayışı Azərbaycan Respublikasının dövlət siyasətində hələ Vətən müharibəsindən xeyli əvvəl formalaşıb. Prezident İlham Əliyevin strateji baxışının əsas məqsədlərindən biri torpaqların işğaldan azad olunması və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı idi. Bu istiqamətdə genişmiqyaslı Böyük Qayıdış planı hazırlanmış və azadlıqdan sonrakı dövr üçün prioritet fəaliyyətlər müəyyən edilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Vətən müharibəsindən sonra aparılan ilkin monitorinqlər işğal dövründə Ermənistanın həmin əraziləri sistemli şəkildə dağıtdığını üzə çıxardı: “Yaşayış məntəqələri, ictimai binalar, kommunikasiya xətləri məhv edilmiş, torpaqlar kənd təsərrüfatı üçün yararsız hala salınmışdır. Ən ciddi təhlükə isə yüz milyonlarla ABŞ dolları dəyərində minaların basdırılması idi. Bu səbəbdən bərpa prosesinin ilk mərhələsi minalardan təmizləmə işlərinə həsr olundu. Paralel olaraq kommunikasiya infrastrukturunun yenilənməsi və yaşayış məntəqələrinin salınması planı reallaşdırılmağa başladı. Artıq bir sıra şəhər və kəndlərə əhalinin geri qayıdışı təmin edilmişdir. Sosial obyektlərin – məktəblərin, xəstəxanaların, icma mərkəzlərinin inşası sürətlə aparılır. Əhalinin məşğulluğu istiqamətində həm dövlət, həm də özəl sektorun iştirakı ilə biznes layihələri həyata keçirilir. Bu, həm də qayıdan vətəndaşların iqtisadi fəaliyyətə inteqrasiyasına şərait yaradır.

Regionun sosial-iqtisadi dirçəlişi ilə yanaşı, onun mədəni və elmi potensialı da inkişaf etdirilir. Şuşa, Laçın, Xankəndi beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərə çevrilmişdir. Daxili turizmin inkişafı ərazilərin müasir və cəlbedici infrastrukturla təmin olunmasına əlavə stimul verir. Ən mühüm yeniliklərdən biri isə Xankəndidə Qarabağ Universitetinin yaradılmasıdır. Burada hüquq və tibb fakültələrinin fəaliyyətə başlaması Azərbaycan təhsil sistemində yeni mərhələ hesab olunur. Qarabağ Universiteti perspektivdə beynəlxalq tələbələri cəlb edən və elmi-tədqiqat mərkəzinə çevrilməsi nəzərdə tutulan ali təhsil ocağıdır.

Böyük Qayıdış planı dinamik xarakter daşıyır və zaman keçdikcə yeni hədəflərlə zənginləşdirilir. Prezident İlham Əliyevin BMT Baş Məclisindəki çıxışında vurğulandığı kimi, hazırda on minlərlə insan işğaldan azad olunmuş torpaqlarda yaşayır və çalışır. Gələcəkdə isə bu rəqəmin yüz minlərlə, hətta milyonlarla nəfərə çatacağı gözlənilir. Aparılan quruculuq işləri bir daha təsdiqləyir ki, Azərbaycan xalqı yaradıcı xalqdır, öz torpaqlarına sahib çıxır və müstəqilliyini, suverenliyini yalnız siyasi bəyanatlarla deyil, konkret fəaliyyət və böyük layihələrin icrası ilə sübut edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə