İctimai və dövlət maraqlarının qorunması həyati əhəmiyyət kəsb edir – TƏHLİL
İctimai və dövlət maraqlarının qorunması ona görə cəmiyyətin başlıca məqsədlərindən biri hesab olunur ki, həmin maraqlar məhz demokratik cəmiyyətin, vətəndaşların kollektiv rifahının və eyni zamanda, dövlətin sabitliyinin, eləcə də təhlükəsizliyinin qorunması, müdafiə edilməsi üçün olduca önəmlidir. Hətta bütövlükdə cəmiyyət üçün ictimai və dövlət maraqlarının qorunması daha böyük, həyati əhəmiyyət kəsb etdiyi də təkzib edilə bilməz. Elə bu baxımdan da ölkəmizdə ictimai və dövlət maraqlarının qorunması, müdafiə edilməsi prioritet hesab edilir və təmin olunur.
Daha geniş və çoxşaxəli anlam kəsb edən ictimai və dövlət maraqları əlbəttə ki, çoxluğun maraqlarının üstün sayılmasıdır. Məhz həmin maraqların, ictimai və dövlət maraqlarının müdafiəsinin, eləcə də təbliğinin və qorunmasının hökumət və onun strukturları tərəfindən sığortalanması heç də təsadüfi deyil. Onu da nəzərdən qaçırmaq lazım deyil ki, ictimai maraqları, dövlət maraqlarını tənzimləyənin, müdafiə edənin, qoruyanın elə məhz dövlətin özü olması da əbəs yerə ola bilməz və heç də diqqətdən yayınmır. Hər bir cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün tutan ictimai maraqların təbliği olduqca önəmlidir. İctimai maraqlar dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malik olmaqla cəmiyyətlərdə daha geniş və çoxşaxəli anlam kəsb edir və fərdi maraq anlayışı ilə qətiyyən əlaqələndirilmir.
Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial, eləcə də digər tələbatların məcmusu dövlət maraqları, ictimai və milli maraqların təmin olunmasının əsasını təşkil edir. İctimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış yetkin bir cəmiyyət olduğu üçün Azərbaycan cəmiyyəti intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur. “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”, deyə bəyan edən cənab Prezident İlham Əliyevin bu fikirləri də təsdiq edir ki, ölkəmizdə ictimai və dövlət maraqlarının qorunması prioritet hesab olunur. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər gəlməyən, həm də ictimai maraqlar təmin edilən, ortaq maraqlar müəyyənləşdirilən, üst-üstə düşən ideal cəmiyyət formalaşıb.
Dövlətin suverenliyinin möhkəmlənməsi üçün milli dövlət maraqları ilə ümummilli maraqların üst-üstə düşməsi önəmli şərtdir və olduqca vacib məqamdır. Ölkəmizin suverenliyinin, müstəqilliyinin durmadan möhkəmlənməsi göründüyü kimi, heç də təsadüfi deyil və bilavasitə dövlət maraqları ilə ümummilli maraqların üst-üstə düşməsi ilə əlaqədardır. Bu gün cəsarətlə deyə bilərik ki, bizim ölkəmizdə dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti məhz Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasına əsaslanır. Çünki Ulu Öndərin irəli sürdüyü bu konsept məhz dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin olaraq özünü çoxdan təsdiq edib. Qeyd olunan konsept, azərbaycançılıq ideologiyası, milli və dövlət maraqlarının müdafiəsi, Ulu Öndərin müəllifi olduğu ideologiya onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərimiz dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdətinə xüsusi önəm verir, hökumətimiz bu məsələyə xüsusi diqqət ayırır. Bu diqqəti və dövlət başçımızın ictimai və dövlət maraqlarına xüsusi önəm verdiyini hər addımda görürük və duyuruq.
Hazırda dövlətimiz, dövlət başçımız üzərinə düşəni artıqlaması ilə edir və biz bunun hər bir istiqamətdə, hər bir addımda şahidiyik. Xüsusən də ölkə rəhbərimizin məhz bizim ictimai və dövlət maraqlarımızı necə müdafiə etdiyini dəfələrlə müşahidə etmişik və yenə də müşahidə etməkdəyik. İlk öncə onu diqqətə çatdırmaq yerinə düşərdi ki, istər torpaqlarımızın ermənilər tərəfindən işğal altında saxlanıldığı otuz ilə qədərki dövrdə, istər ərazilərimizin işğaldan azad olunması üçün aparılan 44 günlük müharibə dönəmində, istərsə də müharibədən, qələbə qazanmağımızdan sonrakı dönəmdə də ölkə rəhbərimizin ictimai və dövlət maraqlarımızı müdafiə etdiyini görməmək, bunu təkzib etmək mümkün deyil. Dünyanın bir çox ermənipərəst qüvvələri, təşkilatları və dövlətləri özlərinin kəskin aqressiv davranışları ilə Azərbaycana qarşı ədalətsiz mövqe sərgisələr də, rəsmi Bakıya qarşı nə qədər təzyiqlər etmiş olsalar da ölkə rəhbərimizin öz əzmi ilə, öz iradəsi ilə, öz vətənpərvərliyi ilə buna qarşı çıxdığını, ictimai və dövlət maraqlarımızı necə müdafiə etdiyini hər kəs gördü. Hər kəs gördü ki, Azərbaycan Prezidenti ən mötəbər beynəlxalq platformalarda da, hətta döyüş meydanında da milli maraqlarımızı, ictimai və dövlət maraqlarımızı hər şeydən üstün tutdu və yenə də üstün tutur. Azərbaycan məhz buna görə də qələbə, Zəfər qazandı və bu gün qalib ölkə, qalib xalq olmağımız səbəbindən hər birimiz fəxr edirik, qürur hissi keçiririk. Unutmuruq ki, bizim qələbələrimizi təmin edən məhz ictimai və dövlət maraqlarının müdafiəsidir, azərbaycançılıq ideologiyasına xüsusi önəm verilməsidir. Zəfər qazanmağımızın, düşmən üzərində qələbəmizin, vətən torpaqlarının işğaldan azad edilməsinin, suverenliyimizin, müstəqilliyimizin bütün Azərbaycan ərazisi boyunca təmin edilməsinin, bir sözlə, ən vacib, ən həyati məsələlərin özünün ədalətli həllini tapmasının məhz ictimai və dövlət maraqlarının təmin edilməsi ilə reallaşdığını öz gözlərimizlə gördük. Belə bir bir nəticə hasil olur ki, deməli, ictimai və dövlət maraqlarının qorunması həyati əhəmiyyət kəsb edir.
Bir halda ki, ictimai və dövlət maraqlarının qorunması həyati əhəmiyyət kəsb edir və dövlətimiz də, dövlət başçımız da öz üzərinə düşəni artıqlaması ilə yerinə yetirir, deməli, bizim hər birimiz də bir fərd, bir vətəndaş olaraq üzərimizə düşəni layiqincə yerinə yetirməliyik. Hər bir Azərbaycan vətəndaşı ilk növbədə ictimai və dövlət maraqlarının qorunması üçün əlindən gələni əsirgəməməlidir. Dövlətimiz, ölkə rəhbərimiz, eləcə də vətəndaşlarımızın hər biri öz üzərini düşəni yerinə yetirdiyi təqdirdə bizi daim qələbələr gözlədiyinə, inkişafa, tərəqqiyə nail olacağımıza zərrə qədər də şübhəmiz yoxdur. Təbii ki, məhz həmin qələbələrin, zəfərlərin, inkişafın, tərəqqinin davamlı olması üçün, suverenliyimizin, müstəqilliyimizin daha da möhkəm olması naminə vətəndaşlarımız, Azərbaycan vətəndaşları daim dövlətin yanında olmalı, dövlətimiz siyasətini dəstəkləməlidirlər. Vətəndaşlar normalara, ələlxüsus da ictimai mənafeyə zərər vuracaq addımlar atmamalıdırlar və ictimaiyyət bu məsələlərə həssas yanaşmalıdır. Dövlət ictimai asayişi təmin etdiyi və maraqlarımızı qoruduğu kimi, vətəndaşlar da vətənə bağlılıqlarını itirməməlidirlər. Azərbaycanda yaşayan vətəndaşlarımızla yanaşı, xaricdə yaşayan həmvətənlərimiz belə vətənimzlə əlaqədar bağlara sahib çıxmalı, Azərbaycan həqiqətlərinin dünyaya, dünya ictimaiyyətinə çatdırılmasında səy və bacarıqlarını əsirgəməməlidirlər. Həmvətənlərimiz öz övladlarını vətənə bağlılıq tərbiyəsində böyütməlidirlər ki, ermənilərin, hayların timsalında üzərimizə gəlmək istəyən yağıların əməllərini ifşa edəcək, özlərini də məğlub edəcək ruhda yetişsinlər. Deməli, hər birimiz bilməliyik ki, ictimai və dövlət maraqlarının qorunması kontekstində kimliyindən, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir vətəndaşımızın üzərinə böyük məsuliyyət düşür. Çünki həqiqətən də əmin olduq ki, məhz ictimai və dövlət maraqlarının qorunması ilə bağlı həmin məsuliyyət bizi qələbələrə, zəfərlərə aparır. Deməli, həqiqətən də ictimai və dövlət maraqlarının qorunması həyati əhəmiyyət kəsb edir və həssas yanaşılması gərəkir.
Müəllif: İnam Hacıyev
6.3.4. “İctimai və dövlət maraqlarının müdafiəsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə