"Gürcüstanın baş nazirinin ilk səfərini Azərbaycana etməsi heç də təsadüfi deyil" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Azərbaycan-Gürcüstan dostluğu, qardaşlığı tarixi köklərə əsaslanır və münasibətlərin ildən-ilə yaxşılaşması, möhkəmlənməsi hər iki dövlətin milli maraqlarına uyğundur, eləcə də xalqların xoşbəxt gələcəyinə xidmət edir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xatırladıb ki, bu qardaşlığın, əməkdaşlığın əsasını Ulu Öndərimiz Heydər Əliyev və Gürcüstan lideri Eduard Şevardnadze qoymuşlar və əlbəttə ki, Cənubi Qafqazda Gürcüstan-Azərbaycan əməkdaşlığının genişləndirilməsi regionda sülhün, əminamanlığın təmin olunması üçün çox vacib və əhəmiyyətlidir.

“Hər iki dövlət, Azərbaycan da, Gürcüstan da uzun illər separatçılıqdan ziyan çəkib, ağır faciələrlə, təsirlərlə üzləşib. Azərbaycan torpaqları 30 ildən artıq düşmən tapdağı altında qalıb və dövlətimizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan xalqı, Azərbaycan Ordusu böyük qəhrəmanlıq, birlik nümayiş etdirərək, öz torpaqlarını düşməndən azad edib. Ancaq Gürcüstan torpaqları Abxaziya, Asetiya bu gün hələ də separatçıların əlindədir və Gürcüstan bir çox xarici təsirlərə məruz qalmaqdadır. Azərbaycanın nümunəsi, Azərbaycan Prezidentinin balanslaşdırılmış siyasəti, dünya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə göstərilən səylər, eləcə də əldə edilən nailiyyətlər bu gün nəinki Gürcüstan üçün, həmçinin dünyanın bir çox dövlətləri üçün bir nümunədir. Çox yaxşı haldır ki, gürcü xalqı, Gürcüstan rəsmiləri bu nümunələrə, Azərbaycanın siyasi kursuna böyük önəm verir və bundan bəhrələnmək əzmindədirlər.

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi heç də təsadüfi deyildir. Çünki Azərbaycanla Gürcüstan arasında iqtisadi, ticarət, mədəni, nəqliyyat və digər sahələrdə çox mühüm layihələr həyata keçirilir və bu öz bəhrələrini verməkdədir. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazda lider dövlət sayılır və regionda sülhün, əminamanlığın təminatçısı rolunda çıxış edir.

Əlbəttə ki, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin inkişafı üçün tövhələr verir və nəzərə alsaq ki, bu gün iki ixrac neft və iki ixrac qaz kəmərinin Gürcüstan ərazisindən keçməsi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəli işləməsi hər iki ölkənin xalqlarının inkişafında, ölkələrin bir-birinə dəstəyində əhəmiyyətli rola malikdir. Bu inkişafın təmin edilməsi, əlbəttə ki, Cənubi Qafqazda yeni reallıqları ortaya qoyur və Azərbaycan Prezidentinin görüşdə səsləndirdiyi kimi, xalqımız gürcü xalqı ilə münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlıdır və Cənubi Qafqazda sülhün təmin edilməsi hər iki dövlətin mənafelərinə cavab verir.

Görüşdə səsləndirildiyi kimi, bu gün iqtisadi və ticarət əlaqələri genişləndirilir və nəzərə çatdırılıb ki, artıq Gürcüstan iqtisadiyyatına 3, 6 milyard dollardan çox sərmayə qoyulub, hansıki bu da Gürcüstan iqtisadiyyatının inkişafında böyük rola malikdir. Bu gün Gürcüstan və Azərbaycan Şərqlə Qərbi birləşdirən bir məkana çevrilibdir və bu məkandan ölkələrin iqtisadi inkişafı, xalqların rifahı naminə istifadə edilməsi, gələcək perspektivlərin müəyyənləşdirilib mühüm tədbirlərin həyata keçirilməsi sözsüz ki, həm ölkələrin iqtisadi inkişafı baxımından, həm də onların beynəlxalq aləmdə tanınması, söz sahibi olması baxımından vacibdir.

Bu gün Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlığa dair bir çox sənədlərin imzalanması onu deməyə əsas verir ki, bu dövlətlər Cənubi Qafqazda sülhün təmin olunmasında bir daha öz sözlərini deyəcək və separatizmin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, eləcə də xalqların daha da yaxınlaşması üçün yeni, mühüm əməkdaşlığa imkan yaradacaqlar. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regionda vəziyyəti yaxşılaşdırmağa doğru əsaslı imkanlar yaradır və sözsüz ki, bu, vəziyyəti əsaslı şəkildə dəyişdirəcək.

Bu gün Azərbaycan dünyada sülhün, əminamanlığın yardılması, qonşuluq münasibətlərinin təmin edilməsi sahəsində öz təşəbbüslərini əsirgəmir və hər iki dövlətin əməkdaşlığı, yaxınlaşması separatizmin kökünün kəsilməsi, eləcə də təcavüzkar Ermənistanın təklənməsi, onun məkirli niyyətlərdən əl çəkməsi üçün çox vacibdir. Əlbəttə ki, iki ölkənin birliyi, eləcə də dünyaya bir mesajdır. Bu birlik, dostlüq, əminamanlıq çağırışıdır və Gürcüstan baş nazirinin Azərbaycana səfəri, burada səsləndirdiyi fikirlər, imzalanmış sənədlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan nümunəsi özünün üstünlüklərini dünyada göstərir və müsbət meyilləri, təşəbbüsləri diqtə etməkdədir. Bu qonşu xalqların, dövlətlərin, eləcə də Azərbaycanın haqq səsini eşidənlərin rəğbətinə səbəb olur və dövlətimizin bu uğurları hər birimizi qürurlandırır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə