Ekologiyanın və ətraf mühitin mühafizəsi diqqət mərkəzindədir - TƏHLİL
Ekologiyanın və ətraf mühitin mühafizəsinin bütün bəşəriyyətin diqqət mərkəzində olması, ekoloji təhlükəsizliyin təmin olunması diqqət mərkəzində olmalıdır. Ekoloji tarazlığın qorunması məqsədi ilə isə ətraf mühit davamlı şəkildə mühafizə edilməli, çirklənməsinin qarşısı alınmalı, ən azından ətraf aləmin çirklənməsi minimuma endirilməlidir.
Nəzərə alsaq ki, insan cəmiyyəti inkişaf etdikcə təbii sərvətlərin istismarı da, onların tullantıları da artır, deməli, məhz bu baxımdan da təbii ehtiyatlardan rasional istifadə ümumbəşəri məsələyə çevrilməlidir və çevrilir də. Su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi, ekoloji tarazlığın qorunub saxlanması öz aktuallığını qorumaqdadır. Məhz bu aktuallıq fonunda da ekologiya, ətraf mühitin mühafizəsi, eləcə də ekoloji tarazlıqla bağlı ortaya çıxan problemlər bütövlükdə dünya ictimaiyyətini narahat etməkdədir və hər zaman olduğu kimi, yenə də diqqət mərkəzindədir.
Ətraf mühitlə bağlı məsələlər insanları düşündürməyə bilməz, çünki insanların sayı artdıqca, cəmiyyət inkişaf etdikcə, buna müvafiq olaraq, istehsal da, istehlak da artır. Deməli, bu proseslərin fonunda hətta texniki vasitələrin sayı da çoxalır, təbii ehtiyatlardan istifadə də artır və bu da bərpası mümkün olmayan təbii ehtiyatların gələcəkdə tükənəcəyi anlamına gəlir. Məhz buna görə də ətraf mühit, ələlxüsus onun mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə daim insanları düşündürür. Ona görə düşündürür ki, əvvəla təbii ehtiyatların gələcək nəsillərə də qorunub saxlanılması gərəkir, digər tərəfdən də həmin təbii ehtiyatlardan istifadə zamanı ekoloji tarazlığı pozmaq, tullantılara yol vermək, təbiəti çirkləndirmək nəticə etibarı ilə insan cəmiyyətinin özü üçün nəinki arzuolunmazdır, hətta böyük fəlakətlərə səbəb olacaq amillər sayılır. Bu səbəbdən də ətraf mühitin, ekologiyanın mühafizəsi ilə bağlı ayrı-ayrı dövlətlərin öz strategiyaları var və məqsəd də bizi əhatə edən aləmi mühafizə etmək, qorumaqdır ki, bu məsələdə bütün bəşəriyyətin amalı eynidir.
Müstəqilliyimiz yenidən bərpa edildikdən, eləcə də xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin, təbiətin, ekoloji vəziyyətin yaxşılaşdırılması, sağlamlaşdırılması istiqamətində tədbirlər görülməyə başlanıldı. Ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində ardıcıl işlərin aparılması prioritet məsələyə çevrildi, paytaxtın, eləcə də rayonların yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi. Yeni dövr üçün ekoloji strategiya məhz ekoloji siyasətə dair imzalanan “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası” əsasında müəyyənləşdirildi. Bunun ardınca da, əvvəlcə 1998-ci ildə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edildi, sonra 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qanun təsdiqləndi və 2000-ci ildə isə “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” daha iki qanun qəbul olundu. Ekoloji problemlərin həllinin dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdən olduğu 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə öz təsdiqini tapdı.
Hal-hazırda da ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi dövlətimizin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir, prioritet hesab olunur və Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev bütün sahələr kimi, ekologiya və ətraf mühitin mühafizəsinə də ciddi şəkildə diqqət və qayğı göstərir. Məhz ölkə başçısının rəhbərliyi ilə təbiətin, ətraf mühitin qorunması istiqamətində əməli addımlar atılır. Ekologiyaya, təbiətin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, məhz cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində təbiətin qorunması istiqamətində praktiki və əməli addımlar atılıb. Ölkə başçısının 2006-cı il 28 sentyabr tarixli sərəncamı ilə, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq edilib ki, öz nəticəsini artıq göstərir və artıq ekoloji tarazlığın bərpası istiqamətində mühüm nəticələr əldə olunub. Ölkə rəhbərinin ekologiya və ətraf mühitin mühafizəsinə ayırdığı diqqət göz önündədir. Xüsusilə, 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması cənab Prezidentin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyini göstərir.
Sözsüz ki, ekolguyanın qorunması, ətraf mühitin mühafizəsi təkcə dövlətin, dövlət başçısının, dövlət orqanlarının deyil, eyni zamanda cəmiyyətin də maraq dairəsində olmalıdır. Çünki insanlar bilməlidirlər və bilirlər ki, təbiətin, ətraf mühitin qorunmaması, onun çirklənməsi nəticə etibarı ilə ekoloji problemlərə, ekoloji tarazlığın pozulmasına gətirib çıxara bilər və bu da bütövlükdə insan cəmiyyəti üçün təhlükəli vəziyyətin yaranması deməkdir. Qlobal istiləşmə, təbiətdə su ehtiyatlarının tükənməsi və digər məsələlər məhz ekoloji tarazlıqla bağlı olan məsələlərdir və bu baxımdan insan cəmiyyəti bunun qarşısını almaq üçün əlindən gələni əsirgəməməlidir. Sevindirici haldır ki, ümumilikdə cəmiyyətimiz bu məsələyə də çox ciddi yanaşır və təbiətin, ekologiyanın qorunmasına, təbiətin mühafizəsinə qətiyyən laqeyid deyil. Elə ekoaktivistlərin dinc aksiya keçirmələri də bu baxımdan təsadüfi deyildi, ekologiyanın çirklənməsinə qarşı Azərbaycan cəmiyyətinin haqq səsini ucaltması idi. Cəmiyyətimiz digər sərvətlərimizi talan edən, yerini də viranə qoyan ermənilərin filiz yataqlarımızda da analoji vəziyyətə səbəb olan əməllərinə qarşı çıxmaqla, ətraf mühitin qorunmasının bizim üçün nə dərəcədə dəyərli olduğunu bir daha bəyan etdi ki, bu, hər kəs üçün bir dərs sayılır. Hamı əmin oldu ki, ekologiyanın və ətraf mühitin mühafizəsi ölkəmizdə diqqət mərkəzindədir...
Müəllif: İnam Hacıyev
6.3.17. “Ekologiya və ətraf mühitin mühafizəsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə