“Azərbaycan mətbuatında 27 sentyabr tarixi xüsusi önəm daşıyır. Məhz bu gün 2020-ci ildə Vətən müharibəsi başlamış, Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan ərazilərini azad etmişdir”. Bu sözləri siyasi şərhçi Azər Həsrət SİA-ya açıqlamasında bildirib.
O qeyd edib ki, müharibədən öncə Azərbaycan dövləti dəfələrlə beynəlxalq tribunalardan sülh çağırışları etmiş, Ermənistanı münaqişənin dinc yolla həllinə dəvət etmişdir: “Prezident İlham Əliyev və digər dövlət rəsmiləri aydın şəkildə bəyan edirdilər ki, Azərbaycan Ermənistanla müharibə etmək istəmir, lakin torpaqlarının işğalı ilə də heç vaxt barışmayacaq. Təəssüf ki, bu çağırışlar beynəlxalq aləmdə və Ermənistan rəhbərliyi tərəfindən yanlış dəyərləndirildi. Ermənistan və onun havadarları – Rusiya, İran, Fransa kimi dövlətlər Azərbaycanın sülh təşəbbüslərini zəiflik kimi qəbul edərək, işğalın əbədiləşəcəyi təəssüratına qapılmışdılar.
Halbuki Azərbaycan regionun güclü dövlətlərindən biri idi. Ölkənin məqsədi qan tökmək deyil, sülh yolu ilə problemin həllinə nail olmaq idi. Lakin Ermənistan illər ərzində dəfələrlə atəşkəsi pozmuş, hərbi təxribatlar törətmiş, Azərbaycan hərbçilərini şəhid etmişdir. 2020-ci ilin sentyabrında da Ermənistan ordusu genişmiqyaslı hücuma keçmişdir. Bu addım Azərbaycanı adekvat cavab verməyə vadar etmiş və nəticədə 27 sentyabrda Vətən müharibəsi başlamışdır.
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etmiş, Qarabağ və Şərqi Zəngəzur bölgələri bütünlüklə Azərbaycanın nəzarətinə qayıtmışdır. Bu zəfər yalnız Ermənistan üzərində qazanılmış hərbi qələbə deyil, eyni zamanda Azərbaycan dövlətinin gücünün, iqtisadi-siyasi potensialının və xalqın milli birliyinin nümayişi olmuşdur.
Müasir dövrdə həmin torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Qarabağ və Şərqi Zəngəzur regionları yeni həyat, sosial-iqtisadi inkişaf və mədəni dirçəliş mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan cəmiyyəti üçün 27 sentyabr yalnız müharibənin başlanma tarixi deyil, həm də qəhrəmanlıq, fədakarlıq və milli birlik simvoludur. Bu qələbənin təmin olunmasında müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Azərbaycan Ordusunun şücaəti, həmçinin şəhid və qazilərimizin fədakarlığı əsas rol oynamışdır. Dövlət və xalq olaraq bütün şəhidlərimizə, qazilərimizə və bu zəfərə töhfə verən hər kəsə daim minnətdarlıq göstərilir. Beləliklə, 27 sentyabr tarixi Azərbaycan jurnalistikasında və elmi-publisistik ədəbiyyatda müstəsna mövzudur. Bu gün həm tarixi dərs, həm də gələcək nəsillər üçün milli iradə və dövlətçilik nümunəsi kimi qiymətləndirilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə