Hərbçilərimiz “Anatolian Phoenix - 2025" beynəlxalq təlimində iştirak edirlər
Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi başlayıb.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlim iştirakçıları əvvəlcə Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşları izləyiblər.
Sonra təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Cari ilin may ayının 23-dək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə