Möcüzələr yaradan Qalib Lider

Prezident İlham Əliyev sülh müqaviləsinin də imzalanmasına nail oldu

Bir neçə gün idi ki, dünyanın diqqəti ABŞ-yə yönəlmişdi. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən keşirilən görüşdə sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atılması gözlənilirdi. Artıq həm xalqımızın, həm də dünya ictimaiyyətinin gözlədiyi tarixi hadisə baş verdi. Bununla yanaşı, tərəflər arasında Birgə Bəyannamə də imzalandı. Qabaqcadan deyim ki, dünyanın ən qüdrətli dövlətində-ABŞ-də bu ölkənin Prezidenti Donald Tramp tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək səviyyədə qarşılanması, Ağ evdə Azərbaycan Bayrağının dalğalanması, Azərbaycanın Dövlət Himnin səsləndirilməsi hər bir azərbaycanlı üçün qürurverici hadisədir. 2020- ci il noyabrın 10- da Ermənistan üzərindəki tarixi Qələbəmizdən və 2023- cü ildə Yenilməz Ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror əməliyyatından sonra Azərbaycanın dünya birliyindəki reytinqi sürətlə yüksəldi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Artıq ölkəmiz dünyada qalib dövlət kimi qəbul olundu.

Azərbaycan bir sıra dövlətlərin, o cümlədən ikili standartlar nümayiş etdirən beynəlxalq təşkilatların da işğalçı ölkəyə havadarlıq etməsinə baxmayaraq Ermənistanı məğlub etdikdən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını qarşıya prioritet vəzifə kimi qoydu. Ancaq Ermənistan və havadarları işğalçı ölkəni bütün vasitələrlə sülh müqaviləsini imzalamaqdan yayındırır, ölkəmizə qarşı təxribatlar törətməyə vadar edirdilər. Artıq Ermənistanın da dövlət rəsmləri, ictimai-siyasi xadimləri də yaxşı dərk edirdilər ki, çətin vəziyyətdən çıxış yolu Azərbaycanın təklifləri ilə razılaşmaqdır. Nəhayət, gözlənilən gün gəlib çatdı və Ermənistan rəhbərliyi sülh müqaviləsinin imzalanması üçün ABŞ Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə səfər etdi.

Onu da qeyd edim ki, Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri bir çox cəhətdən tarixi əhəmiyyət kəsb edirdi. Xatırladım ki, ABŞ Prezidenti Donald Trampın VII Şuşa Qlobal Forumunda Prezident İlhma Əliyevin çıxışından paylaşım etməsi dövlət başçımıza xüsusi diqqətin nümunəsi idi. Bu, həm də ölkəmizin başçısının dünyada getdikcə artan reytinqinin göstəricisi idi. Odur ki, səfər çərçivəsində mühüm əhəmiyyətli sənədlərin imzalanacağı gözlənilən idi. Bu baxımdan Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmasını xüsusilə qeyd etmək istərdim. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də ABŞ Prezidenti tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanmasıdır.

Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması Prezident Donald Trampın həm Azərbaycana, həm də onun liderinə olan höprmətin göstəricisidir. Prezident İlham Əliyev bununla əlaqədar ABŞ Prezidentinə təşəkkürünü bildirərək dedi: “Uzun illər Azərbaycan tətbiq edilən “907- ci düzəliş”in ləğv edilməsinə görə Sizə təşəkkür edirəm. Bu gün, həqiqətən Azərbaycan xalqının yaddaçına həkk olunacaq”.

Bu görüşdə yadda qalan hadisələrdən biri də hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması oldu.

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.

Ümumiyyətlə, Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar, imzalanan sənədlər ölkəmizin dünya birliyində mövqeyinin möhkəmləndirilməsinin, nüfuzunun getdikcə artmasının sübutudur. Eyni zamanda, bu səfər Azərbaycanla Ermənistan arasında problemlərin aradan qaldırılmasında, münasibətlərin getdikcə normallaşmasında tarixi əhəmiyyətə malikdir.

Zərifə Quliyeva,
“Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Respublika YAP Veteranlar Şurasının üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə