Rəsmi Bakı Fransanın Cənubi Qafqaza yaxın düşməsinə heç bir halda, imkan vermək niyyətində deyil - POLİTOLOQ DANIŞDI

“Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanda istənilən Beynəlxalq Səviyyəli tədbirin keçirilməsi özü-özlüyündə müsbət haldır. Çünki bu kimi tədbirlər Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Bu səviyyəli tədbirlərdə dövlət başçısının iştirakı isə həmin tədbirin əhəmiyyətini ikiqat artırır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, belə ki, bu və ya digər məsələyə rəsmi münasibətin birinci şəxsin dilindən elan olunması həm həmin məsələlərə baxışın qiymətləndirilməsinə imkan verir, həm də verilmiş mesajların çəkisini artırır:
”ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans da bu mənada olduqca yadda qalan oldu. Tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələrinin iştirak etməsi həm ölkəmizə olan marağın təzahürü, həm də müzakirə olunan məsələnin əhəmiyyətli olması ilə izah ediməlidir.
Məlum olduğu kimi tədbir zamanı Azərbaycanın regionda və qlobal nəqliyyat şəbəkəsində tutduğu strateji mövqe, ölkə üzərindən keçən beynəlxalq marşrutlar, o cümlədən Bakı Limanın regional əlaqələrin qurulmasında intensiv artan rolu haqqında ətraflı müzakirələr aparılıb. Həmçinin Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımaların genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Düşünürəm ki, bu tədbir iştirakçılara, Orta Dəhlizin qlobal səviyyədə artan nüfuzu və regionda əsas nəqliyyat marşrutu olması, dəhlizin qlobal səviyyədə iqtisadiyyatın və təhlükəsizliyin gücləndirilməsindəki rolu barədə əhəmiyyətli məlumatların öyrənilməsinə imkanlar yaratdı.
Təbii ki, görüşün xüsusi maraq kəsb edən hissəsi yuxarıda da qeyd etdiyim kimi prezident İlham Əliyevin çıxışı və ayrı-ayrı məsələlərə dair verilən sualların cavablandırılması oldu. Mən bununla bağlı bir neçə məqam üzərində xüsusi dayanmaq istərdim. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı məsələyə münasibət bildirərək qeyd etdi ki, əslində bu dəhliz hər kəsin marağında olmalıdır. Xüsusilə də indiki dönəmdə, yəni Rusiya-Ukrayna müharibəsi səbəbilə Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yollarının bağlandığı halda Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Prezident Zəngəzur dəhlizindən hər kəsin qazana biləcəyi mesajını da verdi və bildirdi ki, dəhlizin açılması İranla Ermənistan arasında dəmir yol əlaqəsinin qurulmasına, Ermənistanla Rusiya arasında birbaşa dəmir yolu xəttinin açılmasına, eləcə də nəticə etibarilə İranla Rusiya arasında dəmir yolunun olmasına imkanlar açacaq. Cənab Prezidentin bu açıqlaması iştirakçıların real mənzərəni görə bilməsi baxamından çox əhəmiyyətlidir. Həqiqətən də hər nə qədər bir-biri ilə yaxın münasibətdə olsalar da bu gün nə İranın Ermənistanla, nə də Ermənistanın Rusiya ilə birbaşa dəmir yolu xətləri yoxdur. Çünki İranla Ermənistan arasında olan sərhəddə dəmir yolu xətlərinin çəkilməsi milyardlarla vəsait tələb edir. İndiki halda isə nə Ermənistan nə də İran bu vəsaiti ayırmaq imkanında deyillər. Rusiya ilə Ermənistan arasında olan dəmir yolu xətti isə Abxaziyadan keçirdi və həmin yol Gürcüstan tərəfindən bağlandığı üçün indi Rusiya və Ermənistan arasında dəmir yol xətti mövcud deyil. Odur ki, Zəngəzur dəhlizi faktiki olaraq hər kəsin qazana biləcəyi bir dəhlizdir və dövlət başçısının da dediyi kimi bununla bağlı artıq Rusiya ilə müəyyən danışıqlar aparılır.
Burada önəmli məqam dəhlizlə bağlı məhz Rusiya ilə danışıqların aparılması ilə bağlıdır. Məlum olduğu kimi Ermənistan dəmir yolları bütünlüklə Rusiya dəmir yollarına tabe etdirilib və Ermənistanın həmin dəmir yolu üzərində elə bir hüququ yoxdur. Rusiyaya isə indi Zəngəzur dəhliz olduqca vacibdir və odur ki, Ermənistanın və ya İranın nə deməsindən asılı olmayaraq həmin dəhlizin işə düşməsi real görünür. Elə prezident də “Düşünmürəm ki, Ermənistan bu dəhlizin qarşısını almağa qadirdir” deyəndə məhz bunu nəzərdə tuturdu.
Dövlət başçısının konfransda səsləndirdiyi və üzərində xüsusi olaraq dayandığı digər bir məsələ də İran və orada yaşayan soydaşlarımızla bağlı oldu. Birincisi, Prezident İranın üç keçmiş prezidenti – Hatəmi, Əhmədinejad və Ruhaninin adını çəkərək mövcud İran-Azərbaycan münasibətlərinin pisləşməsində səbəbkar olaraq İranı göstərdi. Bu həqiqətən də belədir və görünn dağa bələdçi lazım deyl. Bu gün İran-Azərbaycan münasibətlərində baş verənlər birbaşa rəsmi Tehranın günahından baş verir. İkincisi, ölkə başçısı açıq şəkildə bildirdi ki: “Biz onlardan qorxmadığımızı nümayiş etdirmək üçün İranla sərhəddə hərbi təlimlərə başlamağa məcbur olduq”. Yəni rəsmi Bakı hərbi təlimləri keçirərək faktiki olaraq İranın Araz çayı boyunca keçirdiyi hərbi təlimlərə cavab verdiyini elan etdi. Və nəhayət üçüncüsü, cənab Prezident “biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların dünyəvi inkişaf vektorunu qorumaq üçün əlimizdən gələni edəcəyik. Onlar bizim xalqımızın bir parçasıdır” deyərək növbəti dəfə İranda yaşayan insanımızın yanında olduğunun mesajını vermis oldu.
Prezidentin bu sözləri həm də Azərbaycanın xarici siyasətində Cənubi Azərbaycan məsələsinə daha çox yer verəcəyinin elanıdır. Rəsmi Bakı faktiki olaraq cənubi azərbaycanlıların müdafiəsini üzərinə götürür.
Düşünürəm ki, cənab Prezidentin İranla bağlı verdiyi bəyanat kifayət qədər açıq və diplomatik gücü olan bir bəyanatdır. Uzun illərdir ki, bu cənub qonşumuz Azərbaycanın heysiyyatıyla oynayır. Güc nümayiş etdirir, sərhəddə təlimlər keçir, ayrı-ayrı dövlət xadimlərinin, ordu nümayəndələrinin diplomatik etiketə sığmayan bəyanatlarını eşidirik. İran İslam pərdəsi, İslam həmrəyliyi pərdəsi altında ölkəmizə, xalqımıza pislik etmək, ona arxadan zərbə vurmaq üçün daim fürsətlər axtarır. Ona görə də belə qonşuluq, belə münasibət, islam dəyərlərinə, islam qardaşlığına bu şəkildə münasibət heç bir çərçivəyə sığan deyil. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan Prezidentinin verdiyi bəyanat Tehranın yeritdiyi indiki siyasətin mahiyyətinə olduqca adekvatdır.
İran nəhayət anlamalıdır ki, Azərbaycanla hədə dilində danışmaq heç nəyi dəyişməyəcək. Azərbaycan İrana qonşu bir dövlət kimi hörmət edir. Amma eyni zamanda ondan da qarşılıqlı olaraq hörmət gözləyir. Düşünürəm ki, Tehran rejimi nəhayət ki, ağlını başına toplamalı və prezidentin ismarıclarından nəticə çıxarmalıdır.
Prezidentin Konfransda səsləndirdiyi digər vacib məsələ təbii ki, Avropa İttifaqı vasitəçiliyi ilə aparılan danışıqlar və Fransanın pozucu mövqeyi ilə bağlı oldu. Prezident bildirdi ki, Avropa İttifaqının vasitəçiliyi ilə dekabrın 7-ə təyin olunmuş Azərbaycan-Ermənistan liderlərinin görüşü baş tutmayacaq. Çünki, Paşinyan həmin görüşdə Fransa Prezdenti Makronun da iştirakını şərt olaraq irəli sürüb. Cənab Prezident açıq şəkildə bəyan etdi ki, Fransa birmənalı şəkildə ermənipərəst dövlət olduğundan Brüssel prosesinə qatılması mümkün deyil və Makronun məlum qərəzli açıqlamalarından sonra Fransa bir daha heç vaxt Cənubi Qafqazda sülh prosesinə qatıla bilməyəcək.
Həqiqətən də Brüssel görüşləri Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilir. Fransa prezidenti E.Makronun bu müzakirə formatına heç bir aidiyyatı yoxdur. Rəsmi Parisin bu prosesə müdaxiləsi Brüssel prosesində indiyə qədər əldə olunmuş müsbət nəticələri də böyük təhlükə altına ata bilər. Odur ki, rəsmi Bakı Fransanın Cənubi Qafqaza yaxın düşməsinə heç bir halda, imkan vermək niyyətində deyil”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə