"Canım Azərbaycanım" adlı tədbir keçirilib

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində Sübhnur Tədris Mərkəzinin təşkilatçılığı ilə "Canım Azərbaycanım" adlı tədbir keçirilib.
Tədbir Milli Azərbaycan Tarixi Muzeyinin baş mütəxəssisi Aynur Babayevanın çıxışı ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin əməkdaşı Aynur Babayeva Silahlı Qüvvələr günün yaranması tarixinə aid ümumi məlumatlar verib. Tədbirdə çıxış edən muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov Milli Azərbaycan Tarixi Muzeyində şəhid və qazilərimizə aid şəxsi əşyaların qorunması və həmin fondun fəaliyyəti barədə məruzə edib. Sübhnur Tədris Mərkəzinin direktoru Gülnarə Hüseynova torpaqlarımızın azad olunmasında şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlardan bəhs etdi. Tədbirdə həmçinin, Azərbaycan Mədəniyyət işçisi, şairə, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, Birinci Qarabağ müharibəsi iştirakçısı, qazi Cumayeva Rüxsarə, Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin əməkdaşları,Vətən Müharibəsi qaziləri Şirinov Ramin, Hüseynov Füzuli, Muradov Eldəniz, Quliyev Kənan və Səbuhi Əliyevin çıxışları dinlənildi. Çıxış edən müharibə iştirakçıları döyüş yolları barədə məlumat verdilər.
Tədbirdə Sübhnur Tədris Mərkəzinin istedadlı şagirdlərinin bədii kompozisiyası çərçivəsində vətənpərvərlik mövzusunda şeirlər səsləndirib mahnılar ifa etməklə yanaşı milli rəqs nömrələri ilə çıxışlar etdilər. Tədbirdə, gənc muğam ifaçıları Mələk Məmmədova və Mirsahil Məmmədlinin də ifaları dinlənildi. Sonda bütün iştirakçılara Sübhnur Tədris Mərkəzinin təşəkkürnaməsi təqdim olundu və xatirə şəkli çəkildi.

Bütün xəbərlər Facebook səhifəmizdə