“Ermənistan mətbuatı xüsusən, teleqram kanalları bir neçə gündür ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovun əvəzlənəcəyi ilə bağlı məlumatlar yayıb”. Bunu SİA-ya açıqlamasında Politoloq Anar Əliyev deyib.
A.Əliyev vurğulayıb ki, bu istiqamətdə hələlik dəqiq və konkret qərar yoxdur, bu kimi məsələləri daha çox Ermənistan mətbuatı təbliğat alətinə çevirir: “Bu mənada məsələyə münasibət bildirmək üçün bu informasiyanın dəqiqləşməyini gözləmək lazımdır. Ermənistan mətbuatının yazdığına görə, Rüstəm Muradovu sülhməramlı qüvvələrin rəhbərliyi vəzifəsindən azad edəcəklər və Rusiyanın Cənub hərbi dairəsinin komandan müavini General leytinat Aleksey Avdeyev onu əvəzləyəcək.
Onu qeyd edim ki, Rüstəm Muradov özünü kifayət qədər ermənipərəst "sülhməramlı" kimi tanıdıb. Xüsusilə də generalın Vitali Balasanyan və Araik Arutunyanla şəxsi münasibətləri onun bir daha ermənipərəst olduğunu göstərir. Hətta bəzi qeyri-rəsmi məlumatlara görə, Balasanyan və Arutunyanın Qarabağda qurduqları biznes sektorunda Rüstəm Muradovun da müəyyən dərəcə iştirak etməsi də gedən söhbətlər arasındadır. Qeyd olunur ki, bu bizneslərdə Rüstəm Muradovda iştirakı mümkün haldır. Baxmayaraq ki, Rüstəm Muradov dağıstanlı və müsəlmandır, lakin bu amil heç bir halda onların birgə fəaliyyətinə təsir göstərməyib. Rüstəm Muradov rus genaralıdır və Rusiya dövlətinin siyasətini regionda həyata keçirməyə çalışır. Şəxsi yanaşmalarından daha çox ermənipərəst bir general kimi yaddaşlarda qalıb.
Alexsey Avdeyev isə Özbəkistanda Daşkənddə anadan olub və millətcə rusdur və Rusiya generalıdır. Hesab edirəm ki, kimin komandan təyin olunması sülhməramlı qüvvələrin regionda fəaliyyətinə heç bir ciddi təsir etməyəcəkdir. Yəni, şəxslərin rolu demək olar ki, təsirsizdir. Burada vacib məsələ Rüstəm Muradovun dəyişdirilməsi deyil, sülhməramlı qüvvələrin statusu və fəaliyyət çərçivələri ilə bağlı hələ də Rusiya və Azərbaycan arasında heç bir qarşılıqlı razılaşmanın olmamasıdır. Bu hallardan istifadə edən Qarabağdakı rus sülhməramlıları fəaliyyət çərçivələrini və missiyalarının mahiyyətini aşaraq başqa istiqamətdə addımlar atırlar. Xüsüsilə vurğulamalıyam ki, Laçın dəhlizinə nəzarət edən sülhməramlı qüvvələrin nəzarət mexanizmində kifayət qədər effektivsizdir. Həmin ərazilərdən Qarabağ bölgəsinə silahlı qüvvələr və qadağan olunmuş yüklərin daxil olması ilə bağlı məlumatlar daxil olur.
Sülhməramlı qüvvələrin iki cəmiyyət - erməni və azərbaycanlılar arasında ünsiyyətin qurulması istiqamətində fəaliyyətləri hələ də özünü doğrultmayıb. Təbii ki, sülhməramlı qüvvələrin fəaliyyəti müəyyən istiqamətlərdə özünü doğruldur, xüsusilə atəşkəsin əldə olunması və 10 noyabr bəyanatı imzalandıqdan sonra bölgədə diversiya-terror hərəkətlərinin demək olar ki, qarşısının alınması istiqamətində müəyyən irəliləyişlərə nail olublar. Amma, ümumilikdə sülhməramlı qüvvələr öz fəaliyyət çərçivələrini və hədlərini kifayət qədər aşırlar.
Hesab edirəm ki, sülhməramlı qüvvlərin komandanı kim olmasından aslı olmayaraq, daha çox Rusiyanın maraqlarının həyata keçirən bir şəxs kimi eyni formatda və istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər. Azərbaycan dövləti və cəmiyyəti daha çox sülhməramlı qüvvələrin fəaliyyət çərçivələrinin və səlahiyyətlərinin müəyyənləşməsində fəallığını artıracaq. Bunun üçün qarşılıqlı razılaşma əsasında müqavilə hazırlanmalı və bu müqavilənin imzalanmasına nail olmalıyıq.
Hazırki dövr ərzində 10 noyabr bəyanatından sonra sülhməramlı qüvvələrin Qarabağdakı fəaliyyəti daha çox ermənipərəst mövqedən qiymətləndirildiyi üçün ermənilər tərəfindən sülhməramlı qüvvələrin fəaliyyəti müsbət , Azərbaycan cəmiyyətində isə əksinə, mənfi və narazılıqla qarşılanıb. Fikrimcə, rəhbər gələcək şəxs bu məsələni diqqətdə saxlamalıdır ki, Qarabağ Rusiya prezidenti Vladimir Putinin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazisidir və sülhməramlı qüvvələr bizim torpaqlarda fəaliyyət göstərirlər. Bu baxımdan onlar daha çox Azərbaycan dövlətinin onların fəaliyyətindən razı qalması istiqamətində fəaliyyət göstərməyə çalışmalıdırlar. Eyni zamanda, sülhməramlılar fəaliyyətlərini Azərbaycanın müvafiq dövlət qurumları ilə daha çox koordinasiya olunmuş şəkildə həyata keçirməlidirlər, Ermənistanının Müdafiə Nazirliyi və separatçı qüvvələrlə yox”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB