Dövlətimizin başçısının may ayının 27-də və 28-də Laçına ikigünlük səfəri bu qədim yurd yerinin yenidən qurulması və bərpasına yeni töhfələrlə tarixin səhifələrinə yazıldı. Hər bir Azərbaycan vətəndaşı isə bu səfərin qürurunu yaşadı. Ona görə ki, torpaqlarımızı azad edən Milli Ordumuzun müzəffər sərkərdəsi cənab İlham Əliyev bu gün də həmin torpaqların dirçəlməsi üçün yorulmaz fəaliyyət göstərir. Elə həmin günlərin xronikası bütün bunları söyləməyə kifayət edir.
Laçında məşğulluq diqqət mərkəzindədir
Torpaqlarımız 30 illik erməni işğalından azad olundu. İkinci planda daşı daş üstündə qalmayan yurd yerlərimizin bərpası oldu ki, sakinlər orada rahatlıqla yaşaya bilsinlər. Üçüncü növbədə isə ata-baba ocağına köçən insanların məşğulluğunun təminatıdır ki, ən vacib məsələlərdən bir də elə budur. Çünki insanın məşğulluğu onun yaşayış səviyyəsi, sosial rifahı deməkdir. Bütün bunlar isə Qarabağda və Şərqi Zəngəzurda mərhələli və ardıcıl şəkildə həyata keçirilir.
Laçın şəhərində də istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğulluğun artırılması istiqamətində işlər davam etdirilir. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, yaradıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.
Prezident İlham Əliyev Laçına səfəri çərçivəsində şəhərdə Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub.
Məlumat verilib ki, Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək, onların da 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. İyun ayından artıq keramik məhsullar fabriki fəaliyyətə başlayacaq. Bundan başqa, kinostudiyanın, tekstil, ayaqqabı fabriklərinin açılması, müxtəlif istiqamətlər üzrə qısamüddətli kursların təşkili də nəzərdə tutulub.
Prezident İlham Əliyev yolüstü balıq istehsalı müəssisəsinə də baxıb.
Zabux sakinlərini qarşılamağa hazırlaşır
Yurd salmaq ata-babalarımızdan savab əməl sayılıb. Hələ düşünəndə ki, o yurdlar işğaldan azad edilən ərazilərdə salınır və elə torpaqların azad olunması da həmin kəndləri yenidən bərpa edən müzəffər sərkərdənin adı ilə bağlıdır, bu, tarixə qızıl hərflərlə yazılan anlardır. Qarabağ və Şərqi Zəngəzurda hazırda görülən bütün işlər bu qədim yurdların azadlığından sonra həyata keçirilən abadlığıdır.
Laçının Zabux kəndi də sakinlərinin qayıtması üçün hazırlanır. Mayın 27-də Laçında səfərdə olan dövlətimizin başçısı Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub.
Ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə kəndə 223 ailə köçürüləcək. Kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.
Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulub. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək. Yetiriləcək ki, yaxın gələcəkdə ata-baba yurdlarına qayıdan zabuxlular heç bir problemlə üzləşməsinlər.
Prezident cənab İlham Əliyev laçınlılarla görüşü zamanı bu barədə demişdir: Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik.
Laçının yeni küçələri: Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur və “1 Dekabr”
Qarabağ və Şərqi Zəngəzurun bərpasında və yenidən qurulmasında diqqətçəkən əsas məqamlardan biri yeni küçələrin salınması və həmin küçələrin əksəriyyətinin ölkəmizin böyük şəxsiyyətləri, tarixi, mədəniyyəti, uğurları ilə əlaqələndirilməsidir. Bütün bu adlar isə azad yurdlarımızın müasirliyə qədəm qoymasının nümayişi ilə yanaşı, hər biri turizm bölgəsi olan yurd yerlərimizin gələcək qonaqlarına verəcəyi məlumatları özündə ehtiva edir.
Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 May, Xosrov bəy Sultanov, Zəngəzur və “1 Dekabr” küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin açılışını edib.
Laçın şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan küçənin uzunluğu 6967 metr, eni isə 10-12 metr təşkil edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 5239, eni isə 12 metrdir. 28 May küçəsinin uzunluğu 1703, eni isə 10 metr nəzərdə tutulur. Xosrov bəy Sultanov küçəsinin uzunluğu 1329 metr, eni 12 metr olacaq. Zəngəzur küçəsinin uzunluğu isə 2142 metr, eni isə 10 metr təşkil edəcək.
Prezident İlham Əliyev həmin gün həmçinin Laçın şəhərində uzunluğu 1566 metr, eni isə 10 metr olan və diplomatik yolla işğaldan azad olunduğu tarixə əsasən, “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib.
Şəhərin memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq bu küçələrində ən müasir infrastruktur yaradılacaq.
Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin üzərindən örtüyü götürüb.
Laçına qayıdan laçınlılar
Mayın 28-də Müstəqillik Günündə dövlətimizin başçısı Laçına qayıdan laçınlılarla görüşüb, onlarla yanaşı, bütün Azərbaycan xalqını Laçından Müstəqillik günü münasibətilə təbrik edib və laçınlılara evlərinin açarlarını təqdim edib. Bu üç böyük hadisənin qürurunu yaşamaq isə həqiqətən də 30 il torpaq həsrəti ilə yaşayan hər bir azərbaycanlının böyük sevinci, xoşbəxtliyidir.
Prezident İlham Əliyev: Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.
Bu gün yeni Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir. Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərəncamınıza verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaqdır.
“Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Amma bu, hələ tam proqramımız deyil. Laçın şəhərinin Baş planı hazırlanıb və bu gün təqdim ediləcək. Laçın şəhərində ikinci mərhələdə görüləcək işlərlə bağlı bizim çox dəqiq təsəvvürümüz var və beləliklə, hesab edirəm ki, ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək” deyən dövlətimizin başçısı onu da vurğulayaraq qeyd etdi ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
Dövlətimizin başçısı laçınlılarla çox ətraflı, tarixi söhbətinin sonunda demişdir: Əziz laçınlılar, siz uzun illər əzab içində yaşamısınız, həm fiziki, həm mənəvi, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində. Ondan daha ağırı mənəvi əzab idi. Yəni, öz doğma torpağına qayıda bilməmək əzabı dəhşətlidir. Bunu hər kəs başa düşməlidir və başa düşür. Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.
Mən sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
Sonra dövlətimizin başçısı Laçın şəhərinə qayıdan sakinlərə evlərin açarlarını təqdim etdi.
Sakinlər dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sakin Elbrus Sadıqov: Cənab Prezident, xoş gördük. Mən çoxdan arzulayırdım ki, Sizi qucaqlayım öpüm. Şükür Allaha arzuma çatdım. Çox sevinirəm. Allah Sizin canınızı sağ eləsin. Sizinlə fəxr edirik.
Sakin İsaq Musayev: Cənab Prezident, mən də Sizə həm “Çox sağ olun!” deyirəm, həm də Sizi təbrik edirəm. Sizə cansağlığı, hərbçilərimizə uzun ömür, sağlamlıq, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə, əlillərimizə tezliklə sağalmalarını arzu edirəm. Sağ olun ki, bu günü bizə nəsib etdiniz.
Laçının Baş Planı: “15 dəqiqəlik şəhər”
Laçına səfəri çərçivəsində dövlətimizin başçısına Laçın şəhərinin Baş planı təqdim olundu və məlumat verildi ki, Baş planın konseptual əsasını “Təbiətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzinin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilməsi, ekoloji həssas ərazilərin mühafizəsi, yaşıl enerji mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxildir. Plana əsasən, Laçın şəhəri “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək.
Qeyd olundu ki, Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.
Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.
Laçında da İşğal və Zəfər muzeyləri yaradılır
Azərbaycanın otuzillik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır.
Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib.
Bildirilib ki, Laçın rayonunda qurulacaq kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir.
Ümumi sahəsi 3,5 hektar olacaq kompleks üçün seçilmiş ərazi yamacda yerləşir. Buradan Laçın şəhərinə, ətrafdakı dağlara gözəl mənzərə açılır. Kompleks əsas yol şəbəkəsinə və şəhərin mərkəzinə yaxın məsafədə yerləşir.
İşğal və Zəfər muzeylərinin yerləşdiyi mərtəbələrdə muzeylərin tematikasını əks etdirən bədii instalyasiyalar nümayiş olunacaq, zallarda isə müxtəlif məzmunlu sərgilər təşkil ediləcək. Kompleksin ərazisində şəhərin dağıdılmış bir çox tarixi və mədəni abidələrinin qalıqlarının nümayiş etdiriləcəyi Memorial Park salınacaq. Memorial Parka daxil olan dağıntılar bədii instalyasiyalarla zənginləşdirilərək açıq səma altında muzeyə çevriləcək.
Dövlətimizin başçısı Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoydu.
Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.
Yeni məhəllədə 1630 nəfər yaşayacaq
Layihələndirilən yaşayış məhəlləsi Laçın şəhərinin cənub-qərb hissəsində 16,3 hektar ərazidə planlaşdırılıb. Ərazidə müasir tipli yaşayış binaları və şəhər sakinlərinə xidmət göstərəcək idman kompleksinin inşası nəzərdə tutulub. Təklif layihəsində binaların memarlıq kompozisiya həlli və yerləşməsi ərazinin relyefi, demoqrafik tələbləri, sosial, məişət və sanitar xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.
Yaşayış binaları üzrə ümumi sayı 462 olmaqla birotaqlı 45, ikiotaqlı 126, üçotaqlı 180 və dördotaqlı 108 mənzil nəzərdə tutulub. Məhəllədə 1630 nəfərin yaşaması planlaşdırıb. Ərazidəki idman sağlamlıq mərkəzində müxtəlif idman növləri üzrə və üzgüçülük hovuzu ilə birlikdə iaşə obyektləri, inzibati və digər köməkçi sahələr yaradılacaq.
Dövlətimizin başçısı ticarət obyekti, açıq idman meydançası, uşaq əyləncə və istirahət sahələrinin yaradılması nəzərdə tutulan yaşayış məhəlləsinin təməlini qoyub.
Prezident İlham Əliyev həmin gün həmçinin son tamamlanma işləri aparılan idman kompleksi ilə tanış olub.
Quşlar təbiətə, balıqlar Həkəri çayına buraxılıb
30 il işğal altında qalan torpaqlarımızın zəngin flora və faunası ermənilər tərəfindən məhv edilmiş, nadir ağaclar kəsilərək bazarlara çıxarılmış, yeraltı və yürüstü sərvətlərimiz talan edilmişdir. Hazırda azad topraqlarımızda tək bərpa işləri həyata keçirilmir, həmçinin təbiətin də qayğısına qalınır. Flora və faunanın əvvəlki həddə çatdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Çünki Qarabağ və Şərqi Zəngəzur coğrafiyası, təbiəti ilə daha füsunkar, cazibədardır.
Dövlətimizin başçısı mayın 28-də Laçında səfərdə olarkən Laçın rayonunun ərazisində Şərqi Qafqaz turlarının və şahin quşlarının təbiətə, həmçinin işğaldan azad olunmuş ərazilərdə su ekosisteminin bərpası istiqamətində 32 mindən artıq çəki, qızılbalıq və qızılxallı forelin Həkəri çayına buraxılması mərasimində iştirak edib.
Məlumat verilib ki, Şərqi Qafqaz turları ölkəmizdə Böyük Qafqazın Cənub və Şərq yamaclarında daha geniş yayılıb. Əsasən dəniz səviyyəsindən 1000-3000 metr hündürlükdə yaşayan bu heyvanların sayı ölkəmizdə 7-8 min başdır. Şərqi Qafqaz turlarının fəallığı mövsümdən və yem bazasından asılı olaraq dəyişir. Vaxtilə bu heyvanlar Kiçik Qafqaz dağlarında yaşasalar da, sonradan həmin ərazidə nəsli tükənib.
Bildirilib ki, Laçın rayonu işğaldan azad olunduqdan sonra 2022-ci il sentyabrın 5-8-də rayon ərazisində monitorinq aparılıb. Monitorinq zamanı Laçın şəhəri ərazisində 10 müxtəlif yerdə ümumilikdə 13 hektar yaşıllıq sahəsinin, Laçın yolu adlandırılan ərazidə isə 448,8 hektar meşə sahəsinin yandırılması faktı müəyyən edilib. Yaşıllıq sahəsinin yandırılması nəticəsində müxtəlif növ 7135 ağacın, sıx örtülü meşə sahəsinin məhv edildiyi aşkarlanıb.
Dövlətimizin başçısına nadir və həssas növlərin artırılması və populyasiyalarının bərpası istiqamətində otuz ildən sonra ilk dəfə Qarabağda və Şərqi Zəngəzurda fauna və flora növlərinin tədqiqi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan “Qırmızı kitab”ın üçüncü nəşri ilə bağlı görülmüş işlər və perspektivlər barədə məlumat verildi.
Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə ötən dövrdə fauna növlərindən 33 baş ceyran öz tarixi areallarına qaytarılıb. Otuz ilə yaxın işğal dövründə ekoloji tarazlığın pozulması, regiona xas növlərin yaşama yerlərinin fraqmentləşməsi kimi mənfi halların aradan qaldırılması üçün təbii bərpa prosesinə dəstək tədbirləri davam etdiriləcək.
Laçına qələbə cığırı açanların ruhu şad olsun!
II Vətən müharibəsi tariximizin parlaq səhifələrini təşkil edir. Bu parlaqlığı çox məqamlar xarakterizə edir. Dövlət-xalq birliyi, həmrəylik, vətənpərvərlik, torpaq sevgisi, bayraq sevdası, ölümün üzünə dik baxmaq əzmi və sair. Lakin biz nəsil üçün daha önəmli olan bir məqam da var ki, 30 illik Qarabağ yaralarını sağaldan həkimlər məhz biz nəslin övladlarıdır. 30 ildə sağalmaq bilməyən, qanı süzən, qaysaq bağlamayan yaraları 30 il əvvəl o acı günlərin hər birinin canlı şahidi olanların övladları sarıdı. Bu yaraların üstünə öz qanlarını məlhəm edib çəkdilər. 30 ilin yaraları 44 gündə sağaldı. Bu yaraları sağaldanlar həm də torpaqlarımızın nisgildən kor olan gözlərinə məlhəm oldular. Torpaq canlandı, özünə gəldi, bayrağına, insanına, yurddaşına qovuşdu. Onların – o həkimlərin, o şəhidlərin hesabına. Qürur duyduğumuz, qarşılarında əbədiyyən baş əydiyimiz igid oğullarımızın hesabına geri alındı yurd yerlərimiz. Onlar öz gənc ömürlərini torpağın azadlığına, milli mənliyin xilasına, bir də ata-babalarının torpaq təşnəsinə qurban verib bizi torpaqlı, elli, yurdlu etdilər. Üzərimizdən qaçqınlığı, köçkünlüyü götürdülər. Və tarix durduqca Qarabağın şahinlərinə, yaraların təbibinə çevrildilər. Laçına da qələbə cığırlarını o igidlər açdılar. Ruhunuz şad olsun, Vətən oğulları!
Mətanət Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB