Vəziyyət bilavasitə Bakının xeyrinədir
Ermənistan kütləvi informasiya vasitələri Qarabağda guya yaranmış “humanitar fəlakətlə yanaşı“ daxili siyasi vəziyyətin də gərginləşdiyini bildirirlər.
News.am saytı qondarma rejimin "keçmiş dövlət naziri", Kremlin Qarabağa atdığı uğursuz desantı Ruben Vardanyana istinadən yazdır ki, bunun səbəbi Araik Arutyunyanın "prezident" vəzifəsindən istefa vermək niyyəti olub. Lakin sonradan isə onun istefa vermək fikrində olmadığı üzə çıxıb.
David İşxanyandan Araik Arutyunyanı təhqir etdiyinə görə hesabat tələb ediblər
“Artsaxda" vəziyyət o qədər gərginləşib ki, bu yaxınlarda bir qrup hərbi geyimli şəxs "parlament" binasına soxulub”.
Bu məlumatı isə saxta "parlamentin" “Ədalət” fraksiyasının "deputatı" Metakse Hakopyan da təsdiqləyib, deyə agentlik bildirir.
Məlum olub ki, “Qarabağ özünümüdafiə qoşununun” komandiri Karen Matevosyan bir dəstə silahdaşları ilə birlikdə binaya daxil olaraq “parlamentin" yeni "seçilmiş rəhbəri" David İşxanyandan "prezident" Araik Arutyunyanı təhqir etdiyinə görə hesabat tələb ediblər.
Sonradan sosial platformalarda "narahatlıqlarını" ifadə edən “fəal vətəndaşlar” onlara zəng vuraraq təhdid etməyə başlayıblar. Karen Matevosyan bazar ertəsi günü Facebook-da birbaşa ünsiyyət zamanı təhdidlərin bundan sonra da davam etdiriləcəyi haqqında xəbərdarlıq edib.
Anonim mənbə əlavə edib ki, Arutyunyanın istefa vermək fikri yoxdur
Qarabağda daxili siyasi vəziyyətlə bağlı məlumatında “Faktİnfo” nəşri isə öz mənbələrinə istinad edərək yazır ki, “onlar vəziyyətdən iki çıxış yolunu görürlər - ya Arutyunyan təcili istefa verməlidir, ya da Ağdam vasitəsilə ərzaq tədarükü başlayacaq. Anonim mənbə əlavə edib ki, Arutyunyanın istefa vermək fikri yoxdur, ona görə də indi Ağdam vasitəsilə Qarabağa ərzaq məhsullarının idxalı məsələsi separatçıların gündəmindədir.
Faktinfo-nun məlumatına görə, Qarabağda "hökumət komandası" yaradılıb və o, yaxın günlərdə Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Görüşün Azərbaycanın Bərdə şəhərində baş tutacağı bildirilir.
Sərhədi keçənlərin iki çantası müsadirə olunub
Onu da qeyd edək ki, çərşənbə axşamı, eləcə də hazırda Qarabağda yaşayan bir qrup erməni sakin Laçın sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedirlər. O cümlədən, "Qarabağın rus icması" adı altındakı Rusiya pasportu daşıyan ermənilər də ərazilərimizdən çıxarılırlar. Qarabağdakı rejimin nümayəndələri bildiriblər ki, Rusiya sülhməramlıları iyunun 14-dən bəri ilk dəfə olaraq 41 Rusiya vətəndaşının və Qarabağlı tələbələrin Laçın keçid məntəqəsindən Ermənistana daşınmasını təmin edib. Sərhədi keçən şəxsləri Rusiya sülhməramlıları müşayiət edib. Laçın sərhəd-buraxılış məntəqəsini keçən sakinlərin sənədləri və yükləri yoxlanılıb.
İctimai televiziyanın canlı yayımladığı görüntülərdən sərhədi keçənlərin əksəriyyətinin gənclər, azyaşlılar olduğu görünür. "Sərhəddən özü keçənlərlə yanaşı, "Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri ilə Qarabağdan içərilərində xəstə şəxslərin olduğu insanlar da Ermənistana aparılıb", İctimai TV bildirib.
Digər məlumata görə isə, sərhədi keçənlərin iki çantası müsadirə olunub. Belə ki, çantalardan birinin üzərində tanınmamış, qondarma "DQR"in xəritəsi və əski parçası, digər çantada isə qızıl zinət əşyalarının miqdarı çox olub", İctimai TV-nın müxbiri canlı yayımda bildirib.
Beləliklə, Qarabağda separatçılar arasındakı gərginlik davam edir və daha şiddətli qarşıdurmaların olacağı labüddür. Bütün bunlar isə məhz Bakının diktəsi altında baş verir. Daha dəqiq desək, hər şey Bakının xeyrinədir.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB