Heybətalı Məmmədovun həyat hekayəsi

Şəhidlik ən uca zirvə, torpaq uğrunda can fəda etməkdir. O torpaq ki, sənə oğul deyir. Vətən, torpaq kimi müqəddəs məfhumlar qarşısında hər kəsin borcu boya-başa çatdığı doğma yurdu qorumaqdır. Müqəddəs "Qurani-Kərim"də də buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Əlbəttə ki, vətənə olan müqəddəs hissdir ki, torpaq igid oğullarımızı qoynuna şəhid kimi alır.

Son dövr tariximizə nəzər salsaq görərik ki, minlərlə Azərbaycan övladı qanı ilə bu torpağı suvararaq şəhidlik zirvəsinə yüksəlib. İstər Birinci Qarabağ, istərsə də İkinci Vətən müharibəsində minlərlə igidlər, ərənlər öz qanları ilə torpağımızı suvardılar. Onların hər birinin qəlbimizdə möhtəşəm abidəsi ucalır. Bir ailənin ocağından çıxan oğullar xalqımızın övladına çevrildilər. Hər birinin döyüş yolu bir dastana çevrilib. Bu gün onlardan biri haqqında söz açacağıq. Birinci Qarabağ müharibəsi savaşında şəhid olan Məmmədov Heybətalı Dostali oğlu. Qısa bir ömür yolunda böyük bir ömür yaşayan, əbədiyyətə qovuşan Şəhidimiz. Keçdiyi yol şərəfli və qürurvericidir. 1972-ci il fevralın 23-də Şamaxı rayonunun Qaradüzlü kəndində anadan olub. Ailənin sonbeşiyi olub Heybətalı.

Tale elə gətirir ki, Heybətalı ailəsi ilə birlikdə Abşeron rayonun Güzdək qəsəbəsinə köçür. Uşaqlıqdan, yeniyetməlik çağından canına, qanına vətənpərvərlik, vətən sevgisi kimi ali hisslər hopmuşdu. Heç şübhəsiz ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır.

1990-cı ildə yaşıdları kimi, hərbi xidmətə çağrılır. Sovet İttifaqının süqutuna az qalmışdı. O, Rusiyanın Saratov şəhərində hərbi xidmətə başlayır. Bu o illər idi ki, artıq ictimai-siyasi vəziyyət gərgin idi. Qarabağda erməni seperatçılar baş qaldırmışdı. Vətənin harayına, səsinə səs verir. Belə bir vəziyyətdə Azərbaycana qayıdan Heybətalı vətən torpaqlarının müdafiəsinə qoşulur. Döyüşün ən qaynar nöqtəsində ermənilərlə üz-üzə dayanaraq Ağdam, Füzuli istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşur. 1994-cü ilin yanvarında Horadizin və daha 21 kəndin erməni işğalçılarından təmizlənməsində qəhrəmanlıq göstərir. Buna görə, komandanlığın "Təşəkkürnaməsi"nə layiq görülür. Erməniyə Azərbaycan oğlunun, döyüşçüsünün gücünü göstərir. O, döyüş meydanında igidcəsinə şəhid olur.

1994-cü ilin 23 fevralında anadan olduğu tarixdə düşmən tərəfindən snayperlə vurulur və 22 yaşında ikən ən uca zirvəyə - şəhidlik zirvəsinə yüksəlir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında şəhid olan Məmmədov Heybətalı Dostalı oğlunun həyatı bu gün gənclərə nümunədir. Ərənlik, qəhrəmanlıq nümunəsi. Artıq şəhidlərimizin ruhu bu gün vətən torpağının səmasında azad dolanır. Tökülən qanlar yerdə qalmadı. Heybətalı kimi oğulların davamçıları erməniyə dərs verdilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz bir-birinin ardınca düşmənə ağır zərbələr vuraraq təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız işğalçılardan azad olundu. Qisas qiyamətə qalmadı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan ordusunun gücü ilə bu gün torpaqlarımız azad nəfəs alır.

Vətənin şəhid oğlu Heybətalı Məmmədov haqqında mətbuatda soxsaylı məqalələr yazılıb. "Gecənin rəngi" romanında da onun əsas qəhrəmanlarda biri kimi ermənilərin məhv edilməsində böyük şücaət göstərməsi öz əksini tapıb. Xalqın adını uca tutan Heybətalı Məmmədov kimi şəhidlərimizin hər birinin bir həyat hekayəsi var. Qısa bir ömrün hekayəsi. Adının qarşısına baş əyirik bizim QƏHRƏMAN ŞƏHİDİMİZ. Allah sənə və bütün şəhidlərimizə rəhmət eləsin!

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə