Azərbaycanda idman Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır

Azərbaycanda daim diqqət ayrılan sahələrdən biri də idmandır. İdman milli birlik, sağlam həyat tərzi və beynəlxalq əlaqələrin qurulması üçün mühüm vasitədir. Ölkəmizdə aparılan məqsədyönlü siyasət sayəsində idman infrastrukturu sürətlə inkişaf edir, idmançılarımız beynəlxalq arenalarda böyük uğurlar qazanırlar. Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı və həyata keçirilən dövlət proqramları ölkəmizi regionun ən güclü idman mərkəzlərindən birinə çevirib.
İdman ölkəsi kimi nüfuzunu yüksəltmək üçün respublikamızda bir çox sahədə əhəmiyyətli işlər görülür. İl ərzində ölkəmizdə yeni idman kompleksləri və arenaların istifadəyə verilməsi, mövcud obyektlərin modernləşdirilməsi prosesi davam etdirilib. Azərbaycan idman sahəsindəki uğurları ilə beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirib.

Bu il ölkəmiz onlarla beynəlxalq idman yarışlarına ev sahibliyi edib. Bunlara fevralın 7-11-də reallaşmış badminton üzrə beynəlxalq turnir, martın 7-10-da idman gimnastikası üzrə Dünya kuboku, martın 29-31-də bədii gimnastika üzrə Avropa Kuboku, aprelin 4-7-də güləş üzrə Avropa Olimpiya lisenziya turniri, mayın 1-10-da "Baku Open 2024" beynəlxalq şahmat turniri, mayın 5-8-də avarçəkmə üzrə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Prezident Kuboku", sentyabrın 13-15-də isə Formula 1 Azərbaycan Qran-Prisi və oktyabrın 17-20-də avarçəkmə üzrə "Mingəçevir reqatası" daxildir.

Qeyd edək ki, Azərbaycanda idman Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf dövrünü yaşayır. Dövlətin idmançılara göstərdiyi diqqət və qayğı onların uğurlarına təkan verir. Bu sahəyə olan xüsusi diqqət nəticəsində idmançılar yüksək səviyyədə sosial müdafiə ilə təmin edilir, onların maddi rifahı və mənzil-məişət şəraiti yaxşılaşdırılır. Son illərdə Azərbaycanın idman sahəsində qazandığı uğurlar təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da diqqət çəkir. Azərbaycanlı idmançılar dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında yüksək nəticələr göstərərək ölkəmizin bayrağını ucaldırlar. Bu uğurların arxasında dövlətin idman sahəsinə göstərdiyi davamlı dəstək dayanır. 2024-cü il Azərbaycan idmançılarının beynəlxalq arenada parladığı növbəti il oldu. Olimpiya idman növlərində qazanılan medallar ölkənin idman tarixində mühüm yer tutdu.

Azərbaycan artıq gələcək üçün idman hədəflərini də müəyyən edir. Ölkə başçısı tərəfindən "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman Paytaxtı" seçib. Beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü təsdiqlənib.

Bildiyimiz ki, dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib və mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev iştirak edib. Prezident İlham Əliyevin öz ad günündə idman yekunları ilə bağlı tədbirdə iştirak edərək çıxış etməsi onun idmana verdiyi diqqət və qayğının əyani təzahürüdür. Bu dövlət rəhbərinin idman sahəsinə xüsusi əhəmiyyət verdiyini və bu sahəni ölkənin inkişaf strategiyasının mühüm bir hissəsi kimi qəbul etdiyini bir daha göstərir. Azərbaycanın idman sahəsində qazandığı uğurların müzakirə edildiyi belə tədbirlərdə prezidentin iştirakı, həm idmançıları, həm də bu sahədə çalışan mütəxəssisləri daha da ruhlandırır. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında daim idmançıların əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, onların xalqımızın beynəlxalq arenada nüfuzunun artmasında oynadığı rolu vurğulayır. Məhz bu tədbirdə Prezident İlham Əliyevin şəxsən iştirak etməsi dövlət başçısının idmançıların yanında olduğunu, onların zəhmətini yüksək qiymətləndirdiyini göstərir.

Mərasimdə çıxış edən ölkə başçısı bildirib ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur: "Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir".

Ölkə başçısı bildiirb ki, bölgələrdə, xüsusən azad edilmiş ərazilərdə idman infrastrukturu yaradılır. Ağdamda yeni beynəlxalq standartlara cavab verən stadion inşa edilir, Füzuli və Suqovuşanda beynəlxalq yarışlar təşkil olunur. Şuşa və Xankəndi şəhərlərində də idman obyektləri yenidən qurulur. Gəncə şəhəri isə MDB Oyunlarının mərkəzi olacaq və burada yeni stadion inşa edilir. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Gəncə şəhərində şəhər infrastrukturu və nəqliyyatı tamamilə yenilənəcək, tarixi binalar bərpa olunacaq. Azərbaycan idmançıları bu Oyunlarda yaxşı nəticələr göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin idmana verdiyi önəm idman infrastrukturlarının yaradılması və mövcud obyektlərin modernləşdirilməsi ilə də özünü göstərir. Bakı və regionlarda müasir idman komplekslərinin açılışı, yerli və beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırır. Bunun nəticəsində Azərbaycan artıq təkcə idman uğurları ilə deyil, həm də beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən etibarlı tərəfdaş kimi tanınır.

Xanım Qədirova,
Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin məşqçi müəllimi, YAP fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə