"Şəxsiyyətin önəmi sahib olduğumuz mədəniyyətin dini dəyərlər üzərində formalaşmasından irəli gəlir. Peyğəmbərli dinlər lidermərkəzli, şəxsiyyətmərkəzli dinlər olduqlarından, bu dinlərə tapınan cəmiyyətlərin ictimai düşüncəsi də şəxsiyyətmərkəzlidir. Məsələn, siz Quranı tənqid edə bilərsiniz, amma Məhəmməd Peyğəmbərin şəxsiyyətinə toxuna bilməzsiniz". Bu sözləri SİA-ya verdiyi açıqlamada şair, yazıçı, publisist Aqşin Yenisey deyib.
Yazar qeyd edib ki, renessansdan sonra xristianlıq bundan imtina etdi. Şəxsiyyətin yerinə cəmiyyəti qoydu: "İkinci Dünya müharibəsindən sonra isə Qərbdə nəinki lidermərkəzli cəmiyyət, kişimərkəzli klassik ailə modeli belə cəmiyyətə təhlükə kimi göstərildi. Ortacinsli cəmiyyəti təbliğ edən cürbəcür humanitar təşkilatlar yaradıldı. Ədəbiyyatda isə bu proses Rollan Bartın “müəllifin ölümü” anlayışı ilə öz təsdiqini tapdı.
“Müəllifin ölümü” anlayışından əvvəl Qərbdə də şəxsiyyət əsərdən önəmli idi. Məsələn, Pikassonun məşhur bir sözü var idi: “Önəmli olan müəllifin nə etdiyi deyil, nə olduğudur”. Yəni Pikassoya görə, oxucunu, tamaşaçını sehrləyən əsərin özü deyil, o əsərin müəllifinin kimliyidir.
Qərbdə şəxsiyyəti aşındıran bu proseslərin heç biri baş vermədi, indi-indi bizə də gəlib çıxır və cəmiyyətin sərt müqaviməti ilə qarşılaşır. Şəxsiyyəti cəmiyyətlə əvəz etməyin müsbət yönləri olduğu kimi, mənfi yönləri də var. Qərb şəxsiyyəti cəmiyyətlə əvəz edəndə dünya gücü idi. Eyni modeli olduğu kimi götürüb, məsələn, yeni qurulan və yeni-yeni özündə güc tapan Azərbaycan cəmiyyətinə tətbiq etməklə onu tamamilə məhv etmək olar.
Yaradıcı adamların qeybətinə gəlincə, bu, rəqabətin təzahürüdür və faydalıdır. Diogen Platonun dalınca danışırdı, Mokelancelo Da Vinçini söyürdü, Nitsşe Sokratın qabırğasına döşəyirdi və s".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə