Separatizm avantürası: haraya qədər? - ANALİTİK

Ermənistan və Qarabağ separatçıları bir reallığı unutmamalı, özlərini ağıllı aparmalıdır, əks halda...

Hələ də təxribatçılıq missiyasını üzərindən atmaq fikrində olmadığını açıq-aşkar nümayiş etdirən Ermənistanın Qarabağda vəziyyəti gərginləşdirmək cəhdlərini davam etdirməsi ilə beynəlxalq aləmin diqqətini öz üzərinə yönəltməyə çalışır. Daha dəqiq desək, separatçılarla əlbir fəaliyyət göz önündədir. Halbuki Paşinyan artıq bir neçə dəfə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib.

Bu oyunbazlıqları Ermənistanın və Qarabağ separatçılarının Azərbaycana qarşı törətdikləri təxribatın yeni "tətbiqi" kimi də adlandırmaq mümkündür

Lakin hər şeyə rəğmən, təşkil edilən mitinqlərdən, aksiyalardan, Ermənistandakı diplomatik korpusların nümayəndələri ilə aparılan danışıqlardan, Laçın sərhəd-buraxılış məntəqəsinin qarşısına yük karvanı toplamaqdan və digər sirk tamaşalarından bir nəticə hasil olmadığını görən quldur rejimin təmsilçiləri indi də “humanitar fəlakət” adı altında Laçın sərhəd-buraxılış məntəqəsinə avtobuslarla “dinc” yürüş təşkil etmək fikrinə düşüblər. Saxta "acından huşugetmə" və s. tipli "məzlumkeş" oyunbazlıqları isə öz yerində...

Əslində, bu oyunbazlıqları Ermənistanın və Qarabağ separatçılarının Azərbaycana qarşı törətdikləri təxribatın yeni "tətbiqi" kimi də adlandırmaq mümkündür.

Yeri gəlmişkən, onu da qeyd edək ki, artıq Ermənistanın dəstəyi ilə separatçılar tərəfindən “yürüşün” təşkili üçün “Dəhlizin açılması uğrunda xalq hərəkatı” adlı qondarma “qurum” yaradılıb. Məqsəd isə Azərbaycanın Qarabağ iqtisadi rayonundakı ermənilərin Ağdam-Xankəndi marşrutu üzrə yardımı qəbul etmək istəmədiklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdan və bu istiqamətdəki hay-küyün artırılmasından ibarətdir.

Lakin rəsmi Bakı hələ ki, səbir və təmkin nümayiş etdirir və ermənilərin xarici havadarlarının səs-küylərinə də məntiqli, eləcə də rəsmi cavablar verir. Məhz bunun nəticəsidir ki, separatçılara “yardım” gətirən TIR-lar günlərdir sərhəddə gözləyirlər və heç vaxt da bu yolu keçə bilməyəcəklər. Bunu qarşı tərəf də çox gözəl anlayır.

Xatırladaq ki, separatçılar onların bu oyunbazlıqlarını müşayiət etmək məqsədilə “sülhməramlı” qüvvələrin komandanı, general-polkovnik Aleksandr Lentsova da müraciət ediblər. Amma Lentsov bu addımın 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun gəlmədiyini, daha doğrusu, həmin sənəddə yürüşlə bağlı heç bir müddəanın olmamasını əsas gətirərək buna razılıq verməyib.

Elə bu fakt ermənilərin, eləcə də onların xarici havadarlarının Azərbaycanın suverenliyinə nə dərəcədə müdaxilə etmək niyyətlərindən xəbər verir

Onu da qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu günlərdə keçirdiyi brifinqdə bildirmişdi ki, Ermənistan Qarabağa humanitar yüklər göndərəndə Azərbaycan ilə məsləhətləşməyib. Bu mənada Ermənistanın bölgəyə humanitar yardım göndərmək qərarı Azərbaycanın ərazi bütövlüyünə təhdiddir. Elə bu fakt ermənilərin, eləcə də onların xarici havadarlarının Azərbaycanın suverenliyinə nə dərəcədə müdaxilə etmək niyyətlərindən xəbər verir. Ancaq necə deyərlər, sən saydığını say, gör fələk nə sayır...

Əlbəttə ki, Ermənistanın məqsədi heç də Qarabağa humanitar yardım çatdırmaq deyil. Buna heç ehtiyac da yoxdur. Hətta qondarma rejimin saxta “prezidenti”, yəni baş quldur Araik Arutyunyan bu günlərdə erməni TV-nə verdiyi müsahibəsində Qarabağda humanitar fəlakət yaşanmamasını bilvasitə etiraf edib! Qarabağdakı erməni separatçılardan digəri - Artur Osipyan da bildirib ki, Qarabağdakı ermənilərin “acından ölməsi” barədə məlumatlar həqiqəti əks etdirmir: “İnsanlar Qarabağda acından ölür kimi xəbərlər, sadəcə olaraq, şişirdilmiş məlumatlardır". Bu mənada, Ermənistanın və təcavüzkar ölkənin havadarlarının separatçıların “acından öldüklərini” iddia etmələri olduqca gülüncdür.

Əbəs deyil ki, bu günlərdə Fransa QHT-ləri Ermənistan üzərindən qondarma konvoya əlavə TIR göndərib

Fakt budur ki, onların növbəti şouda əsas məqsədləri dünyada qəddar, güzəştə getməyən “azərbaycanlı” obrazı yaratmağa, bu yolla ökəmizə siyasi təzyiq göstərməyə, ölmüş "status" məsələsini yenidən diriltməyə, reinteqrasiyanı əngəlləməyə, Qərb dövlətlərini bölgəyə gətirməyə, həmçinin, danışıqlar prosesində müstəqil tərəf kimi Qarabağ separatçılarının iştirakına nail olmaqdır. Bütün bu oyunların başında isə sülhdən ağızdolusu danışan Ermənistan, bu təcavüzkarın vəkili rolunda çıxış edən, vəziyyətdən öz siyasi məqsədləri üçün yararlanmaq istəyən, müstəmləkəçilik siyasətini davam etdirən Fransa dayanır. Əbəs deyil ki, bu günlərdə Fransa QHT-ləri Ermənistan üzərindən qondarma konvoya əlavə TIR göndərib. Elə son günlər Fransanın ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasını daha da genişləndirməsi bunu bir daha sübut edir. Bu mənada, həmin “dinc” yürüşü fransızların Qarabağda növbəti fitnəkarlığı da adlandırmaq olar.

Bütün bunlar öz yerində...

Hər bir vəziyyətin sonu olduğu kimi, bu oyunbazlıqların da bir sonunun olacağı şübhəsizdir

Ancaq ortada digər məqamlar da var. Belə ki, ötən ayın sonunda Xankəndidəki qondarma rejimin saxta “parlament”inə yeni sədr – Ağdamın Gülablı kəndinin işğalına rəhbərlik etmiş, “Daşnaksütyun” fraksiyasından olan David İşxanyan seçilib. Bəzi mənbələr “dinc yürüş” avantürasının reallaşmasına onun daha çox canfəşanlıq göstərdiyini etiraf edirlər. Amma Ermənistanın və quldur rejimin bu kimi fitnəkarlıqlarına baxmayaraq, Azərbaycan sülh danışıqlarına sadiq olduğunu, eyni zamanda, öz prinsiplərindən, qəti və haqlı mövqeyindən geri çəkilməyəcəyini səbirlə nümayiş etdirməkdədir. Fəqət...

Fəqət hər bir vəziyyətin sonu olduğu kimi, bu oyunbazlıqların da bir sonunun olacağı şübhəsizdir. Hər halda söz Bakıdadır və qərarı da rəsmi Bakı verir. Ermənistan və Qarabağ separatçıları bir reallığı unutmamalı, özlərini ağıllı aparmalıdır, əks halda...

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə