Daha bir NATO üzvü Ukrayna missiasından çəkinir - TƏHLİL

Keçdiyimiz günlərdə Böyük Britaniyanın Baş naziri Rişi Sunak NATO qoşunlarını Ukraynaya göndərməyi düşünmədiyini bildirib. Baş nazir, eyni zamanda “Biz müdafiəyə qoyulan sərmayəmizi artırmalıyıq, çünki dünya onilliklər ərzində heç vaxt olmadığı qədər təhlükəli və gözlənilməzdir”, deyib və beynəlxalq ictimaiyyəti müdafiə sərmayələrini artırmağa çağırıb. Rusiyadakı hədəflərə qarşı Qərb silahlarından istifadə ilə bağlı sorğu-sual zamanı Sunak bildirib ki, raketlər “beynəlxalq humanitar qanunlara uyğun olaraq” istifadə edilməlidir. Onu da qeyd edək ki, daha əvvəlki açıqlamalarda bildirilmişdi ki, Ukrayna ona verilən silahlardan necə istifadə edəcəyinə özü qərar verə bilər.

Qərbli mütəffiqlərin Ukraynaya dəstəyinə paralel olaraq Rusiyadan çəkinməsi məsələsinə diqqət yetirərsək fevralın 26-da Parisdə keçirilən konfransdan sonra da oxşar bəyanatlar görə bilərik. Belə ki, Ukraynaya dəstək mövzusunda keçirilən konfransdan sonra Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Ukraynanın qərbli müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradacaqlar və gələcəkdə Qərb qoşunlarının Ukraynaya göndərilməsi də istisna edilməməlidir. Makronun bəyanatlarına cavab olaraq ABŞ, Almaniya, Polşa, Çexiya, Kanada, Macarıstan və Böyük Britaniya kimi ölkələr bu fikrə qarşı çıxıb. Görünən odur ki, Ukraynaya dəstəklə yanaşı Rusiyadan ehtiyyatlanma abu-havası yayılmaqdadır. Belə ki, qoşunların göndərilməsi fikrini dəstəkləyən ölkələr belə, onların yalnız təlim missiyası yerinə yetirəcəyini açıqlayıblar. Lakin Fransanın əvvəlki bəyanatlarına görə, fransız qoşunları müəyyən sərhədləri qorumaq, təlimlərdə iştirak etmək və hava hücumundan müdafiəni dəstəkləmək üçün Ukrayna tərəfində müharibədə iştirak edə bilər. Bununla belə daha sonrakı açıqlamalarda, fransız əsgərlərinin "ön cəbhədə" iştirak etməsi istisna olunub.

Fransız hərbiçilərin Ukraynada hərbi təlimlər keçməsi ilə bağlı müzakirələr davam edir. Ukrayna hazırda prosesi sürətləndirmək üçün müəyyən səylər göstərir və sənədlər hazırlayır. Məsələ ilə bağlı Ukrayna Müdafiə Nazirliyi aydınlıq gətirib, “Makron, Ukrayna qoşunlarına təlim keçmək üçün hərbi təlimatçılardan ibarət Avropa koalisiyasını yaratmaq istəyir”. Almaniya Müdafiə Nazirliyindən gələn açıqlamaya görə Almaniya, Ukraynadakı hərbi təlimlərə qoşulmayacaq.

İtaliyada keçirilən G7 sammitində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynanın ehtiyacları üçün istifadəsi barədə qərar verən qərblilər iqtisadi müharibəni davam etdirsələr də birbaşa toqquşmalardan ehtiyyat edirlər. Görünən odur ki, Rusiyanın qətiyyətindən və münaqişənin yayılma riskindən çəkinən qərb öz hərbi dəstəyini əsirgəməkdə davam edəcək. Beləliklə NATO və onun timsalındakı qərblilərin Ukraynanı müharibəyə cəsarətləndirdikdən sonra geri çəkilməsi halları yaşandıqca müharibənin taleyi bəlli olacaq. Almanya, Macarıstan bu günlərdə isə İngiltərənin ehtiyyatlanmasından güc alan Rusiyanın daha həvəslə mübarizə aparacağını təxmin etmək çətin deyil. Çünki hazırda bu məsələnin qarşılıqlı çəkinmə tarazlığı Rusiyanın ağırlığı ilə pozulub.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə