Ermənistanın təxribatı: nə baş verə bilər?

Günlərin birində bütün Qərbi Zəngəzurda Azərbaycan bayrağının dalğalanacağı da istisna olunmamalıdır!

Xarici qurumların Azərbaycanın Laçın sərhəddi yaxınlığında absurd “humanitar yardım” sirk-şousu yaradan ermənilərə dəstək verərək vəziyyətin gərginləşməsinə şərait yaradır. Lakin fakt budur ki, dünyaya Azərbaycan həqiqətlərini təsdiq etdirən 44 günlük Zəfər yürüşü həm də “Qarabağ Azərbaycandır!” şüarını erməni rəhbərliyinə qəbul etdirdi. Ancaq bu gün Ermənistan rəhbərliyinin yenidən "buynuz çıxarmaq" cəhdləri regionda vəziyyətin çərçivədən çıxmasına səbəb olmaqdadır.

Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması tarixi hadisə olaraq Zəfər Savaşından sonra ikinci böyük uğurumuz sayılır

Bəli, söhbət Laçın sərhəd-keçid məntəqəsindən və Zəngəzur dəhlizindən gedir. İlk olaraq onu qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisə olaraq Zəfər Savaşından sonra ikinci böyük uğurumuz sayılır. Bununla Zəfər Savaşındakı Qələbəmizə həm də rəsmi möhür vurulmuş oldu. Çünki Laçın yolu ermənilərin istədiyi kimi istifadə etdiyi marşruta çevrilmişdi və bu yolla Ermənistandan silah-sursat, hərbi texnika, minalar və canlı qüvvə daşınır, istənilən şəxs rahat şəkildə Azərbaycan ərazisinə girib-çıxa bilirdi.

Bu addım Azərbaycan dövlətinin qətiyyətini və cənab Prezidentin “nəyi nə zaman etmək lazım olduğunu mən yaxşı bilirəm” həqiqətini bir daha təsdiq etmiş oldu!

Daşınan minaların Azərbaycan ordusunun hərəkət marşrutlarında basdırılması nəticəsində onlarla hərbçimiz və mülki vətəndaşlarımız şəhid olub. Sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdırmış oldu. Bu addım Azərbaycan dövlətinin qətiyyətini və cənab Prezidentin “nəyi nə zaman etmək lazım olduğunu mən yaxşı bilirəm” həqiqətini bir daha təsdiq etmiş oldu!

Onu da qeyd edək ki, ötən müddət ərzində keçid məntəqəsində ermənilərin normal qaydada yoxlanılaraq gediş-gəlişinə şərait yaradılır, eyni zamanda, Azərbaycan Qarabağda yaşayan ermənilərə humanitar yardım üçün Ağdam Xankəndi yolunu təklif edir.

Amma humanitar böhrandan dəm vuran ermənilər bu təklifi rədd ediblər. Əvəzində hər vəchlə çalışırlar ki, Laçın yolunda hansısa bir təxribata yol açsınlar. Ölkəmiz ilə razılaşdırmadan suveren ərazimizə “humanitar yük” adı altında avtomobil karvanı göndərən Ermənistan, sözün həqiqi mənasında, təxribat şousu yaradır. Təəssüfedici məqam isə budur ki, həmin klounadada bəzi bəlli Qərb diplomatları da iştirak edirlər.

Aİ nümayəndələri Şarl Mişelin mövqeyini heçə sayırlar?!

“Humanitar karvan” yola salınmazdan əvvəl Ermənistandakı bəzi diplomatik nümayəndələr Ermənistan XİN-ə dəvət olunub, “zəruri planlama” aparııb. Ardınca isə Qərbin siyasi missionerləri “humanitar karvan”dan qabaq Laçın nəzarət-buraxılış məntəqəsinin yaxınlığında peyda oldu. Bu diplomatlar unudur ki, Azərbaycan tərəfinin addımları beynəlxalq hüquq normaları ilə müəyyənləşib: hər dövlətin sərhədi və sərhəd-keçid məntəqələri olduğu kimi, Azərbaycanın da qonşu dövlətlərlə sərhəd-keçid məntəqələri yaratması və burada öz suveren hüquqlarını qoruması təbiidir. Məqsəd həqiqətən də humanitar yüklər və keçidlər üçün istifadədirsə, heç bir problem yoxdur, Azərbaycan dövləti bunun üçün alternativ marşrut təklif edib. Ermənilərin havadarları Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, öz iddialarından əl çəkməlidir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər üçün yüklərin daşınması üçün Ağdam-Xankəndi marşrutundan istifadə oluna bilər. Bakının təklif etdiyi marşrutu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel də təqdir və qəbul edib. Belə çıxır ki, indi "narahat" ermənilərin şousuna qatılan Aİ nümayəndələri Şarl Mişelin mövqeyini heçə sayırlar?!

Digər tərəfdən, son təxribat bölgədə sülhün bərqərar olmasına yox, yeni hərbi əməliyyatlara təkan verməyə yönəlib. İndi narahat olduqlarını deyən və Azərbaycana təzyiq göstərməyə çalışan avropalı siyasətçilər faktiki olaraq erməni separatçılığını, revanşizmini və aqressiv radikalizmini dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünə sayğısızlıq nümayiş etdirir, ən başlıcası isə, mövqelərimizdən zərrə qədər geri çəkilməyəcəyimizi anlamırlar. Onlar hesab edirlər ki, Azərbaycana bu təzyiqi etməklə ölkəmizi öz suveren hüquqlarından imtina etməyə nail olacaqlar. Amma unudurlar ki, Qarabağ Azərbaycan ərazisidir. Dünyanın heç bir yerində elə bir ölkə yoxdur ki, onun sərhədlərini istənilən vaxt, istənilən şəkildə humanitar yardım adı ilə pozub, qeyri-qanuni ora daxil olasan. Bu təxribat şousu da iflasa uğrayacaq. Ermənilər heç bir nəticə əldə edə bilməyəcək. Əksinə, İrəvan və onun himayədarları növbəti dəfə Azərbaycan qüdrəti qarşısında məğlub olacaq və bu, danılmaz aksiomadır.

Qərbi Zəngəzurda Azərbaycan bayrağı!

İndi təxribatın sousu ilə nə qədər çabalasalar da, fitnə-fəsadlar törətsələr, əngəl olmağa çalışdıqları Zəngəzur dəhlizi mütləq açılacaq. Bu təxribat Azərbaycanın qarşısını ala bilməyəcək və gün keçdikcə, Zəngəzur dəhlizi aktuallıq çəkisini artırdıqca rəsmi Bakı lazım olan bütün addımları atacaq. Biz Müzəffər Ali Baş Komandanın "Nəyi nə vaxt necə etməyi" faktorunun real şahidləriyik və bunu dəqiq bildiyimizi bir neçə dəfə düşmənə sübut etmişik. Bu baxımdan, günlərin birində bütün Qərbi Zəngəzurda Azərbaycan bayrağının dalğalanacağı da istisna olunmamalıdır!

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə